Əsas Səhifə / Siyasət / Ölkə
AŞPA sədri İlqar Məmmədovla görüşdü
25-02-2016, 22:28
Azərbaycanda səfərdə olan AŞPA sədri Pedro Aqramunt REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovla görüşüb.
Bu barədə P. Aqramunt özünün "Twitter” səhifəsində məlumat yayıb. AŞPA sədri İ.Məmmədovla çəkdirdiyi fotonu da səhifəsində yerləşdirib.
Xatırladaq ki, AŞPA sədri ötən gündən Azərbaycanda səfərdədir. Səfər çərçivəsində o, Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, QHT-lər, vətəndaş cəmiyyəti və media nümayəndələri ilə görüşüb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.
Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T.Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.
İ.Məmmədov və T.Yaqublu İsmayıllı hadisələrinə görə həbs olunublar.