Gündəm

Qumarbaz polis əməkdaşı olmuş Faiq Tağıyev işindən niyə cəzasız çıxarılıb?

23-03-2016, 23:52

Mövcud qanunvericiliyimizə görə belə bir fəaliyyət növü ilə məşğul olmaq cinayət sayılsa da, deyəsən verilmiş tapşırıqlara Faiq Tağıyev və onun kimiləri heç cür məhəl qoymayıblar

"Gündəm Xəbər” qəzetinin ötən saylarının birində paytaxt Bakımızda, hətta ətraf şəhər və rayonlarda bir çox kafe və çayxanaların qanunsuzluğa söykənən fəaliyyətləri barədə müəyyən açıqlamalarla çıxış etmişdik. Yazıb onu da bildirmişdik ki, bu tip obyektlərdə əsasən futbol və digər idman oyunları adı altında, vətəndaşlar tərəfindən proqnoz verilərək pul qoyuluşları həyata keçirilir. Çox zaman isə, obyekt sahibləri bununla da kifayətlənməyərək, açıq-aşkar qumar oyunları da təşkil edirlər. İşıq üzü görən açıqlamamızda o məqama da toxunmuşduq ki, bəzi hallarda aşkar olunmuş qumarxana sahiblərinə qarşı cinayət işi başlasa və onlardan bəzilərinin həbsi həyata keçirilsə də, çox keçmir ki, onların yerini yeniləri tutmağa başlayırlar. Bu zaman hər kəsə bəlli olur ki, aşkar olunan qumarxana sahibləri məsuliyyətə cəlb olunsalar da, deməli həmin şəxslər heç də obyektin birbaşa sahibi deyillər. Yəni, həmin qumarxanalara rəhbərlik edənlər kənarda dayanan şəxslər olurlar.

Onu da vurğulamaq gərəkdir ki, bu gün Azərbaycanda qanunsuz fəaliyyət göstərən qumarxanalara qarşı, həqiqətən də dövlət tərəfindən real mübarizə tədbirləri həyata keçirilməkdədir. Bəzi hallarda o da görünür ki, daha geniş şəbəkəyə malik qumarxanaların arxasında duran qüvvələr, çox zaman hətta dövlət təpgisinə qarşı belə duruş gətirə bilirlər. Açıqlamamızda onu da vurğulamışdıq ki, istənilən ictimai-iaşə obyekti fəaliyyət göstərdiyi rayonun müvafiq polis orqanlarının tam nəzarətində fəaliyyət göstərirlər. Deməli, əksər hallarda qeyri-qanuni fəaliyyət göstərən qumarxanalara, məhz həmin rayonun vəzifəli polis əməkdaşlarının himayədarlıq etdikləri də, məntiqi cəhətdən həqiqəti ifadə edir. Hətta elə hallarda olur ki, qumarxana sahibləri bilavasitə himayəsində olduqları vəzifəli şəxslərin adını açıq-aşkar bəyan etməkdən belə çəkinmirlər. Belə bir ünvanlarda qumar oyunları ilə daha çox sıravi vətəndaşlar məşğul olsalar da, bəzi hallarda isə polis əməkdaşlarının da qumarxanalara müştəri qismində üz tutmaları və külli miqdarda pul uduzmaları, son anda onların hərəkətləri acı sonluqla da nəticələnir.

1449486906_3

Polis əməkdaşlarından bəzilərinin qumar oyunlarına aludə olmalarına gəlincə isə, bu barədə iddialarımız heç də əsassız deyil. Məsələn, hələ bir müddət bundan əvvəl redaksiyamıza bu yöndə məlumatı verən mənbə bildirmişdi ki, Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı olmuş Tağıyev Faiq Süleyman oğlu da, bəzi ünvanlarda fəaliyyət göstərən qumarxanalarda qumar oyunlarının həvəskarı kimi ad çıxartdığından, o, çox keçmir ki, daşıdığı vəzifəsinə "əlvida” da deməli olur. Baxmayaraq ki, Faiq Tağıyevin vəzifəsi paytaxtda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin və diplomatik nümayəndəliklərin mühafizəsi ilə məşğul olmaq olsa da, o, çox zaman asudə vaxt əldə etməyin yolunu da tapa bilirmiş. Məlumatlı mənbə onu da bildirir ki, ona asudə vaxt tapmaqda DİN-in 1 saylı poliklinikasında çalışan xanım əməkdaş (etika naminə adını çəkmirik) çox zaman yardımçı olurmuş. Məhz, həmin xanım həkimin verdiyi saxta xəstəlik vərəqələri (bülleten) Faiq Tağıyevin növbədə deyil, müxtəlif qumarxanalarda asudə vaxt keçirməsinə imkanlar da açır. Amma, o, asudə vaxtlarından səmərəli işlərə deyil, polis adıyla uzlaşmayan, onun şərəfinə, adına ləkə gətirən əməllərlə, yəni qumar oyunları ilə məşğul olurmuş. Mənbə polis əməkdaşının oynadığı qumar oyunlarında mütəmadi olaraq "cığallığa” yol verdiyini, əli "gətirən” vaxtlarda isə qazandığı uduşları öz kefinə xərclədiyini də bildirir. Elə ki, Faiq Tağıyevin uduzduğu hallarda olurmuş, o, həmin vaxt nəyin bahasına olursa-olsun, uduzduğu pulları geri qaytarmaq üçün müxtəlif vasitələrdən də istifadəyə üstünlük verir.

Mənbənin bildirdiyinə görə, o, belə məsələlərdə ailə üzvlərindən bəzilərini də, məsələyə qarışdırmaqdan çəkinmirmiş və uduzduğu pulları geri qaytarmaq üçün, o, hətta anasını və həyat yoldaşını müxtəlif instansiyalara ərizə yazmağa da təhrik edir.

Onu da qeyd edək ki, Faiq Tağıyevin polis əməkdaşı ola-ola qumar oyunlarında bir dəfəyə uduzduğu məbləğlər də, kifayət qədər diqqəti cəlb edən məbləğlər olub. Mənbə onu da vurğulayır ki, onun ayrı-ayrı ünvanlarda bir dəfəyə 16 min, hətta ümumilikdə 60 min manatdan çox pul uduzduğu hallar da olub. Diqqəti cəlb edən hal odur ki, aylıq məvacibi 250-300 manat civarında olan polis əməkdaşının, bu qədər pulu görəsən hansı mənbələrdən əldə edə bilib? Bax, belə bir halın varlığı, bu gün öz-özlüyündə böyük şübhələrə də yollar açır. Hal-hazırda tam əksəriyyəti, o cümlədən bizi də bir məqam düşündürür ki, görəsən Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarsinin əməkdaşı olmuş Tağıyev Faiq Süleyman oğlu, qol qoyduğu qumar oyunlarına görə, öz razılığı əsasında ərizəsi alınaraq daşıdığı vəzifəsindən uzaqlaşdırılır, amma heç bir halda tutduğu əməllərı görə cinayət məsuliyyətinə də cəlb olunmur?

1449486888_2

Baxmayaraq ki, 1998-ci ildə xalqımızın ulu öndəri mərhum prezidentimiz Heydər Əliyev tərəfindən, Azərbaycanda bütün qumarxanaların və müxtəlif adlar adı altında fəaliyyət göstərən ünvanların fəaliyyətlərinin qadağan olunması haqda verdiyi qərar, cəmiyyətdə yaxşı mənada rezonans da doğurmuşdu. Düzdür, qərarın verildiyi tarixə bir anlığa olsa belə ekskurs etsək, onu da müəyyən etmək olar ki, həmin illərdə hüquq-mühafizə orqanı əməkdaşları və digər vəzifə sahibləri, verilmiş tapşırıqlara uyğun lazımi addımlarını da atdılar. Müxtəlif ünvanlarda fəaliyyət göstərən qumarxanaların, kazinoların və.s fəaliyyətlərini, verilmiş qərara uyğun olaraq birdəfəlik qadağan da etdilər. Amma bu gün qumarxanaların fəaliyyətləri rəsmən qadağan olunsa da, daha çox Bakı şəhərində belə gizli oyun mərkəzləri, yenə də fəaliyyət göstərməkdədirlər

Qeyd olunan ünvanların fəaliyyət göstərmələri düz 17 ildir ki, qadağan olunsa da və mövcud qanunvericiliyimizə görə belə bir fəaliyyət növü ilə məşğul olmaq cinayət sayılsa da, deyəsən verilmiş tapşırıqlara Faiq Tağıyev və onun kimiləri heç bir halda məhəl qoymayıblar. Bir neçə gün bundan əvvəl belə bir məlumat da əldə edə bilmişdik ki, qumar oynadığına görə daşıdığı vəzifəsinə "əlvida” deyən sabiq polis əməkdaşı, son günlər olduqca çıxılmaz duruma düşür. Və qumar oynadığı qumarxana sahiblərindən birinə çatdırır ki, "evimi-eşiyimi satdığımdan ailəlikcə küçələrdə qalmışam, imkan daxilində mənə köməklik edin, yəni uduzduğum pullarımı geri qaytarın” deyə xahişini də çatdırır. Belə obyekt sahiblərindən biri də, daha dəqiq desək Nizami metrosunun həndəvərində və digər ünvanlarda fəaliyyət göstərən qumarxanalara rəhbərlik edən Zakir adlı şəxs olur ki, o da Faiq Tağıyevə Nizami metrosunun həndəvərindəki obyektdə uduzduğu 16 min manatdan 10 min manatını geri qaytarır. Qəzetimiz çapa gedərkən Faiq Tağıyevə məxsus (055-366-50-14) mobil telefonuna nə qədər zəng etsək də, təəssüflər olsun ki, ona zəng çatmadı. Məqsədimiz 10 min manat pulun niyə qaytarılması və digər problemlərlə bağlı, bir qədər dəqiqləşdirmələr aparmaq idi. 10 min manat pulu qaytaran Zakir adlı şəxslə əlaqə saxladıqda isə, onun cavabı o oldu ki, "Faiq Tağıyev bizim obyektdə pul uduzmayıb, sadəcə olaraq mən ona köməklik etmişəm” desə də, öz-özlüyümüzdə söylənən fikrə heç də inanmadıq.

P.S. Növbəti sayımızda istər Daxili İşlər Nazirliyi rəsmlərinin, istərsə də İctimai Təhlükəsizlik İdarəsi rəhbərliyinin problemin varlığına münasibət bildirmələrinə çalışacağıq. Çünki, qumar oyunlarının aludəçisi olmuş sabiq polis əməkdaşı Tağıyev Faiq Süleyman oğlunun, tutduğu əmələ görə heç bir cəza almadan polis orqanlarından uzaqlaşdırılması, bizim üçün hələ ki, qaranlıq qalan məsələlərdəndir. Çünki o, bir müddətdən sonra hansısa himayədarının köməkliyi sayəsində, DİN-nin digər sahələrində də əmək fəaliyyətini davam etdirə bilər. Əgər bu gün Faiq Tağıyev tutduğu əmələ görə lazımınca cəzalandırılmasa, heç kim təminat verə bilməz ki, o, sabah hansısa işlərlə də məşğul olmayacaq.

Mövzunu diqqətdə saxlayacağıq. –

Administratorla əlaqə

077 611-55-22

[email protected]