Vergilər Nazirliyində vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlərlə görüş keçirilib
Vergilər Nazirliyində Azərbaycan Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamında verilmiş tapşırıqların icrası ilə bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə vergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanov, vergilər nazirinin müavini İlkin Vəliyev, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov, nazirliyin Vergi ödəyicilərinə xidmət baş İdarəsinin rəisi Mahir Rəfiyev, vətəndaş cəmiyyətinin nümayəndələri, o cümlədən müstəqil ekspertlərdən Fikrət Yusifov, Vüqar Bayramov, Samir Əliyev, Qalib Bayramov və Sevgim Rəhimov iştirak ediblər.
Görüşdə çıxış edən vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov vergi sistemində aparılan islahatlar və həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verərək qeyd edib ki, yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq, biznes mühitinin yaxşılaşdırılması və vergi ödəyicilərinin fəaliyyətinin genişləndirilməsi üçün həm qanunverici səviyyədə, həm də Vergilər Nazirliyinin öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atılıb.
Nazirin birinci müavini Azərbaycan Respublikasının Prezidentinin imzaladığı "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamına toxunaraq bildirib ki, həmin Sərəncamla 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların əsas istiqamətləri təsdiq edilib.
Bu Sərəncam cari ildə vergi inzibatçılığı sahəsində əhəmiyyətli tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu tədbirlərə vergitutma bazasının genişləndirilməsi, vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, nümunəvi vergi ödəyicilərinin müəyyən edilməsi, vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması, elektron auditin tətbiqi dairəsinin genişləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, risk qiymətləndirilməsi sisteminin yaradılması, vergi bəyannamələrinin formalarının təkmilləşdirilməsi istiqamətində vergi islahatlarının davam etdirilməsi və s. aiddir.
İslahatlar real vergi potensialının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi, vergi bazasının genişləndirilməsi, vergi öhdəliklərinə əməl olunması, habelə uçot və risklərin idarə edilməsi sahələrində nəzarətin gücləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi, vergi ödəyicilərinin məlumatlandırılması sahəsində görülən işlərin keyfiyyətinin yüksəldilməsi kimi məqsədlərə xidmət edir.
Görüşün keçiriməsində məqsədin yeni vergi islahatları barədə vətəndaş cəmiyyətinin nümayəndələrini ətraflı məlumatlandırmaq, eyni zamanda, onların fikir və rəyləri ilə tanış olmaq xarakteri daşıdığını bildirən S.Məmmədxanov islahatların uğurla həyata keçirilməsində ictimai nəzarətin rolunun mühüm olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən ekspertlər görüşün keçirilməsinin vətəndaş cəmiyyəti üçün əhəmiyyətli xarakter daşıdığını vurğulayaraq sərəncamın vergi islahatlarının təkmilləşdirilməsi sahəsində yeni mərhələnin əsasını qoyduğunu qeyd ediblər.
Ekspertlər sərəncamın icrası ilə bağlı təkliflərini səsləndirərək, yeni vergi islahatlarında müasir texnologiyaların tətbiqinin daha da genişləndirilməsi, bir sıra istiqamətlərdə, o cümlədən, nağdsız hesablaşmalar sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqinin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, sərəncam vergi sisteminin beynəlxalq praktikaya tam uyğunlaşması, vergi yükünün ciddi şəkildə azalması, vergi nəzarətinin sadələşdirilməsi, pərakəndə ticarətdə növü üzrə çalışanların gəlirlərinin stimullaşdırılması, ölkədə nağdsız hesablaşmaların genişlənməsi kimi mütərəqqi addımlara yol açacaq.
Görüş müzakirələrlə davam etdirilib və həyata keçiriləcək islahatlarla bağlı ətraflı fikir mübadiləsi aparılıb.