Əsas Səhifə / Gündəm / Media

Həbsdəki jurnalistin həyat yoldaşı: "Qızım deyir ki, ana, biz indi ataya yemək apara bilməyəcəyik?"

30-12-2020, 11:21

"Bəs ata necə edəcək? Axı ata yemək hazırlaya bilmir. Ana, danış əmilərlə. De ki, görüşə icazə verməsinlər, mən dözəcəyəm. Sovqata icazə versinlər, ata ac qalacaq, atamın qanı düşəcək", - bu sözləri həbs olunan jurnalist Polad Aslanovun qızı Fatimə Aslanova anasına deyib.

Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova sərt karantin rejmində məhbus ailələrinin çətinliyinin iki qat artdığını deyir: "Təkcə böyüklər yox, məhbus övladları da düşünür ki, atalarına sovqat aparmaq baş tutmayacaq. Mən Fatimə yaşda olanda oyuncaqla oynayırdım. 7 yaşlı Fatimə isə düşünür ki, atası orada ac qalacaq..."

G. Aslanova deyir ki, ölkədə müraciət etmədiyi adiyyatı qurum qalmayıb: "Hansı orqana rəsmi müraciət yazdımsa, Dövlət Təhlükəsizlik Xidmətinə göndərdilər ki, araşdırsınlar. Ölkə başçısına və xanımına yazdığım məktublarıma isə ümumiyyətlə cavab gəlmədi".

Həbsdə olan jurnalistin həyat yoldaşı sual edir: "Necə olur ki, tanınmış Beynəlxalq təşkilatlar, "Sərhədsiz Repartyorlar", ABŞ Dövlət Departamenti Polad Aslanovun şərlənərək həbs olduğunu bilir, yazır, Azərbaycan hökümətindən azad edilməsini tələb edir, amma ölkə başçısı İlham Əliyevin Polad Aslanovun şərlənərək həbs olunduğundan xəbəri olmur"?

Gülmirə Aslanova deyir ki, Bakı Ağır Cinayətlər məhkəməsinin hökmündən apelliyasiya şikayəti verilib: "Dəyişən heç nə olmasa, Avropa Məhkəməsinə müraciət edəcəyik. Şübhəsiz, Avropa Məhkəməsi ədalətli qərar verəcək və biz qalib gələcəyik. Nə qədər gec deyil, vətəndaş olaraq ölkə başçısı İlham Əliyevdən tələb edirəm ki, yumruğunu ədalətsiz hakimlərin" başına vursun" və bu haqsızlığa son qoysun. Qalib ölkənin ədalətsiz qərarlarının Avropa Məhkəməsində sayı "pik" həddədir. Azərbaycan əsgərinin, Azərbaycan Ordusunun qalib etdiyi ölkəni dünyada biabır edən ədalətsiz hakimlər barəsində tədbir görülməsini tələb edirəm",- deyə G. Aslanova vurğulayıb.

Noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Polad Aslanova 16 il hökm oxunub.

O, son sözündə bildirib ki, həbsi jurnalist fəaliyyəti ilə bağlıdır və məmurların korrupsiya əməlini ortaya çıxartdığı üçün cəzalandırılıb. 

"Xeberman.com” saytının baş redaktoru və təsisçisi Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb. 

İyunun 13-dә DTX tərəfindən yayılan mәlumatda deyilirdi ki, P.Aslanov xarici ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, məxfi əməkdaşlığa cəlb edilib.

Baş redaktor rəsmi ittihamla razılaşmır, o, DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılar dərc etdiyinə görə həbs edildiyini bildirir.

Beynəlxalq təşkilatlar onun həbsini pisləyib və Polad Aslanovu azad etməyə çağırıblar. 

Noyabrın 15-də ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək məsələri üzrə Bürosu Polad Aslanov da daxil olmaqla Azərbaycanda həbsdə olan jurnalistlərin azad olunmasına çağırış edib.

TOPLUM TV

Administratorla əlaqə

077 611-55-22

[email protected]