Xəbərlər

Vergilər Nazirliyində görüş keçirilib

20-12-2016, 23:18

 

Vergilər Nazirliyində görüş keçirilibVergilər Nazirliyində Türkiyə Maliyyə Nazirliyinin Gəlir İdarəsi Başqanlığının nümayəndə heyəti ilə görüş keçirilib.

Qurumun mətbuat xidmətindən Xeberman.com-a verilən məlumata görə, vergilər nazirinin müavini Sahib Ələkbərov qonaqlara ölkədə həyata keçirilən vergi siyasəti barədə məlumat verib.

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq göstərişlərinə uyğun olaraq, vergi orqanları tərəfindən sahibkarlığın inkişafının dəstəklənməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması məqsədilə bir sıra mühüm addımlar atılıb, o cümlədən vergi qanunvericiliyi və inzibatçılığında bir sıra ciddi dəyişikliklər edilib.

Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində apardığı işlərə toxunan nazir müavini bildirib ki, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə iri şəhər və rayonlarda vergi ödəyiciləri üçün 57 xidmət mərkəzi yaradılıb, vergi ödəyicilərinə 63 elektron xidmət göstərilir.

Nazir müavini Vergilər Nazirliyi yanında Çağrı Mərkəzinin fəaliyyəti barədə məlumat verərək Mərkəzin yaradılması zamanı Türkiyə təcrübəsindən istifadə edildiyini vurğulayıb. O, ölkələr arasında tarixi bağlılıq, sıx əməkdaşlıq və dostluq münasibətlərinə toxunaraq bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Artıq vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə intizamlı vergi ödəyicilərinə xidmətin "Yaşıl dəhliz” prinsipi əsasında həyata keçirilməsinə başlanılıb. Bu məqsədlə şəffaf vergi partnyorluğu idarələri yaradılıb və fəaliyyətini şəffaf olan digər vergi ödəyicilərinə də münasibətdə "Yaşıl dəhliz” prinsipi əsasında xidmətlərin göstərilməsi təmin ediləcək.

Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət baş İdarəsinin və Türkiyə Maliyyə Nazirliyinin Gəlir Administrasiyasının nümayəndələri vergi ödəyicilərinə xidmət sahəsində keçirdikləri tədbirlər barədə, Mahmut Sütçü isə "Bəzi vergi borclarının yenidən strukturlaşdırılması” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimat zamanı borclu vergi ödəyiciləri ilə iş prinsipi, bu sahədə mövcud qanunvericilik və vergi borclarının yenidən strukturlaşdırılması işləri barədə məlumat verilib.

Görüşdən sonra qonaqlar Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Xidmət və uçot idarəsinin, habelə Tədris Mərkəzinin və Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin fəaliyyəti ilə tanış olublar.

Sabah onlar Vətəndaşlara xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin "Asan Xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olacaqlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]