Siyasət

Ağdaşdakı seçkinin gerçək üzü

22-06-2016, 01:46
Ağdaşdakı seçkinin gerçək üzü
İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə təkrar seçkilər keçirildi. MSK-nin açıqlamasına görə sonuclara görə hakim partiyanın namizədi 85 faiz ?! səslə qələbə qazandı. Ümid Partiyasının namizədi isə cəmi 8 faiz civarında səs toplaya bildi.

Seçkinin son tablosu məhz bu şəkildə cızıldı.

Təbii ki, seçkiöncəsi duruma nəzər salmadan doğru dəyərləndirmə aparmaq mümkünsüz olar. Bəs ötən iki ay ərzində Ağdaşda nələr baş verdi?

Aprel ayının 12-də Ağdaşda təkrar seçki keçirilməsi haqda prezident sərəncam imzalayır. Ümid Partiyası Rəyasət Heyəti toplanaraq partiya sədrinin namizədliyini müzakirə edir və seçkiyə qatılmaq haqda qərar çıxarır. Sənədlər hazırlandıqdan sonra Ağdaş DSK-na göndərilir, amma qəbul olunmur. Yenidən cəhd isə başarılı olur. Mayın 5-də imza vərəqələri götürülür. Elə həmin gün İqbal Ağazadənin Ağdaşda seçki qərargahı nın yaradılması üçün bir obyektlə şifahi müqavilə bağlanır. Qərargah üzvlərinin yerləşməsi üçün bir ev də icarəyə götürülür.
 
Razılaşmadan bir saat keçməmiş müqavilə tərəfləri qəbul etdikləri ilkin məbləği geri qaytararaq " Mənə təzyiq var, mən sizə icarəyə verə bilmərəm!" deyə təlaş içində müqaviləni birtərəfli pozurlar. Qərargah və iqamətgah məsələsi həll olunmadan mayın 7 və 8-də Ümid Partiyasının,eləcə də İqbal Ağazadənin seçki qərargahının 300-ə yaxın üzvü Ağdaş rayonunda 28 saat ərzində imzatoplama mərhələsini sona çatdırır. İmzatoplama prosesində isə gerçək bir rəzalət Yeni Azərbaycan Partiyası adına rüsvayçılıq yaşanır. Özlərini YAP namizədinin tərəfdarları kimi təqdim edən bir qrup xuliqan imza toplayan şəxslərə qarşı ən iyrənc təhqirlər, hətta maşınlarının qarşısını kəsmə, hədələmə kimi təzyiq vasitələrindən istifadə etsələr də, proses azacıq təxirlə sona çatır. Baş verənlər haqda rayon polisinə, DSK və MSK-na çoxlu sayda müraciətlər olunsa, hətta rayon prokurorluğu belə durumla bağlı cinayət işi açsa da belə sonucda kimsə cəzalandırılmır. Şəxsən mənim qrupumun şəhərin mərkəzindəki imzatoplama fəaliyyətinə mane olan 20BT225 nömrə nişanlı avtomobildəki qrup bizə qarşı seçki gününədək öz destruktiv hərəkətlərini davam etdirdi.

Əsas "mərəkə" isə imza vərəqələri DSK-ya təqdim edildikdən sonra başladı. Özünü İH-nin işçısi zənn edən  DSK sədri bitərəflilik və vicdan prinsipini ayaq altına salaraq İqbal Ağazadənin qeydə alınması üçün imza vermiş şəxslərin adlarını müvafiq icra strukturlarına ötürməklə o şəxslərə qarşı təzyiqə rəvac vermiş oldu. Təkcə Qolqəti kəndində imza vermiş 45 nəfərin başına açılanları duyanda bu zalımlarla eyni ölkəni paylaşdığıma belə təəssüf etdim. İstər kəndlərdə, istərsə də rayon mərkəzində bizim namizədin qeydə alınması üçün imza vermiş vətəndaşlarımıza qarşı nə etmişdilərsə, sonrakı təbliğat mərhələsində bizi görərkən gözlərində yaşadıqları "fobya"nı seyr etmək olduqca acı idi. İnsanımızı necə də sındırmış, aciz duruma salmışdılar!? Halbuki hər biri o imzanı böyük inam və ümidlə vermişdi.

Nəhayət DSK uzun tərəddüddən sonra Ümid Partiyasının namizədini qeydə aldı və may ayının 26-da isə təşviqat prosesinə start verildi. Səlahiyyətli nümayəndəmizin dəfələrlə müraciət etməsinə baxmayaraq DSK Cavid Osmanov istisna olmaqla digər namizədlərin adları açıqlamadı. Bizim çap olunmuş təbliğat bukletlərimizdə isə İqbal Ağazadənin seçki bülletenlərində birinci olmasını əks etdirən yazı dərc olunmuşdu. Məhz təbliğat başlayandan neçə gün sonra Abdullayev familiyalı birinin də namizəd kimi ortaya çıxdığı bəlli oldu. Belə ki seçki günü hətta kəndində belə tanınmayan bu namizədin çoxlu səs toplamasının da səbəbi ortaya çıxdı. İqbal Ağazadənin adının paylanmış bukletlərə istinadla bülletendə də birinci olduğunu düşünən seçicilər yanlış olaraq Abdullayevə səs vermişdilər.
Qayıdaq yenə təşviqat dönəminə..

Mayın 26-də 90 saylı Ağdaş seçki dairəsində başlayan təbliğat və təşviqat prosesi isə ölkənin mərkəzində bir vətəndaş müharibəsi, bir region savaşı görüntüsünü xatırladırdı. Əlində yumurta, hətta yaba, bellə yenə bir qrup xuliqanın bizim maşınlara hücumu, maşınların üzərində və məntəqə seçki komissiyaları qarşısındakı göy tabloda namizədimizin şəkillərini cırmaları( təbliğat qrupumuzun üzvləri təkcə şəhərin mərkəzindəki tablolardan birinə 12 dəfə şəkil yapışdırmış, lakin yenə də cırılmışdı), Ağzıbir kəndində bir qrup sərxoşun maşın karvanımıza və təbliğatçılarımıza qarşı fiziki hücumu ölkəmizin tam mərkəzində bir savaş, bir dərəbəylik, bir xaos təəsüratı yaradırdı. Hücum edənlərin də tək şüarı bu idi:" Ağdaşdan ağdaşlı seçilməlidir. Ağdaşlılar artıq Cavid Osmanovu seçiblər. Qayıdın gəldiyiniz yerə" Amma nə DSK, nə də yerli hakimiyyət bu biabırçılığa müdaxilə etmək istəmədi. Polis isə bitərəfliyini imitasiya etməklə kifayətləndi.

 Mayın 26-da start götürən və iyunun 17-dək davam edən təşviqat prosesinin hər günündə təhqir və təzyiqlə üzləşmədiyimiz gün olmadı nə yazıq ki.. Hansı kəndə daxil olurduqsa icra nümayəndəsi və bələdiyyə sədrinin ətrafında olan bir neçə "şilləvuranla" qarşımızı kəsməsi artıq bizim üçün adətə çevrilmişdi. Pirkəkə, Ərəbocağı, Qolqəti kəndində bu təzyiqlər o həddə çatdı ki duruma polis müdaxilə etməli oldu. Bu qrup üçün isə deviz dəyişmirdi. Yenə eyni şüar, eyni yanaşma.." Biz biqeyrət olarıq ki, Ağdaşdan bir Qarabağlı seçilsin". Nə qədər iyrənc, nə qədər zəhərli səslənir bu yanaşma. Mən düşünürəm ki, Ağdaşda baş qaldıran ,Cavid Osmanov və tərəfdarları tərəfindən yürüdülən bu tendensiya ölkənin bütövlüyü, unitarlığı prinsipinə zidd olduğu üçün təhlükəsizlik orqanlarının da diqqətindən yayınmamalıdır. Regionçuluq da etnik separatçılıq qədər təhlükəlidir. Bu məşum şüar ən azı Qarabağ uğrunda savaşlarda şəhid olan ağdaşlıların ruhuna hörmətsizlikdir.

Beləcə ən ağır şərtlərlə təbliğat və təşviqat dönəmini başa vurmağı bacardıq. Elə bu üç həftəlik dönəmdə Ümid Partiyası namizədinin seçki üzrə məşvərətçi səs hüquqlu üzvləri və müşahidəçilərilə bağlı MSK-na sənədlər təqdim olundu. Hazır olan vəsiqələr isə qanunvericilikdə müəyyən olunmuş qaydada səlahiyyətli nümayəndəyə təqdim edilmək yerinə seçkinin tərəfinə çevrilən Ağdaş 90 saylı DSK -ya göndərildi. Sonuc isə gözlənilən oldu. DSK-dan həmin vəsiqələrin yalnız 20 faizini almağa müyəssər olduq. Rayonlardan Ağdaşa axın axın gələn üzvlərimiz iyunun 17-də və bütünlükdə seçki gününü DSK-nın qarşısında vəsiqə almaq üçün növbədə keçirdilər. Amma DSK öz qərarında israrlı idi. Seçki prosesinə cəlb olunan 400-dən artıq "ümidçi"dən yalnız yarısı seçki prosesini izləməyə nail oldu. 
Bəs seçki günü nə baş verdi?

200-ə yaxın "ümidçinin" DSK qarşısında hələ vəsiqəsini almaqla məşğul olduğu seçki günü bütün MnSK larda eyni mənzərəni müşahidə etmək olardı.  Rayon rəhbərliyi tərəfindən məntəqələrə təhkim olunmuş vəzifəli şəxslərin, icra nümayəndələri və bələdiyyələrin hər məntəqədə təşkil etdiyi təxminən 10-a yaxın avtomobil evlərə gedərək qadın, uşaq, qoca, cavan, xəstə bilmədən insanları maşınlara dolduraraq seçki məntəqələrinə daşımaqla, yol boyu onları təlimatlandırmaqla məşğul idi. Seçki günü belə YAP namizədinin təbliğatı ilə məşğul olan bu qrup hər kəsi "aşağıdakı namizədə" ( seçki bülletenində adı sonuncu olan Cavid Osmanova) səs erməyə çağırırdılar. Cəsarətlə deyə bilərəm ki, gələnlərin təxminən yarısı həyatlarında ilk dəfə səsverməyə gəldiklərini bəyan edir və nə edəcəklərini belə bilmirdilər. Şəxsən mən nəzarət etdiyim MnSk da komissiya üzvünün şəhadət barmağı ilə Cavid Osmanovun adını göstərdiyinin şahidi olub bir neçə dəfə etiraz etdim. Yaşlı, xəstə seçicilərin səs verə bilmədikləri anlarda səsvermə kabinalarına onların qohumlarının daxil olması ilə bağlı da coxlu faktlar aşkar olundu. Beləcə seçkinin vətəndaşın siyasi iradəsinin ifadəsi olması prinsipi birmənalı olaraq ayaqlar altına salındı. Bəzi məntəqələrdə isə hətta kütləvi "karusel" halları da müşahidə olundu. Müşahidəçilərimizin də kütləvi şəkildə məntəqələrdən çıxarılması halları baş verdi. Əlbəttə ki, seçkinin sonucu Ağdaşda demokratiyanın ifadəsi hesab oluna bilməz. 

Amma iki ay boyunca seçki qərargahı üzvlərimizin Ağdaşın dəyərli insanları ilə görüşləri, rayon problemlərinin öyrənilməsi, cəmiyyətdə siyasi aktivliyin artması tendensiyasının müşahidə olunması, insanlarda uzun illərdən sonra inam hissinin bərpa olunması, seçicinin qorxu hissinə qalib gəlməsi bu seçkinin uğuru sayıla bilər. Özəlliklə ötən bir ay ərzində Ağdaş rayonunda bir demokratiya küləyi əsdirməyi bacardıq. Bu gələcəkdə hər region üçün bir sınaq, bir test nümunəsi sayıla bilər. Təbliğat dönəmində hər kəndə, hər məhəlləyə bir neçə dəfə daxil olurduq. Birinci dəfə tərəddüd içində olan seçicinin seçkiyə günlər qala daha cəsarətli olduğunun şahidi idik. Düşünürəm ki, seçki təbliğatı üçün 22 gün deyil, heç olmasa 40 gün nəzərdə tutulsaydı biz nəzərdə tutduğumuz təbliğat mərhələsinin üçüncü fazasını daha səmərəli başa vura bilərdik. Bütün hallarda Ağdaşın hətta ən ucqar kəndlərində belə səs qazandıqsa bu seçicimizin inamının qazanması anlamındadır. 

Ölkə səviyyəsində bu ana qədər analoqu olmayan bir təbliğat prosesi yaşadıq. Qapı qapı seçici ilə görüşdük. İnandıq, inandırdıq və nəticə də aldıq. Mandat qazanmadıq, amma Ağdaşda dəyərli insanlar, dostlar qazandıq. Ağdaşda haqqları əzilən yüzlərlə insanla görüşdük, acınacaqlı durumda yaşayan vətəndaşlarımızın şəraiti ilə tanış olduq. Ölkəmizin mərkəzində bu saygıdəyər insanların  o şəraitdə , ən primitiv yaşayış imkanlarından məhrum olması isə dözülməzdir. Təəsüflər olsun ki, hakimiyyət növbəti dəfə saxta, imitativ seçki keçirməklə məhz o insanların haqqını tapdalamış oldu. Özü də neçənci dəfə.. Və sonda xalq öz yanında ola biləcək namizədi qazanmadı, amma dəyişiklik üçün ÜMİD və özünəinam qazandı.


Rüfət Muradlı




Administratorla əlaqə

077 611-55-22

[email protected]