Gündəm

İlqar Məmmədov gələn həftə azad oluna bilər

12-11-2016, 22:46

Gözlər noyabrın 18-də Ali Məhkəməyə dikiləcək; Yeni ildə əfv olacağı xəbərləri artır.

Gələn həftə REAL sədri İlqar Məmmədov üçün kritik həftədir. Noyabrın 18-də Ali Məhkəmədə vicdan məhbusunun kasasiya şikayətinə baxılacaq. Şikayət bu ilin aprelində Şəki Apelyasiya Məhkəməsinin onun barəsində verdiyi qərarla bağlıdır.

REAL sədrinin azadlığa çıxacağına bu dəfə ümidlər yüksəkdir. Buna da ilk növbədə səbəb bu ilin əvvəllərindən başlayaraq, Ali Məhkəmənin «ədalətli femida» rolunda çıxış etməsi və Qərbin diqqətində olan bir sıra tanınmış siyasi məhbusları ya azadlığa buraxmasıdır, ya da onların barəsində cəzanı azaltmasıdır.

Təsadüfi deyil ki, bu ali instansiya qurumu mart-may aylarında üç vicdan məhbusundan ikisinə- hüquq müdafiəçisi İntiqam Əliyev və araşdırmaçı jurnalist Xədicə İsmayıla azadlıq bəxş edib, Müsavat başqanının müavini Fərəc Kərimlinin isə həbs müddətini azaldıb və bunun nəticəsində o da ötən ay amnistiya ilə azadlığa çıxıb.

Bu amillər İ.Məmmədovun işində ümidli olmağa «yaşıl işıq» yandırır. Eyni zamanda REAL sədri barəsində beynəlxalq qurumların da Azərbaycan hakimiyyətinə təzyiqləri son aylarda intensivləşib. Belə ki, vicdan məhbusunun daha bir işi üzrə Avropa Məhkəməsi ötən ay kommunikasiya mərhələsinə başlayıb. Bundan əlavə, REAL sədrinin verilən 7 illik cəzanın yarısından çoxunu geridə qoyduğunu düşünsək, bu amil də onun azadlığa gedən yolunu böyük ölçüdə açır.

REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova «Yeni Müsavat»a açıqlamasında 18 noyabr məhkəməsi ilə bağlı bunları dedi: «İlqarın vəziyyəti yaxşıdır. Telefonla danışmışıq. Elə bir yenilik yoxdur. Noyabrın 18-ni gözləyirik. Məhkəməyə qədər görüş olmayacaq. Amma telefonla danışacağıq. Bizim məhkəmələrin qərarını bilmək olmur. Nə olacaqsa, ayın 18-də görəcəyik. Ümid hər zaman var. Hər kəs görüb ki, indiyə qədər İlqara qarşı münasibət tamam fərqli idi. İndi o münasibətin dəyişib-dəyişmədiyini deyə bilmərəm.

Ali Məhkəmənin digər məhbusları məhkəmədən azad etdiyinin indiyə qədər şahidi olmuşuq. Təbii ki, şərti olaraq onlar azad ediliblər və tam azad deyillər. Fikirləşirəm ki, İlqarı da onlar kimi şərti olaraq azadlığa buraxa bilərlər. Ümidimiz var, amma tam deyil. Onsuz da ən tanınmış siyasi məhbuslardan İlqar içəridədir. Bu baxımdan, azad edə də bilərlər».

İ.Məmmədovun qarşıdan gələn məhkəməsindən əlavə, Yeni ildə əfv sərəncamının imzalanacağı ilə bağlı yayılan xəbərlər də hazırda gündəmdədir. Azərbaycan hakimiyyətinin dekabrın sonlarında əvvəlki illərdəki ənənəni pozmayacağı, növbəti dəfə bir çox məhbusa azadlıq bəxş edəcəyi deyilir.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yayılan əfv xəbərlərinə belə münasibət sərgilədi: «Əfv prezidentin səlahiyyətindədir. Hüquq müdafiəçiləri isə ölkədə insan hüquqlarının vəziyyəti üzrə gedən prosesləri izləyir, monitorinqlər və qiymətləndirmələr aparır. Bunun nəticəsində müxtəlif hesabatlar hazırlayır.

Bu hesabatlar isə müxtəlif qurumlara təqdim edilir. Hesabatların müəyyən hissəsi siyasi hüquqlara aid olur. Buna əsasən də siyasi məhbus siyahısı hazırlanır. Baxışlar, qiymətləndirmələr fərqli də ola bilər.

İşçi Qrupuna daxil olan hüquq müdafiəçiləri hazırladıqları siyahını qrupun katibliyinə və Əfv Komissiyasına təqdim edir. Əfv Komissiyasının rəyi isə prezidentə təqdim olunur. Ümid edirəm ki, bu il də əfv ola bilər. İstərdim ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ölkə başçısı əfv fərmanı versin. Bu isə bir müddət əvvəl ölkədə başlanmış müsbət dəyişikliklərin davamı ola bilər. Ümidvaram ki, məhz bu proseslər İlqar Məmmədovun həbsdən azad olunması və siyasi məhbus sayılan insanların prezident əfvi azadlığa çıxmaları ilə davam edəcək». 

Administratorla əlaqə

077 611-55-22

[email protected]