Siyasət

Ağdaşda İqbal Ağazadəyə imza verənlərdən məcburi ərizə alınır

16-05-2016, 20:32

90 saylı Ağdaş seçki dairəsindən təkrar seçkidə namizədliyi Milli Məclisə irəli sürülmüş Ümid Partiyasının sədri İqbal Ağazadəyə imza verən şəxslərə qarşı təzyiqlər başlayıb. Onlardan imzalarını geri götürməklə bağlı ərizə yazmaq tələb olunur. Bu barədə Ümid Partiyasının Mətbuat və İnformasiya üzrə müavini Elman Abbasov Xeberman.com-a məlumat verib.

E. Abbasov bildirdi ki, təzyiqlərin baş verməsi ilə bağlı onlara imza verən sakinlər zəng edərək deyib. İmza toplayarkən imzasını aldığımız şəxslərə mobil telefon nömrələrimizi də vermişdik. Bu gün imzaverənlər zəng edərək onlara təzyiq olunduğunu bildirir. Onların imzalarını geri götürmələri ilə bağlı ərizələr alınır. Ərizədə qeyd olunur ki, güya İqbal Ağazadənin imza toplayanları sakinləri aldadıb, özlərini qaz və ya işıq idarəsinin işçiləri kimi təqdim edərək hansısa sənədə imza atdırıblar.

Sakinlər bildirir ki, bir neçə ailəyə təzyiq göstərmək istəsələr də alınmyıb.Onlara aldanmadıqlarını, könüllü imza verdiklərini bildiriblər. İmzanı geri götürməyə etiraz edənlər öz hüquqlarını bildiklərini qeyd edirlər. Biz o sakinlərin hələlik təhlükəsizlik üçün adlarını açıqlamaq istəmirik.

Məlumata görə, daha çox təzyiqlər dövlət idarələrində işləyənlərə olur. Hələ də imzaların geri götürülməsi yönündə ərizələrin alınması davam edir.

E.Abbasov qeyd etdi ki, Seçki Məcəlləsində imzanı geri götürmək məhfumu yoxdur. İnsanlardan zorla, təzyiq gücünə imzadan imtina etməklə bağlı alınan ərizələrin heç bir hüquqi əsası yoxdur.

İmzatoplama kampaniyası başlanandan Cavid Osmanovun yaratdığı qanunsuz dəstələrin müxtəlif formada təzyiq, təqib və qanunsuzluqları ilə üzləşmişik. İmza vərəqlərini DSK-ya təqdim etməmişdən əvvəl də İqbal Ağazadəyə imza verənlərə təzyiqlər edilirdi. Biz bununla bağlı bəyanat vermişdik və aidiyyatı qurumları məsələyə müdaxilə etməyə çağırmışdıq. Həmçinin baş vermiş qanunsuzlarla bağlı DİN-ə, Baş Prokurorluğa və MSK-ya şikayət etmişik. Son baş verənlərlə bağlı da hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik.

Sədr müavini əlavə olaraq deyib ki, baş verən qanunsuzluqlarla bağlı 90 saylı Ağdaş Seçki dairəsinə və MSK-nın qaynar xəttinə zəng ediblər. Təəssüflər olsun ki, DSK-da telefon zənglərinə cavab verilməyib, MSK-nın isə qaynar xətti işləməyib.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]