Kriminal

Nəsimi polisi “lotoxana”ya girə bilmədi

17-02-2016, 17:59

19-cu Polis Bölməsinin əməkdaşları aşkar olunmuş qumarxana barədə tədbir görülməsini "sabah”a saxladılar

Artıq neçə müddətdir ki, "Bizim dövr” qəzetinin səhifələrində Bakının müxtəlif ərazilərində yerləşən və dəqiq ünvanlarını təqdim olunan qumarxanaların, əxlaqsızlıq yuvalarının və digər bu kimi pritonların bağlanması və ya ən azından fəaliyyətlərinin müvafiq orqanlar tərəfindən araşdırılması tələbi əks olunan yazılar dərc edilməkdədir. Dəfələrlə vurğuladığımız kimi, bu gün ərazisində bu kimi "müəssisələrə” xüsusilə çox rast gəlinən rayonlardan biri də Nəsimi rayonudur. Maraqlıdır ki, bu rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa hər kəs bu pritonları görür, tanıyır və onların fəaliyyətlərinin nədən ibarət olduğunu da çox gözəl bilir. Bununla belə, bəzi polis əməkdaşları hətta onların "əllərindən tutub” belə bir obyektin qarşısına gətirdikdə belə, qanuni tədbir görməkdə çətinlik çəkirlər.
Məlum olduğu kimi, hələ bir neçə il bundan əvvəl paytaxtda ən çox oynanılan qumar oynlarından biri kimi daha çox populyar olan klassik loto oyunu idi. Bəzi işbazlar bu oyunun ləvazimatlarının açıq satışda olmasından və oyunun kvalifikasiyaya görə məhz stolüstü oyunlara aid edilməsindən məharətlə yararlanaraq, lotonu ən çox yayılmış qumar oyununa çevirə bilmişdilər. Məsələ bundadır ki, nərd, domino və digər stolüsü oyunlardan fərqli olaraq, loto da oyunçuların sayını kifayət qədər artırmaq imkanı var. Digər tərəfdən də, qumarın əsas prinsipinə, yəni istənilən halda kazino sahiblərinin uduşda qalması şərtinə məhz lotoda çox asanlıqla əməl etmək olur. Təbii ki, kütləvi qumar, həm də kütləvi fəsadlar deməkdir. Məhz elə bu səbəbdən də, bir müddət sonra ölkə prezidentinin müvafiq fərmanı ilə loto oyunlarının ictimai yerlərdə oynanılmasına qadağa qoyuldu. Lakin belə məlum olur ki, bəzi işbazlar bütün qadağalara baxmayaraq klassik loto "ənənələrini” paytaxtımızda yenidən dirçəltmək niyyətindədirlər. Dünən isə, növbəti belə bir qumarxananın da "tam gücü ilə” fəaliyyətinin şahidi bizim əməkdaşımız olmuşdur. Həmin obyekt Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində, Seyidzadə küçəsi 13 ünvanında aşkar olunmuşdur. Əməkdaşımız bildirir ki, əvvəllər "Kontakt” telefon mağazasının yerləşdiyi bu obyektin hətta qapıları da açıq olduğundan, axşam saatlarında burada şıdırğı loto oynanıldığının özü bilavasitə şahidi olmuşdur. Əməkdaşımız "əlüstü” apardığı sorğu nəticəsində müəyyənləşdirmişdir ki, bu qumarxananın sahibi Rəşad adlı bir nəfərdir. Həm də məlum olmuşdur ki, Rəşad "Qara Vəzir” kimi tanınan və ölkədə qumar biznesinin böyük bir hissəsini nəzarətində saxladığı iddia olunan şəxsin kürəkənidir. Bu xüsusda öz iradlarını ilk növbədə qumarxananı işlədən şəxslərə bildirdikdən sonra, əməkdaşımız Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurmuşdur. Xidmətdən əməkdaşımızı Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinə yönəldiblər. Bölməyə gələn əməkdaşımız burada ərizə yazaraq, şahidi olduğu qanun pozuntusu barədə məlumat verib. Bundan sonra o, post-patrul xidmətinin əməkdaşları ilə birlikdə yenidən qumarxanaya yollanıb. Ən maraqlı hadisə isə burada baş verib. Amma yox, əslində maraqlı olan budur ki, burada heç nə baş verməyib. Polis əməkdaşları da vəziyyəti öz gözlərilə görmüş və qeyd olunmuş ünvanda yerləşən obyektdə həqiqətən də loto-qumar oynanıldığının şahidi olmuşlar. Lakin bunun müqabilində polis tərəfindən heç bir tədbir görülməmişdir. Polis işçiləri əməkdaşımıza demişlər ki, bütün lazımi tədbirlər sabah görüləcək.
Bizim üçün çox maraqlıdır, görəsən bu qumarxananın fəaliyyətinə Nəsimi Rayon Polis İdarəsinin, həmçinin pritonun yerləşdiyi əraziyə birbaşa nəzarəti həyata keçirən 19-cu Polis Bölməsinin rəhbərliyi tərəfindən hansı əsaslarla göz yumulur? Yəni doğrudanmı pul bu dərəcədə özbaşınalığa, hətta ölkə prezidentinin fərmanına qarşı belə etinasızlığa yol açmağa qadirdir? Göstərdiyimiz obyektdə bu gün qumar oynanılması və qumarın məhz loto vasitəsilə oynanılması faktdır. Həm də bu faktı nə Nəsimi RPİ-də, nə də 19-cu PB-də heç kəs inkar edə bilməz. Deməli istənilən halda, rayonun hüquq-mühafizə orqanları tərəfindən dövlət başçısının birbaşa tapşırıqlarının yerinə yetirilməsinə açıq-aşkar etinasızlıq nümayiş etdirilir. Bəs görəsən, bunun cəzasını kim çəkəcək?

Administratorla əlaqə

077 611-55-22

[email protected]