Nəsimi rayon məktəbliləri Velotrekdə olublar
Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən məktəblilərin Respublika Velotreki ilə tanışlığı və velosiped yarışlarına start verilib.
Layihəyə əsasən yarış başlamazdan əvvəl məktəblilər Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadionu,fitnes klubu ilə tanış olublar. Onlara dünyada və Azərbaycanda velosiped idmanının tarixi, ölkəmizdə velosiped idman növünün inkişafı üçün görülən işlər haqqında məlumat verilib.
Məktəblilərə məlumat verilib ki, 2016-cı ilin avqust ayında İsmayıllı rayonuna səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev "İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında iştirak edib.
İsmayıllı şəhərindən 6 kilometr məsafədə yerləşən Diyallı kəndi ərazisində inşa olunmuş bu istehsal müəssisəsinin layihəsi Bolqarıstanın Sofiya velosiped zavodu ilə əməkdaşlıq çərçivəsində icra olunub.
Müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodun istehsal gücü ildə 20-30 min velosipeddir. Burada 5 növdə velosipedin istehsalı nəzərdə tutulur.
Zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçiləcək.
Müəssisənin ərazisində müasir velotrek meydançası da yaradılıb. Üç hektar sahəsi olan velotrekdə idman yarışlarının keçirilməsi üçün hər cür şərait var.
Muzeylə tanışlıqdan daha sonra Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva və digər qonaqlar məktəblilərin velo yarışını izləmiş və yarışın yekununda fərqlənən məktəblərin komandaları final mərhələsinə vəsiqə qazanıblar.
Nəsimi rayon məktəblilərinin Respublika Velotreki ilə tanışlığı və velo yarışlar oktyabr ayı ərzində davam edəcək.