Ölkə

Şəhərin mərkəzində şıdırğı “insan alveri”

14-10-2016, 18:24
DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları isə, bu alveri görmək istəmirlər


Bir neçə gün bundan öncə, daha dəqiq desək, sentyabr ayının 29-da redaksiyamıza DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev tərəfindən imzalanmış məktub daxil olmuşdur. Qeyd edək ki, məktub 31.08.2016-cı tarixində imzalansa da, poçta az qala 1 ay sonra, sentyabrın 27-də təqdim olunmuşdur. Həmin məktubda bildirilir ki, bizim pzytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Hills” massaj salonunun əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi və bu obyektə Mehman Həsənovun himayədarlıq etməsi barədə Daxili İşlər Nazirliyinə ünvanladığımız müraciətə baxılmış, obyekt ətrafında müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş və... təyinatı üzrə fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Həmçinin məktubda qeyd olunur ki, salonun sahibi Səid Əliyevdir, obyekti Baxşəli Qəhrəmanov adlı şəxs icarə əsasında işlədir və o, Baş İdarədə verdiyi ifadəsində Mehman Həsənov adlı şəxsi tanımadığını bildirmişdir.

Əlbəttə ki, bu cavab bizi qətiyyən qane edə bilməz. İlk növbədə ona görə ki, Baxşəli Qəhrəmanovun kimliyi də bizə kifayət qədər yaxşı məlumdur. Belə ki, bu şəxs bilavasitə Mehman Həsənovun tabeliyində çalışan işçidir. Onun Mehman Həsənovu tanımadığı barədə dedikləri isə, ağ yalandır və hüquq-mühafizə orqanlarına qəsdən yalan ifadə vermək kimi qiymətləndirilməlidir. Əlbəttə, biz İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərini qətiyyən şübhə altına almaq niyyətində deyilik. Lakin fakt faktlığında qalır. "Hills” massaj salonu bu gün də məhz əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməkdədir. Bunu sübuta yetirmək üçün, biz hətta həmin obyektə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə birgə reyd keçirməyi də təklif edə bilərik. Həmçinin eyni sözləri biz Mehman Həsənovun nəzarətində olan digər pritonlar üçün də tam məsuliyyətlə deyə bilərik. Belə ki, Mehman Həsənovun sahib olduğu pritonlar şəbəkəsi nə sadəcə Nəsimi rayonu ilə, nə də tək bir "Hills” salonu ilə məhdudlaşmır. Tərəfimizdən müəyyən olunub ki, bu şəxsin paytaxtın Səbail rayonu ərazisində daha iki belə obyekti var. Bunlardan biri Bülbül prospektində, 39-cu Polis Bölməsilə eyni binada yerləşən "Diana” massaj salonu, digəri isə, Xəqani küçəsi 14 ünvanında yerləşən "Aqfa” massaj salonudur.

Əməliyyat tədbirləri zamanı qeyd olunan faktların necə aşkar olunmamasını biz şərh etmək istəməzdik. Amma diqqət edirsinizsə, biz sentyabr ayının 29-da aldığımız məktubda göstərilənlər barədə fikirlərimizi yalnız indi, təxminən iki həftə sonra bildiririk. Bunun səbəbi isə, keçən müddət ərzində adları çəkilən obyektlərdə təkrar müşahidələr aparmağımız, məlumat toplamağımız olub. Müşahidələrimiz bir daha göstərdi ki, Mehman Həsənov həqiqətən də əsil pritonlar şəbəkəsinin sahibidir. Ən azından bu üç obyektin fəaliyyətinə dair indiyədək yazdıqlarımızda heç bir dəyişiklik yoxdur. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinə gəlincə isə, əldə etdiyimiz məlumata görə, Mehman Həsənov bu barədə xəbərdar olduğunu və həmin tədbirlərin nəticələrinin məhz bizim aldığımız məktubda əks olunduğu kimi alınması üçün, özü də müəyyən "qabaqlayıcı tədbirlər” gördüyünü bəyan edib. Bu tədbirlərin nədən ibarət olduğunu biz bilmirik. Eləcə də, Mehmanın hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları ilə "anlaşdığını” iddia edən söz-söhbətlər ətrafında müzakirələr də açmaq istəmirik. Bununla belə, aparılmış əməliyyat tədbirləri nəticəsində "Hills” massaj salonunda mövcud olan əsil həqiqi durumun aşkarlanmadığını da inkar edə bilmərik. Bir daha tam məsuliyyətlə bəyan edirik ki, adlarını çəkdiyimiz hər üç obyektə bizim iştirakımızla reyd keçirilərsə, irəli sürdüyümüz ittihamların tam olaraq öz təsdiqini tapacağına əminik.

Materialda adları çəkilən bütün tərəflərin mövqeyini öyrənə bilərik.

bizimdovr.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]