Əsas Səhifə / Xəbərlər / Media

Həbs edilmiş jurnalistin həyat yoldaşı də məhkəmə təqibinə məruz qalıb

9-05-2021, 14:37
 
Turan: Həbsdə olan jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova məhkəm təqibinə məruz qalıb. Bundan əvvəl Polad Aslanova qarşı ifadə verən vətəndaş Arifə Əliyeva məhkəməyə ona qarşı iddia ilə müraciət edib.
“Mən həyat yoldaşımın məhkəməsindən sonra ibtidai istintaqda ona böhtan atanların adlarını açıqlayacağıma söz vermişdim. Arifə Əliyeva məhkəmədə həyat yoldaşımın və vəkillərin suallarına cavabda ibtidai istintaqa verdiyi ifadələri təkzib edib. Hakim onun ilkin ifadəsini oxuduqda isə onu təsdiq edib. Bütün bunlar barədə mən Feysbukda canlı yayımda və kütləvi informasiya vasitələrində danışdım. İndi Əliyeva məni böhtan atmaqda ittiham edir, üzr istəməyimi və 5 min manat cərimə ödəməyimi tələb edir”, deyə Aslanova bildirib.
“Hesab edirəm ki, iddia mənə təzyiq məqsədilə, həyat yoldaşımın müdafiəsinə son qoymağım üçün qaldırılıb”, deyə Aslanova bildirib.
İddia Nərimanov rayon məhkəməsinə verilib, amma Aslanova Tovuzda qeydiyyatdadır, buna görə iş Tovuz rayon məhkəməsinə göndəriləcək.
Arifə Əliyeva sosial şəbəkələrdə Aslanovaya qarşı iddia qaldırdığını təsdiq edib.
* 2020-ci il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 17 il həbsini istəyib.
Aslanov 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edib. Aslanov bütün ittihamları təkzib edib, korrupsiya faktlarını ifşa etdiyinə görə təqib edildiyini bildirib.
Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyiblər və onu azad etməyə çağırıblar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]