BSU-nun Xocalıda Şəhid olmuş tələbəsi
Vətənimizin həmin gün qəhrəmanlıqla şəhid olmuş övladlarından biri də Ülfət İman oğlu Əliyev olmuşdur. Xocalının işğal edildiyi gün bütün xocalılar kimi onun da təkcə ocaqının yox, həm də ürəyinin işığı söndürüldü. Ülfət 1972-ci ildə Xocalı rayonun Əsgəran kəndində anadan olmuşdur. 1989-cı ildə kənd orta məktəbini bitirir və M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun "Rus dili və Ədəbiyyatı” fakültəsinə, yəni indiki Bakı Slavyan Universitetinə daxil olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən Əliyev Ülfət şəhid olmuşdur. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib şəhid olmuş tələbə və müəllimlərimizin xatirəsi BSU-da hər zaman əziz tutulur. Şəhidlik zirvəsinə ucalan tələbələrimizin əziz xatirəsi daim anılır.Onların ailə üzvüləri və cəbhə yoldaşları ilə görüşlər keçirilir, məzarları ziyarət olunur.Bəli hörmətli oxucularımız, gəlin unutmayaq ki, bu gün sahib olduğumuz Vətənimiz belə qəhrəman şəhidlərimizin hər qarışını öz qanları ilə sulayaraq bizə əmanət etdikləri torpaqlardır. Biz də canları və qanları bahasına Vətənimizi qoruyan belə qəhrəman şəhidlərimizi minnətdarlıqla anır və Allahdan onlara rəhmət diləyirik.
Elşən Yəhyayev