Əsas Səhifə / Gündəm / Media

Polad Aslanovun işi üzrə prosesdə şahidlər ifadələrinin təhrif edildiyini bildiriblər - VİDEO

21-08-2020, 18:52

 Turan: Avqustun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrliyi ilə xeberman.com saytının redaktoru Polad Aslanovun işi üzrə proses davam etdirilib.İclasdan sonra onun həyat yoldaşı Gülmira Aslanovanın verdiyi məlumata görə, prosesdə iki şahidin ifadəsi dinlənilib. Jurnalist Kənan Rövşənoğlu deyib ki, 2018-ci ilin fevralında Aslanovla birlikdə İslam İnqilabının 39-cu ildönümü ilə əlaqədar tədbirdə iştirak üçün İrana dəvət ediliblər.

Onları İranın Maarifləndirmə Nazirliyinin (mətbuat orqanlarını idarə edən orqan) nümayəndəsi Həmid Nəsir qarşılayıb və müşaiyət edib. Şahid bildirib ki, səfər zamanı, o cümlədən qatarla Məşhədə səyahət edərkən Aslanov Nəsirlə təkbətək qalmayıb.
Rövşənoğlu deyib ki, onlar Aslanovla birlikdə reportajlar və fotomateriallar hazırlayırdılar. O, ibtidai istintaqa verdiyi ifadənin təhrif edildiyini qeyd edib. Xüsusən, o, Polad Aslanovun guya qatarda Həmid Nəsirin kupesinə getdiyini və onların orada nə isə danışdığını deməyib.
Vəkillərin Aslanovu dövlətə xəyanətdə şübhəli bilməyə əsas verən hər hansı məlumatının olub-olmaması barədə sualına cavabda Rövşənoğlu belə bir məlumatının olmadığını bildirib.
Daha sonra prosesdə 2019-cu ildə hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Mirkənan Seyidov dinlənilib.
Seyidov bildirib ki, Mətbuat Şurasının Əsəd adlı əməkdaşı ona zəng edib və bu qurumun rəhbəri Əflatun Amaşovun Polad Aslanova MTN əməkdaşlarının ziyarətçilərin daşınmasına görə turizm firmalarından rüşvət tələb etməsi haqqında nəşri silmək təklifini çatdırmağını xahiş edib. Bunun müqabilində P.Aslanovun saytına maddi dəstək vəd edilirdi.
Şahid bildirib ki, Amaşovun təklifini Aslanova çatdırıb, amma o, bu təklifi qəbul etməyib və nəşri silməyib.
Seyidov istintaqa verdiyi ifadəni qismən təsdiq edib. Hakim istintaqa verdiyi ifadəsini ona xatırlatdıqda Seyidov deyib ki, o, yalnız A-4 formatında bir səhifə imzalayıb, işdə isə 3 səhifə var.
Seyidov həmçinin bildirib ki, Aslanovun həyat yoldaşının onun ünvanına yazdığı posta qəzəblənərək, Aslanova qarşı ifadə verib.
* Polad Aslanov 12 iyun 2019-cu il tarixində saxlanılıb və CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 ay müddətinə həbs edilib. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də həbs müddəti 4 ay uzadılıb. O, digər jurnalistləri İranın xüsusi xidmətləri ilə əməkdaşlığa cəlb etməkdə ittiham olunur.
“Siyasi Məhbuslara Azadlıq” İttifaqı Polad Aslanovu siyasi məhbus kimi tanıyıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]