Siyasət

Ali Məhkəmənin Tofiq Yaqublu və İlqar Məmmədov barəsindəki qərarı nə vəd edir?

14-10-2015, 20:11
Nigar Yaqublu: “Onları həbsdə daha çox saxlamağa hesablanmış qərardır”

Fuad Ağayev: “Azərbaycan beynəlxalq birliyin üzvdürsə...”

Oktyabrın 13-də Ali Məhkəmədə Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL sədri İlqar Məmmədovun 9 aydır yubanan kasasiya şikayətinə baxılıb. Məhkəmənin qərarına əsasən, kasasiya şikayəti qismən təmin edilib. Şəki Apelyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

T.Yaqublunun qızı Nigar Yaqublu məhkəmə prosesinin uzadılmasına hesablanmış qərar olduğunu qeyd etdi: “Qərar ləğv olunub, təzədən Apellyasiya Məhkəməsinə göndərildi. Bu cinayət işi tamamilə saxtakarlıq üzərində qurulduğuna görə, instansiya məhkəmələrindən ədalətli qərar gözləmirdik. Təxminlərimiz gözlədiyimiz kimi oldu. Ali Məhkəmənin işi təzədən geri göndərməsi siyasi məhbusları həbsdə daha çox saxlamağa hesablanmış qərardır. Ali Məhkəmə bir işə 9 ay müddətində baxırsa, burada ədalətli qərardan söhbət gedə bilməz. Şəki Apellyasiya Məhkəməsinin işə nə vaxta baxacağı məlum deyil. Artıq Tofiq Yaqublu və İlqar Məmmədovun həbsdən vaxtından əvvəl azad olunmaları üçün 4 aydan az müddət vaxt qalıb. Beləliklə, prosesi məhkəmələrlə yenidən uzadacaqlar. Onlara təzədən işgəncə verilməsi üçün hesablanmış addımlardır. Heç bir məhkəmə instansiyasından ədalətli qərar gözləmirik. Onları yenidən başqa həbsxanalara göndərmək özləri üçün də, bizim üçün də çox çətindir. O şəraitə uyğunlaşmaq asan məsələ deyil. Sistem dəyişmədikcə, bu ölkədə heç nə dəyişməyəcək”.

REAL sədrinin vəkili Fuad Ağayev “Yeni Müsavat”a açıqlamasında Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra olunmasının vacibliyini vurğuladı: “Azərbaycan üzərinə beynəlxalq hüququ öhdəliklər götürüb. Ölkəmiz Avropa Şurasının üzvüdür. Avropa İnsan Haqları Məhkəməsinin qərarları Azərbaycan tərəfindən icra olunmalıdır. İlqar Məmmədovla bağlı bu qurumun qərarı var. Həmin qərar əsasında Nazirlər Komitəsi iki qərar qəbul edib. Ötən ilin dekabrında və bu ilin iyununda. Aralıq qətnamədə İlqar Məmmədovun yubanmadan azad olunması tələbi var. Onun həbsi, onun susdurulması məqsədini daşıyıb. Həbsin tamamilə qanunsuz olduğu Konvensiyada açıq şəkildə qeyd olunub. Azərbaycan hakimiyyəti birmənalı olaraq, İlqar Məmmədovu azad etməli idi. İlqar Məmmədovu müdafiə etdiyimə görə, yalnız onun haqqında danışıram. Ali Məhkəmə xoşagəlməyən qərar qəbul etdi. Azərbaycan hökumətinin adından qərar vermək səlahiyyətinə malik olan qurum növbəti dəfə götürülən öhdəlikləri kobud şəkildə pozdu. İş qaytarılıb Bakı Apelyasiya Məhkəməsinə. Sözün açığı işə baxılmanın yenidən uzadılacağı barədə fikir söyləməyə çətinlik çəkirəm. Azərbaycan beynəlxalq birliyin üzvdürsə, üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir”.
İlqar Məmmədova qarşı həbsxanada növbəti təzyiqlər başlayıb. Onun yanındakı məhbuslara təzyiqlər olunur. REAL-dan Arqument.az-a verilən məlumata görə, məhbuslardan biri - Renat Yusufov bir neçə gündür ki, karsa salınıb. Artıq üç gündür, R.Yusifov karsda aclıq edir. Təzyiqlər İlqar Məmmədova görədir.

REAL hakimiyyəti və Penitensiar Xidməti bu hərəkətlərə son verməyə, Ombudsman Aparatını qeyd olunan şəxslə maraqlanmağa çağırır.

Hərəkat həmçinin Renat Yusifovun karsdan buraxılmasını tələb edir.

Xatırladaq ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib.

Cavanşir ABBASLI, musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]