İslam

Azərbaycanlı Ayətullah Hacı Şeyx Yusif İrəvani.

15-03-2016, 15:07

Ayətullah Hacı Şeyx Yusif İrəvani 20-ci əsrdə İslam dininin seçilmiş, yüksək məqamlı fəqihlərindən biridir. Atası Ayətullah əl- uzma Mirzə Əli İrəvani Nəcəfi-Əşrəf şəhərinin müdərrislərindən biri olub. O, 1329-cu hicri qəməri ili Rəbius-saninin 20-də (1913) Nəcəf şəhərində dünyaya gəlib. Uşaq ikən Quranı, əhkam və cameul-müqəddimat dərslərini nənəsi Həbibə Xatun və alim atasından öyrənmişdir. Sonralar müasir ustadların dərslərində iştirak etmiş və İslam elmlərini layiqincə mənimsəmişdir. Alimə orta və ali dərəcədə dərs verən ustadlar sırasında Şeyx İsmayıl Lənkərani (Siyuti kitabı), Ayətullah Şeyx Şəmsi Kəncəvi ("Məntiq" kitabının haşiyəsini və "Təşriul-əflak" kitabını yazmışdır), Ayətullah Şeyx Mürtəza Taliqani (Mütəvvəl), Ayətullah Seyyid Cəvad Eynəki Təbrizi (Məalim, Rəsail, Məkasib (ticarət və ziyarət qisməti) Mənzumeyi Səbzvar), Ayətullah Şeyx Məcid Kəncəvi, Əbul-Qasim Hüseyni Salmani, Şeyx Əbdül-Cəvad Adili ("Lümə" kitabının müxtəlif qismətləri), Ayətullah Şeyx Hüseyn Əhəri (Qəvanin), Ayətullah Mirzə ƏbülHəsən Şəkini (Kifayətul-üsul), olmuşlar. Habelə alim atasından "Məkasib" kitabının bir qismətini, "Kifayət"i həmçinin riyaziyyat və həndəsəni ali dərəcədə mənimsəmişdir.

Cavanlığının əvvəlində orta səviyyə dərslərini başa vurur və müasir əsrin məşhur ustadlarının üsul və fiqhi xarici dərslərində iştirak edir. Bu sahədə alimin ustadlarından Ayətullah Mirzə Əbül-Həsən Şəkini (üsul, zəkat kitabında), Ayətullah Seyyid Əbül-Həsən İsfahanini (Həcc kitabında), Ayətullah Ziyaəddin Əraqini (Üsuli-xaric), Ayətullah Məhəmməd Hüseyn Kompanini (Səlati-müsafirdə), öz atası (Kitabi-təharət və üsuli-xaricdə), Ayətullah Mirzə Əbdül-Hadi Şirazini (Fiqhi-xaricdə), Ayətullah Seyyid Məhmud Şahrudini (Üsul və fiqhi-xaricdə), Ayətullah Möhsin Həkimi (Fiqhi-xaricdə), Ayətullah Mirzə Fəttah Şəhidi Təbrizini (Kifayə-xaricdə) misal göstərmək olar. Şeyx Yusif qiymətli ömrünün çox hissəsini üsul və fiqh dərslərinin təhsilinə sərf etmişdir. O məşhur ustadlardan istifadə edərək uzun müddətli çalışmadan və elm əldə etdikdən sonra ictihad məqamına çatır və məşhur alimlər Ayati-İzam Məhəmməd Kaşiful-Ğita, Mirzə Əbül-Həsən Meşkini və Seyyid Əbdül-Hadi Şirazidən ictihad icazəsini alır. O, 1948-ci ildə xəstəliklə əlaqədar olaraq Tehrana köçür və "Qəndi" məscidində dini xidmətə başlayır. Burada 45 il ərzində İslam şüarlarını dirildir, tələbələrə dərs verir və məsciddə camaat namazı təşkil edir. Şeyx Yusif Tehranda atası tərəfindən Nəcəfi-Əşrəfdəki təşkil etdiyi və sonralar Səddamın məmurları tərəfindən dağıdılan "Mədrəseyi-İrəvani" ilə eyni adlı bir mədrəsə tikdirir və 1991-ci ildə şəiərin Musəvi xiyabanında istifadəyə verir.

Mərhum İrəvani özünün fövqəladə istedadı və zəkası ilə fərqlənirdi. O, 17 yaşı tamam olmamış atasının üsul xaric dərsində iştirak edərək onun dediklərini əlyazma şəklində yazmışdır. O həyatda çox sadə, qənaətcil və zahid bir şəxs olmuşdur. Övladlarından biri belə nəql edir: "Bir gün məşhur tacirlərdən biri atamı görmək üçün evimizə gəldi. Bizim otağımızın xalça və döşənəcəyi olmadığı üçün o, atamdan xahiş etdi ki, bizim üçün yaxşı xalça və döşənəçək alsın. Atam tacirə təşəkkür edərək bu təklifi qəbul etmədi. Tacir təkid edib dedi ki, istəyirəm sizdən savab qazanam. Məni bundan məhrum etməyin. Atam buyurdu: Bu işi görməyi, niyyət etdiyin üçün savabını aldın..." Onun otağında hətta adi döşənəcəklər belə yox idi. Bununla belə ömrünün axırına qədər xalqa kömək əlini uzatmış onların ehtiyaclarını qismən təmin etmişdi. 1963-cü ildə İmam Xomeyni (r) hərəkatının gedişatında bu alimin Tehranda fəaliyyət göstərən ruhanilər arasında məxsus yeri var idi. Şah rejimi "SAVAK" (şah rejiminin təhlükəsizlik komitəsi) onu daim nəzarət altında saxlayırdı. Təbliğ səfərinin birindən qayıdandan sonra Şahın məmurları onu İmam Xomeyni (r) ilə görüşdüyü üçün həbs edir və zindana salır amma bir müddətdən sonra ölkədən xaric olmamaq şərtilə azad edilir.

Mərhum İrəvani dərs demək və təbliğ etməklə bərabər elmi əsərlər, yazmağı unutmamış və özündən sonra faydalı əlyazmalarını və elmi əsərlərini yadigar olaraq qoymuşdur. Onlardan aşağıdakıları qeyd etmək olar:

1-"Müstənədül-fətva fi şərii ürvətül-vüsqa";

2-"Təraifül-əxbar";

3-"Müntəxəbül-əş 'ap";

4-"Məqtətəful-asar";

5-"Təqrirati fiqh və üsuli əsatid".

Rəbbani alim və fəqih 1990-cı ildə Tehranda vəfat etmişdir. Alimin cənazəsinə qüsl verilib kəfənə büküldükdən sonra müqəddəs Məşhəd şəhərinə aparılır və pak hərəmin həyətlərindən birində torpağa tapşırılır.


Bu material Faiq Vəlioğlunun "Azərbaycanın görkəmli İslam alimləri” kitabından götürülmüşdür.

Azərbaycanlı Ayətullah Hacı Şeyx Yusif İrəvani.

Administratorla əlaqə

077 611-55-22

[email protected]