Ölkə

12 ilahiyyatçı cəbhədəki olaylardan danışdı: "Biz hər an döyüşə hazırıq."

4-04-2016, 22:16

Xeberman.comxəbər verir ki, cəbhədə baş verən olaylara din xadimləri də münasibət bildirib. İlahiyyatçı ruhanilərin bu məsələ ilə bağlı fikirlərini sizə təqdim edirik.

 

İlahiyyatçı, araşdırmaçı Natiq Rəhimov: "Son günlərdə baş verən hadisələri Azərbaycan ordusunun və Azərbaycan xalqının böyük qələbəsi kimi dəyərləndirirəm. İnşallah, qələbəmiz davamlı olar. Şəhidlərimizə rəhmət diləyir, müzəffər əsgərlərimizə yeni qələbələr arzu edirəm. Özümü bu gün düşmənlə üz-üzə durmuş hər bir əsgərimizə borclu hesab edirəm. Onların mərdliyi sayəsində ölkəmizdə asayiş qorunur. İnanıram ki, yeni qələbələrlə sevinəcəyik.” (xeberman.com)


 

İlqar İbrahimoğlu isə video vasitəsi ilə insanlara müraciət edib: Həmin müraciətin mətnini sizə təqdim edirik; "Qarabağ hər bir azərbaycanlı iman insanı üçün həyat məsələsidir və "Qarabağ - bizim canımızdır". Əslində dünya çapında Fələstin və Qüds dünya müsəlmanları üçün nədirsə, Azərbaycan müsəlmanı olaraq Qarabağ bizim üçün odur. Qarabağ gündəlik ibadətlərimizdə və həyatımızda ən önəmli yer tutan mövzudur və daima bizim üçün önəmli olub. Dəyərli müctəhidlərimiz Qarabağla bağlı fətvaları və orada dünyasını dəyişən əsgərlərimizin şəhid hesab edilmələri mütləq formada xatırlanmalıdır. "Biz əminik ki, Qarabağ mütləq azad ediləcək. Allahdan istəyimiz budur ki, bunun baş verməsi daha da tez olsun...” (islaminsesi)


İlahiyyatçı ruhani Niyazi Əzizzadə "Aparan olsa bu dəqiqə getməyə hazıram. Və geri dönüş niyyətilə deyil şəhid olmaq niyyətilə. Son damla qanıma qədər də vuruşaram.Şəhidlərimizin şəhadəti mübarək olsun. Allah onlara rəhmət eləsin.

Son dəqiqələrdə itgilərimiz olmasına baxmayaraq çox sevinirəm çünki mənfur düşmən öz layiqli cavabını döyüşçülərimiz tərəfindən alır. Allah hərbiçilərimiz və səngərdə duran əsgərlərimiz qorusun.” (xeberman.com)


İlahiyyatçı ruhani Bəhruz Camal: "Allah özü bizi müvəffəq eləsin. Baş verən son hadisələrdə bizi üzən cəhətlər olduğu kimi, sevindirici tərəfləri də var. Bizi üzən budur ki, artıq bir neçə gün ərzində əziz vətən oğullarını itirmişik, şəhid vermişik. Əslində biz onları itirməmişik. Onlar bu addımları ilə əbədiyyətə qovuşublar. Belə fürsət daha ələ düşməyəcək. Çünki sarsıdıcı hücumlar nəticəsində, artıq erməni tərəfi müəyyən kompromisə gedəcəklərini də qeyd ediblər.

Əgər bir millətdə qəzəb varsa və müharibəyə o qəzəbini yatırmaq üçün gedirsə, o müharibədə qalib gələ bilməz. Amma ətrafımızda və sosial şəbəkələrdə bunun əksini müşahidə edirik. Görürük ki, hamı həqiqətən də döyüş əhval ruhiyyəsindədir. Nəyin bahasına olursa olsun, torpaqlarımız düşmən tapdağından azad etmək fikrindəyik. Əminəm ki, bu əhval ruhiyyə nə qədər bizdə varsa, düşmən bizə qalib ola bilməz.Ermənilərlə heç bir kompromis yol verilməzdir. İşğal olunmuş torpaqlarımızı son qətrə qanımıza kimi qorumağa hazırıq. Bundan qeyri tələbləri ermənilər qarşısına qoymaq yersiz olardı. Buna bizim nə maddi və nə də mənəvi haqlarımız çatmır. Çünki o torpaqların hər zərrəsi bizim şəhidlərin qanı ilə suvarılıb.Bu qanlar bu gün öz bəhrəsini verməkdədir. Allahdan istəyirik ki, döyüş bölgəsində olan, ön cəbhdə olan bütün əzizlərimizi öz amanında saxlasın. Allah şəhidlərimizi ruhunu şad eləsin və bizləri o şəhidlər qarşısında başı aşağı eləməsin. Xankəndində üç rəngli bayrağımızı sancmaq ümudu ilə.” (xeberman.com)


 

Hacı Cavad Məscidinin axundu, ilahiyyatçı Əhliman Rüstəmov: "İnsan da gərək öz şəri vəzifəsini yerinə yetirmək üçün yüksək ruhiyyədə olsun. Məsumlar və qeyri-məsumlardan, bəzi mənbələrə görə Kərbəlada Aşura günündə İmam Hüseyn tərəfdə vuruşanlar arasında azərbaycanlı olub, ondan, günümüzdə şəhid Mübariz kimilərindən nümunə götürməliyik. Müqəddəs işdə isə gərək hər zaman ruhiyyə olsun. Son günlərin məlumatlarına baxanda aydın olur ki, təbii ki, onlarda ruhiyyə var. Qoy bunu heç nə əvəz etməsin və ruhiyyələri daim yüksək olsun.” (faktxeber.com)


İlahiyyatçı ruhani Seyyid Mirtaleh: "Bismillahir rəhmanir rəhim. Şəhidlik ali bir məqamdır. Bu məqama çatan əziz Şəhid qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Hamıdan, xüsusən JURNALİSTLƏRDƏN xahiş edirəm ki şəhidlərimiz haqqında "HƏLAK” sözünü yazmasınlar. HƏLAK - Yəni məhv olmaq, aradan getmək. "Şəhid oldu” yazın, Şəhid həlak olmur. Şəhid olmaq məğlub olmaq və nəyi isə əldən vermək deyil, əksinə tapmaq və sahib olmaqdır. Şəhid olmaq həyatın sonu deyil, başlanğıcıdır. Şəhidlik olmadan vətən olmaz. Vətən şəhidlərin, uğrunda qan axıtdıqları torpaq parçasıdır. Bu gün sahib olduğumuz bu cənnət vətən, qəhrəman babalarımızın hər qarışını qanları ilə sulayaraq bizə əmanət etdikləri torpaqlardır. Əlhəmdulillah Azərbaycanın güclü ordusu var, biz ordumuza güvənirik, qələbə yolunda addımlayırıq. İnşallah tezliklə işğal olunmuş torpaqlarımız azad olacaq. Bu yolda hər bir müsəlman vətəninin təhlükə altında olduğu zaman yüksək fədakarlıqla onun müdafiəsinə qalxmalı, onun yolunda malını, canını və hər bir şeyini fəda etməyə hazır olmalıdır.” (xeberman.com)


 

Təzəpir Məscidinin axundu, ilahiyyatçı Mircəfər Əyyubzadə: "Tarixə nəzər salsaq, Ühüd döyüşündə görürük ki, komandirin əmrinə tabe olmaq üstünlüyü kafirlər tərəfə keçdiyi üçün Peyğəmbərin (s) dəstəsi məğlub oldu. Bu həqiqətdir. Vahid qüvvə ilə, deyilən vaxtda geri çəkilmək və əmr verilən vaxt irəli getmək fərmanına qulaq asmadıqları üçün müsəlmanlar məğlub oldular. Bu hər zaman belə olub. Allah-Təala bunu səbəb-nəticə qanunu kimi qoyub və heç kəs istisna deyil, yəni bu, Peyğəmbərin dəstəsidir, müsəlmandır, səhabədirlər, bunlar sözdən çıxsalar da, Peyğəmbərin əmrindən çıxsalar da, Allah onlara qələbə qazandıracaq deyə bir şey yoxdur. Bir ordu qələbə qazanmaq istəyirsə, komandirlərə qulaq asaraq, deyilən vaxtda var qüvvəsi irəli getməli, deyilən vaxtda dayanmalıdır. Çünki məsələlərin tam incəliyini bilmirik, hadisələrdən, proseslərdən tam təfərrüatı ilə məlumatımız yoxdur.

Biz hər anımızı müharibə olaraq gözləməliyik. Bu təkcə Azərbaycanda yox, bütün dünyada belədir. Biz bilirik ki, bütün dünyada müsəlmanları, o cümlədən Azərbaycan türklərini sevməyənlər az deyil. Elə istəyirlər ki, əziyyət çəkək, narahat olaq. Bu səbəbdən hər zaman səfərbər halda olmalıyıq: İstər Vətən, din üçün, istərsə də elm, quruculuq və sair üçün.” (faktxeber.com)


İlahiyyatçı Elşad Şükürlü: "Hər zaman torpaqlarımızı yağı düşmənlərdən azad etmək üçün hazıram.Son bir neçə gündə bizim igid əsgərlərimiz öz şücaətlərini göstərir. Şəhid olan qardaşlarımıza Allah təaladan rəhmət diləyir və ailələrinə səbr diləyirəm. Allah təala şəhidlərimizi Kərbəla şəhidlərimizin karvanına qoşsun. (xeberman.com)


İçərişəhər "Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli: "Bu günlərdə cəbhə xəttində gedən döyüşlərdə şəhid olan övladlarımızın ailələrinə və bütövlükdə Azərbaycan xalqına baş sağlığı verirəm və uca Allahdan xalqımıza və şəhid ailələrinə səbr diləyirəm.Onlar böyük evləri olan Azerbaycan üçün canlarından keçib şəhidlik zirvəsine ucaldılar. Elə bir zirvəyə ki, mələklər belə onlara qibtə edir.Allah bizlərə də bu şəhadət şərbətini içməyi nəsib etsin.Amin" (xeberman.com)


AİP-in sədr əvəzi, ilahiyyatçı-alim Hacı İlham Əliyev: "Son günlər cəbhədə rəşadətli və igid əsgərlərimizin simasında baş verənlər bir daha onu göstərdi ki, işğal altındakı torpaqlarımızın azadlığı yalnız şəhidlik ruhiyyəsi və vətənpərvər övladlarımızın sayəsində mümkün olacaq.Baş verən itkilər hamı kimi təbii ki, bizləri də üzdü və öz növbəmizdə dünyasını dəyişən hərbçilərimizin ailələrinə və yaxınlarına Allahdan səbr arzu edirik. Əslində şəhidlərimiz Quran məntiqinə əsasən ölməyiblər. Onlar həqiqətən diridirlər və Allah dərgahında böyük bir məqama sahibdirlər. Məhz şəhidlərimizin belə böyük və şərafətli məqama nail olduqlarına görə də təbrik edirəm. Bu gün cəmiyyət və xalq olaraq mövcudluğumuza və yaşamımıza görə vətən uğrunda canlarını fəda edən şəhidlərimizə borcluyuq. Hesab edirəm ki, tezliklə mərd və ləyaqətli övladlarımızın sayəsində işğaldan altında olan bütün torpaqlarımız azad ediləcək. " (islaminsesi)


 

İlahiyyatçı ruhani Kərbəlayi Rövşən Şərifov: Allahın adıyla. Son günlər cəbhə bölgələrində baş verən hadisələri izləyirik. Məscidimizdə hər gün camaat namazında hamılıqla dualar edirik. Cəbhədə yorulmadan vətən keşiyində dayanan hərbiçilərimiz üçün Allahdan yardım diləyirik. Ümüdvarıq ki, yaxın zamanlarda Allahın lütfü sayəsində qüdrətli ordumuzun gücü ilə o torpaqlar azad olunacaqdır. Hamı öz doğma yurduna qayıdacaqdır.

Allah şəhid ailələrinə səbr versin. Qurani Kərimimdə şəhidlik məqamı Allah yanında ən üstün məqamlardan sayılır. Şəhidlər ölməz sayılır. Quran onları diri və Allahın yanında ruzilənən sayır. Qiyamət günü insanlara şəfaət verən qrublardan biri də şəhidlərdir. Xalqımız bu vəziyyətdə yalnız dua etməli və İlahi təqdirlə razılaşmalıdr. Heç bir müsəlman qeyri-müsəlmanların ibadət yerlərini və müqəddəs məkanlarını dağıtmır və hörmətsizlik etmir. Amma düşmən bizim məsciddlərimizi xaraba qoyub, yararsız hala salıb və hətta məscid daxilinə heyvanlar bağlamaqla müsəlmanların dini inancına və heysiyyatına toşunmuşdur. Hətta Şuşa şəhərinin ikiminarəli məscidində etdikləri hörmətsizliklərini lentə alıb şəbəkələrdə paylaşmışdılar. Bunla da dünya onların bu iyrənc hərəkətlərinin şahidi olmuşdur.Allah bu zülmün bir cəzasını onlara dadızdıracaq. Qarabağ məscidlərini öz əvvəlki vəziyyətinə qaytaracaqdır." (xeberman.com)


İlahiyyatçı Kərbəlayi Qismət: "Vətənimizi qorumağa və şəhid olmağa hər an hazırıq.O torpaqlar bizim namusumuzdur.Torpaqlarımızın erməni daşnaklarının ayağı altd qalmasına heç vaxt razı ola bilmərik. Allah bu məzlum xalqa öz həqiqi kimliyini qorumaqda yardım etsin.Allah bu şəhadəti şəhidlərimizdən qəbul eləsin.” (xeberman.com)


12 ilahiyyatçı cəbhədəki olaylardan danışdı: "Biz hər an döyüşə hazırıq."



 

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]