Foto Fakt

Ağcabədidə yeni Vergi ödəyicilərinə xidmət mərkəzi açılıb (FOTO)

25-01-2017, 21:04
Yanvarın 25-də 8 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə daxil olan Ağcabədi rayonunda Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə daha bir Vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı olub.
Xeberman.com-un verdiy məlumata görə, açılış mərasimində iştirak edən vergilər nazirinin müavini Sahib Ələkbərov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, vergilərin könüllü ödənilməsi sisteminin gücləndirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi və daha əlçatan olması məqsədilə Vergilər Nazirliyi tərəfindən regionlarda, xüsusilə vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılır. Hazırda respublikada müasir standartlara cavab verən 57 belə xidmət mərkəzi uğurla fəaliyyət göstərir. Bildirilib ki, 8 saylı ƏVİ-nin əhatə dairəsinə daxil olan Beyləqan və İmişli rayonlarında bu cür xidmət mərkəzi artıq mövcud idi, indi isə Ağcabədi rayonundan olan sahibkarlar üçün yeni bir mərkəz istifadəyə verilir.
Ölkə başçısı İlham Əliyevin «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi  haqqında» sərəncamına toxunan S.Ələkbərov bildirib ki, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsi, ölkədə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunması nəzərdə tutulur.
Bu istiqamətdə görülən işlər çərçivəsində intizamlı vergi ödəyiciləri üçün “Yaşıl dəhliz” prinsipi əsasında şəffaf vergi partnyorluğu münasibətlərinin qurulması, onlara göstəriləcək xidmətlərin yüksək səviyyədə təşkili əsas məsələlərdəndir.
Yeni istifadəyə verilən Vergi ödəyicilərinə xidmət mərkəzində sahibkarlara vergi uçotuna alınmaq, vergi qanunvericiliyinin tətbiqi, vergi bəyannamələrinin tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılmasına dair xidmətlər göstəriləcək, müraciət edənlərə büdcəyə olan borclarının öyrənilməsi və öz şəxsi vərəqələrinə nəzər salmaq imkanı yaradılmışdır. Burada, həmçinin sahibkarlıq fəaliyyətinə yeni başlayanlara təlimlər də təşkil olunacaq. Sabit vergi ödəyən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi də sözügedən xidmət mərkəzindən əldə edə biləcəklər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]