Siyasət

Avropa Şurasının Nazirlər Komitəsinin İlqar Məmmədovla bağlı qərarı

24-09-2016, 00:35
Avropa Şurasının Nazirlər Komitəsi (AŞNK) həbsdə olan REAL sədri İlqar Məmmədov barəsində növbəti dəfə qərar verib 

Hüquqşünas Erkin Qədirli cebhe.info-ya bildirib ki, bu, AŞ Nazirlər Komitəsinin artıq sayını itirdiyimiz növbəti qərarlarından biridir:

"Hər qərarda İlqar Məmmədovun qeydi-şərtsiz dərhal azadlığa buraxılmasını tələb edib. Nazirlər Komitəsi Avropa Şurasının orqanlarından biridir və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasına nəzarət edir. Bu qərarın əvvəlkilərdən fərqi ondan ibarətdir ki, burda ilk dəfə Konvensiyanın 46-cı maddəsinə istinad edilib. Burda söhbət Avropa İnsan Haqları Məhkəməsinin qərarını könüllü icra etməyən dövlət haqqında tədbir görülməsilə bağlıdır. Artıq Avropa İnsan Haqları Məhkəməsinə müraciət oluna bilər, siyasi qərar da verilə bilər. Bu qərar əvvəlki qərarlardan daha ciddidir”.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Məhkəmə aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]