VƏTƏN ÜÇÜN XEYİRLƏRDƏ YARIŞMAQ
Azərbaycan müstəqilliyini qazanarkən 20 faiz torpaqlarını və bu torpaqları qorumaq uğrunda canını fəda etmiş minlərlə övladını itirib. Bu gün də torpaqlarımızn geri qaytarılması və ərazi bütövlüyümüzün bərpası üçün şəhidlər veririk. Ötən günlərdə atəşkəsin düşmənlərimiz tərəfindən pozulmasına baxmayaraq, qəhrəman əsgərlərimizin düşmənin cəbhə xəttini yarıb bir çox strateji mövqeləri geri alması xalqımıza çox böyük ruh yüksəkliyi yaşatdı. Təbii ki, qazanılan bu üstünlük onlarla əsgərimizin yaralanması vəşəhid olması bahasına başa gəldi.
Bir məqama xüsusi diqqət çəkmək istəyirəm. Şəhid olan əsgərlərimiz ailələrini bizə əmanət qoydular. Dövlətimiz öz imkanları ilə şəhid olan əsgərlərimizin ailələrini himayə etməkdədir. Bəs dövlətimizin gözünü qırpmadan vətən uğrunda canından keçən şəhidlərin ailələrini himayə etməsi bizim üzərimizdən bu məsuliyyəti götürürmü? Əlbəttə ki, yox. Bu məsələdə xüsusilə iş adamlarının və yüksək gəlirli şirkətlərin üzərinə böyük məsuliyyət düşür. Şəhidlərimizin ailələri heç bir maddi sıxıntı yaşamamalıdırlar. Unutmamlıyıq ki, üzərində rahat gəzdiyimiz torpaqlar, sahib olduğumuz şirkətlər, qazandığımız pullar uğrunda şəhidlər verilən dövlətimiz sayəsində vardır. Bu səbəbdən hər bir iş adamı gücü çatdığı ölçüdə şəhid ailələrinin ehtiyaclarını qarşılamalıdır. Həm də bunu ən gözəl şəkildə etməlidir. Onların bizdən belə bir istəklərinin olub olmasından aslı olmayaraq, biz bunu özümüzə borc bilməyik. Çünki bu, onların haqqı, bizim isə borcumuzdur. Bunu etməyimiz işlərimizin daha da bərəkətlənməsinə və Allahın razılığını qazanmamıza vəsilə olar.
Şəhid ailələrinə edilə biləcək yardımlara bəzi misallar vermək olar. Məsələn, yüksək gəlirli geyim mağazaları ildə iki dəfə, fəslə uyğun olaraq şəhid ailələrinə ən gözəl və ən keyfiyyətli geyimlər hədiyyə edə bilərlər. Bunun üçün lazım gələrsə şəhid ailəsinin evinə gedib mağazaya dəvət edilər. Onları mağazaya gətirmək üçün avtomobil də ayrılar.Gəliri çox olan marketlər hər ay bir dəfə şəhid ailələrinin ünvanlarına zəruri ehtiyac duyulan məhsullar göndərə bilərlər. Restoranlar şəhid ailələrini ayda bir dəfə gözəl, xüsusi zövqlə bəzədilmiş yemək süfrəsinə qonaq edə bilərlər. Bu misalları daha da artımaq olar. Özümüz üçün etdiyimizin ən gözəlini onlar üçün etmək milli şüurun, birliyin, həmrəyliyin ən gözəl sübutu olar. Əgər bir insan dünyada onun üçün ən qiymətli və şirin olan canını vətən uğrunda verirsə, biz niyə dəyərsiz dünya malından onların bizə əmanət buraxdığı ailələri üçün keçməyək?!Mən inanıram ki, bütün bu yazdıqlarımı, hətta daha çoxunu edən vətənini, millətini sevən iş adamlarımız var. Ancaq bunu daha da genişləndirib ənənə halına salmaq lazımdır.
İnşaAllah, yaxın gələcəkdə torpaqlarımız düşmən tapdağından tamamilə azad olacaq və daha şəhid verməyəcəyik. Ancaq hazırda ölkəmizin müharibə şəraitində olması və şəhidlər verməyimiz bugünkü reallıqdır. Hər bir Azərbaycan əsgəri görməlidir ki, xalqımız ona əmanət qoyulan şəhid ailələrinə hansı həssaslıqla yanaşır. Necə deyərlər, heç kimin gözü arxada qalmaz. Bu, vətən uğrunda hər dəqiqə canını verməyə hazır olan əsgərlərə də ən gözəl mənəvi dəstək olar. Bu gözəl davranışları həyata keçirməyin isə bir adı var: VƏTƏN ÜÇÜN XEYİRLƏRDƏ YARIŞMAQ
Allah dövlətimizi, millətimizi daim qalib etsin.
Ramiq Vəliyev – Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri.