Əsas Səhifə / Gündəm / Media
Polad Aslanovun işi üzrə prosesdə şahidlər dindiriliblər
14-08-2020, 15:36
Turan: Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan sayt redaktoru Polad Aslanovun işi üzrə proses davam edib. Prosesə Faiq Qəniyev sədrlik edib.
P.Aslanovun xanımı Gülmirə Aslanova bildirib ki, jurnalist Arifə Əliyevanın ifadəsi dinlənilib.
“Poladın və vəkil Elçin Sadıqovun suallarını cavablandıran şahid istintaqda söylədiklərinin əksinə olan şeylər söyləyib. Hakim onun əvvəlki ifadələrini səsləndirdikdən sonra onları təsdiq edib”, - G. Aslanova qeyd edib.
Digər şahid, “Canub Press” saytının əməkdaşı Mirələm Həşimov bildirib ki, onun ibtidai istintaqa verdiyi ifadə təhrif edilib.
M.Həşimov deyib ki, İrana birgə səfər zamanı P.Aslanovun bir neçə dəfə iranlılarla təkbətək görüşünü gördüyünü bildirməyib..
“Şahid deyib ki, səfər zamanı mehmanxanada İnternet olmayıb və Polad hər kəsin yanında iranlılardan birinə yaxınlaşdı və soruşdu ki, İnternetə qoşulmaq mümkündürmü?”,- G.Aslanova davam edib.
Daha bir şahid Elşad Barat deyib ki, əvvəllər Polad Aslanovla tanış olmayıb.
“Bu şahid niyə istintaqa çağırıldığını anlamadı. O düşünürdü ki, İrana müalicəyə getdiyi üçün onu dindirməyə çağırıblar. Bu şahid dedi ki, istintaq materiallarında onun adından yazılan sözlər onun özünə aid deyil. O deyib ki, yalnız bu günlərdə bilib ki, onu Polad Aslanovun işi üzrə dindiriblər”,- G.Aslanova bildirib.
Növbəti məhkəmə iclası avqustun 20-də keçiriləcək.
* Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb və CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə 4 ay müddətinə həbs edilib. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də həbs müddəti daha 4 ay uzadılıb.O, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq üçün digər jurnalistləri cəlb etməkdə ittiham olunur.
Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq Polad Aslanovu siyasi məhbus kimi tanıyıb.