Əsas Səhifə / İqtisadiyyat

"Elektron qara bazar" mafiyasının şok gizlinləri ortaya çıxdı

22-12-2015, 11:48
"Elektron qara bazar" mafiyasının şok gizlinləri ortaya çıxdıBakı Şəhər Vergilər Departamenti ilə elektron xidmət göstərən şirkətin rəhbərliyi arasında qalmaqal; Qanunda 1 misralıq dəyişiklik ildə 150 milyon vergini Azərbaycan büdcəsinə transfer edə bilər

Xeberman.com-un xəbər verir ki, "Yeni Müsavat"ın müsahibi Tamerlan Hacıyevdir. O, Azərbaycan üçün nisbətən yeni fəaliyyət növü – elektron xidmətlərin göstərilməsi üzrə şirkətin təsisçisidir. Hazırda şirkət Bakı Vergilər Departamentini məhkəmə verməyə hazırlaşır. T.Hacıyevin sözlərindən belə aydın olur ki, Vergilər Nazirliyi ilə Bakı Vergilər Departamenti arasında yaranan problem son nəticədə bu növ sahibkarlıqla məşğul olan iş adamlarının qanunsuz cərimə olunmasına, çökdürülməsinə, “elektron qara bazar” oyunçularına meydan açır.

T.Hacıyevin şirkəti onlayn xidmətlə məşğul olan bir çox nəhəng xarici şirkətlərə belə demək mümkünsə xidmət göstərir. Məsələn, bu gün elektron xidmət – sosial şəbəkə xidməti göstərən şirkətlər istifadəçilərinə elektron qaydada bir-birinə hədiyyə göndərmək imkanı yaradır. Belə e-hədiyyələrin qiyməti 5 qəpikdən başlayır. Azərbaycandan olan istifadəçi yarımkürənin əks tərəfində olan istifadəçiyə 1 e-gül və ya digər e-hədiyyə yollamaq istəyirsə, xidməti təklif edən şirkətə pulu elektron terminal, e-pul kisəsi vasitəsi ilə həmin xidmətin haqqını çatdırmalı olur – yəni 5 qəpik Azərbaycanın istənilən nöqtəsindəki terminaldan və ya e-pul kisəsi vasitəsi ödəyir, ona uyğun xidmət göstərilir.

Bu gün Azərbaycanda həmin e-xidmətlər göstərən xarici şirkətlərin daimi nümayəndəlikləri yoxdur. Ona görə də mövcud ödənişlər vergiyə cəlb oluna bilməz.
T.Hacıyev Almaniya praktikasından danışır. Deyir ki, Almaniyada elektron xidmət göstərən şirkətləri vergiyə cəlb etmək üçün qanunvericilik bazası var. Şirkət Almaniya ərazisində e-xidmət göstərmək istəyirsə, orada daimi nümayəndəliyini açmalıdır və vergisini Almaniyanın dövlət büdcəsinə ödəməlidir.

Azərbaycan qanunlarında belə bir tələb yoxdur və ölkədən hər il bu sahə vasitəsi ilə təxmini hesablamalara görə astronomik məbləğ - 1 milyard 500 milyon manata yaxın pul xaricə axır. Vergi qanunvericiliyindəki boşluq dövlət büdcəmizin ildə təxminən 150 milyon manat verginin itirməsinə səbəb olur. Odur ki, Azərbaycanda “elektron qara bazar” illərdir ki, genişlənir və bundan qazanıb ölkənin büdcəsinə heç bir formada vergi ödəməyənlər də kifayət qədərdir.

T.Hacıyev deyir ki, hazırda e-xidmətlər göstərən şirkətlərin Azərbaycanda daimi nümayəndəlikləri yoxdur. Onun təsisçisi olduğu şirkət isə bu sahədə az-çox təcrübəsi olan şirkətdir. E-xidmətlər göstərən, dünyada tanınan şirkətlərdən bir çoxu ilə birbaşa müqavilə imzalayan yeganə şirkət də T.Hacıyevin şirkətidir.

- 2 il əvvəl bizim şirkət bazara daxil olanda Azərbaycanda plastik kart sahibi olmayan istifadəçilər onlara lazım olan e-xidmətdən boz sxemlər, “elektron qara bazar” vasitəsi ilə yararlanırdılar. Biz bazara daxil olandan sonra “elektron qara bazar” oyunçularının yolunda əsl maneəyə çevrildik və indi onlar Bakı Vergilər Departamentinin əli ilə bizi bu sferadan uzaqlaşdırmağa çalışırlar. Bundan ötrü bizi partnyorlarımızdan – yəni həmin xidmətləri istifadəçiyə təqdim edən şirkətdən oğurluq etməyə, oğurladığımız vəsaiti vergi orqanlarına ödəməyə vadar etməyə çalışırlar.

- Bu gün sizin şirkət hesabatını apardığı xarici şirkətlərə Azərbaycanda göstərdikləri e-xidmətlərə görə nə qədər vəsait ödənilir?

- İldə təxminən 3 milyon manata yaxın.

- Bir qədər konkretləşdirək. Demək istəyirsiniz ki, 3 milyonluq dövriyə xarici şirkətindir, amma həmin məbləğin vergisini sizdən tələb edirlər?

- Tamamilə doğrudur. 12 ildən çoxdur ki, ölkəmizdə elektron kommersiya fəal inkişaf edir. Amma təəssüflər olsun ki, Azərbaycanda e-xidməti təklif edən xarici şirkətin daimi nümayəndəliyi ölkəmizdə olmadığından, həmin xidməti ondan istifadə edən sadə azərbaycanlıya təqdim edən vasitəçi şirkətlər xaricdə yerləşdiyindən bu sahədən əldə olunan gəliri vergiyə cəlb etmək olmurdu. Qanunverici baza olmadığından bizim şirkət də xarici şirkətin nümayəndəliyinə çevrilə bilmir. Müvafiq olaraq, məsələn, Almaniyada olduğu kimi vergi də ödəyə bilmirik. Biz yalnız xidməti göstərən xarici şirkətdən aldığımız faizlərdən gəlir vergisi şəklində dövlətimizə vergi ödəyirik. Biz bir qayda olaraq, oyunlar üzrə ödəmələr sahəsində ixtisaslaşmışıq. Bu sahə 2 il bundan əvvəl “elektron qara bazar”ın tam nəzarəti altında idi. Hər il ölkədən 50 milyon manatdan çox vəsait heç bir vergi tətbiq edilmədən, qeydiyyat və nəzarət həyata keçirilmədən axıb gedir. 2 il ərzində biz öz işimizi qurduq. 2 milyon 800 min manat məbləğində vəsaitin hesabatını aparmağa müvəffəq olduq. Əlbəttə ki, bu, dəryada bir damcıdır. 50 milyondan 47 milyon 200 min manatın hesabatını bu gün aparan yoxdur. Müvafiq olaraq əldə olunan gəlirdən vergi ödəyənlər də yoxdur. Amma aparılan araşdırmalar nəticəsində 60-70 faiz gəlir əldə edən işbazlar anladılar ki, yem təknələrini itirmək riski ilə üz-üzə qalıblar.

- “Elektron qara bazar”dan fəaliyyətinizi fərqləndirən nədir?

- Bunun üçün elektron ödəmə bazarını bizdən əvvəlki və bizdən sonrakı dövrlə müqayisə etmək lazımdır. Bir neçə il bundan əvvəl oyun və sosial şəbəkə istifadəçiləri 60-70 faiz gizli komissiya ödəyir və heç bundan şübhələnmirdilər də. Virtual xidmətin öz xüsusiyyətləri var. Belə ki, bu və ya digər oyun xidməti üçün haqq ödəyərkən istifadəçi pulunun virtual ekvivalentini əldə edir – “e-brilyant”, “e-qızıl”, “e-almaz”, “OK” və s. Bunu hamı bilsə də, 1 “e-birilyant”ın və ya 1 “OK”un neçəyə olması barədə düşünən çox az adam tapılar. Əksəriyyət, sadəcə, müəyyən məbləği ödəyir və qiymət düşünmədən onun virtual ekvivalentini əldə edirlər. Məsələn, 1 manat ödəyib və istədiyi digər istifadəçiyə bir e-hədiyyə yollayır. İstifadəçinin terminal vasitəsi ilə ödədiyi pul, məsələn, Qazaxıstandakı vasitəçi şirkətin vasitəsi ilə xidməti təqdim edən şirkətə çatır.

Belə deyək, 10 e-hədiyyəni xidməti təqdim edən şirkət 1 manata satırsa, vasitəçi şirkət həmin 10 e-hədiyyəni Azərbaycandakı istifadəçiyə 4 manata satır. Əldə etdiyi gəliri özünə götürür, 1 manatı da xidməti təklif edən şirkətə ödəyir. Əlbəttə ki, bu zaman 3 manatı qazanan Qazaxıstandakı vasitəçi şirkət bundan Azərbaycanda vergi ödəmir. Bizim şirkət isə ilk növbədə istifadəçini aldatmır, xidməti təklif edən xarici şirkətin xidmətə görə aldığı vəsaitə heç bir əlavə etmədən istifadəçiyə çatmasına şərait yaradır. Bunun əvəzində Azərbaycan vətəndaşına keyfiyyətli xidmət göstərilir, xarici şirkətdən aldığımız faizlərdən Azərbaycan büdcəsinə gəlir vergisi ödəyirik. Bizim şirkət bu sahədən əldə edilən gəlirə görə Azərbaycan büdcəsinə pul ödəyən yeganə şirkətdir. Məntiqlə bizim şirkətin fəaliyyəti üçün dövlət orqanları köməklik etməlidirlər. Amma bu gün bizim şirkətə əsassız vergi yazmaqla boğulması üçün əllərindən gələni edirlər. Bu da “elektron qara bazar” oyunçularının maraqları ilə yüzdə yüz üst-üstə düşür.

- Bu gün qüvvədə olan qanunvericiliyə görə ölkə daxilində qazanılan pulun vergisini sizin şirkət, yoxsa xidmətləri təqdim edən tərəf ödəməlidir?

- Bax elə problem buradan başlayır. Məsələ burasındadır ki, ölkə büdcəsinə bacardığımız qədər xeyir vermək istədiyimiz halda partnyorlarımızın pulundan vergi tutmaq haqqına sahib deyilik. Bizim belə bir səlahiyyətimiz yoxdur. Bu birbaşa xidməti təklif edənin - yəni xarici şirkətin üzərinə düşən öhdəlikdir. Biz vergi agenti deyilik. Əvvəla, xidmətin birbaşa alışı və satışı prosesində iştirak etmirik. Alqı-satqı birbaşa satıcı ilə alıcı arasında gedir. Bu da qeydiyyat və ya ödəmə zamanı bağlanan lisenziyalı saziş əsasında nizamlanır. Amma bu, o demək deyil ki, ümumiyyətlə heç bir vergi ödənilmir. Partnyorlarımızın hamısı öz imiclərinə çox həssas yanaşır və nüfuzlarına xələl gətirəcək addıma yol vermirlər. Onlar bütün vergiləri qanunun tələb etdiyi yerdə - yəni öz vətənlərində ödəyirlər. Təəssüf ki, bizim qanunlarımızın əsası 90-cı illərdə qoyulub. O zaman da virtual məkanda çoxmilyonluq dövriyə imkanlarının nəzərə alınması mümkünsüz idi. Bu gün həmin problemdən əziyyət çəkən tək Azərbaycan deyil. Dünyanın bir çox ölkələrində bu çətinlik mövcuddur. Avropa ölkələri vəziyyətdən çıxış yolu kimi qanunvericilik bazasını dəyişib onu dövrün reallıqları ilə uzlaşdırır. Çin kimi ölkədə isə vergi disbalansı yaratmamaq üçün belə e-xidmət blok edilir. Bu halda böyük Çin bazarında xidmət göstərmək istəyən şirkət məcbur olur ki, gedib Çində fəaliyyətə başlasın. Bu halda əldə edilən gəlir də Çində qalır. Azərbaycan isə yeganə ölkədir ki, səni qanuna əməl etdiyin üçün cəzalandırırlar.

- Vergilər üzrə mütəxəssis deyiləm, amma məsələnin nə yerdə olduğunu qismən də olsa, anladım. Maraqlıdır ki, Bakı Vergi Departamenti əməkdaşları həqiqətənmi tutduğunuz mövqeyi anlamaqda bu qədər çətinlik çəkir? Yoxsa sizin şirkəti “elektron qara bazar”a qurban verirlər?

- Bizim şirkətdə yoxlama başlayanda bunun adi yoxlama olduğunu və fəaliyyətimizin departament əməkdaşları tərəfindən yetərincə dərk edilmədiyi üçün belə problemin yarandığını düşündük. Onlara fəaliyyətimizin bütün incəliklərini izah etməyə başladıq. Üstəlik, başqa ölkələrin timsalında bu sahə üzrə qanunu pozmadan vergi balansı yaratmağı təklif etdik. Bundan ötrü bir neçə yerdə düzəliş etmək və e-xidməti təklif edən şirkətə ödənişin həyata keçirildiyi ölkədə vergi ödəmək üçün icazə vermək kifayətdir. Belə olduğu halda e-xidməti təklif edən şirkət təkrar vergi ödəyicisi olmayacaq. Amma çox keçmədi anladıq ki, qarşı tərəflə heç bir dialoq mümkün deyil. Bu azmış kimi, yoxlama tam başa çatmamış şirkətimizin guya bağlanması barədə şayiələr yayılmağa başladı. O zaman anladıq ki, baş verənlər sifarişdir. Əlimizdə başqa sübutlar da var. Məhkəməyə müraciət etmək məcburiyyətində qalsaq, onları orada açıqlayacağıq.

- Bu gün Vergilər Nazirliyi elektron xidmətlər baxımından bütün digər dövlət qurumlarının belə demək mümkünsə flaqmanıdır. Belə bir halda elektron xidmətlərlə bağlı nazirliyin müvafiq mütəxəssislərinin olmaması sadəcə mümkün deyil. Axı bu necə ola bilər?

- Görünür, belə də olur... Yoxlamanın başlandığı ilk gündə bizim qarşımıza partnyorlarımızın dövriyyəsinin 10 faizini ödəmək şərti qoyuldu. Agent olaraq qazancımızın cəmi 5 faiz təşkil etdiyini nəzərə alsaq, deməli, biz ikiqat vergi ödəməliyik. Onlar bildirdilər ki, şərtlərini öz xoşumuzla qəbul etməsək, bizimlə başqa dildə danışacaqlar. Açıq desəm, bizi biznesimizi itirmək təhlükəsi ilə hədələdilər. Amma haqlı olduğumuzu və qanundan kənara çıxmadığımızı bildiyimiz üçün sona kimi mübarizə aparmaq qərarın vermişik. Biz artıq Vergilər Nazirliyinə sorğu ilə müraciət etmişik. 195 xidmətində bizi diqqətlə dinlədilər və bildirdilər ki, Azərbaycan Vergi Məcəlləsinə görə dövlətlərimiz arasındakı sazişə uyğun olaraq e-xidməti Azərbaycanda təqdim edən partnyorumuz yalnız öz ölkəsində vergi ödəməlidir. Hər ehtimala qarşı biz Rusiya Federasiyasının Vergi Xidmətinə də müraciət etdik.

Həmin qurumdan da eyni cavabı aldıq. Müqaviləni çap edərək 2 nazirliyin cavabı ilə birgə Bakı Vergi Departamentinin auditorlarına ünvanladıq. Bizə verilən cavabdan anladıq ki, səylərimizə baxmayaraq, onların məsələyə yanaşması dəyişməyəcək. Belə olduğu halda biz ya tələb olunan vəsaiti ödəməli, ya da heç bir nəticə olmadığı halda nazirliyə şikayət etməyə davam etməli idik. Biz 2-ci yolu seçdik. Nazirlik şikayətimizi araşdırmaq üçün departamentə göndərdi. Departamentdə məsələyə daha “incəliklə” aydınlıq gətirildi. Bizə bildirdilər ki, 10 faiz vergi ödəmək istəmirsinizsə, əlavə olaraq ƏDV də ödəməli olacaqsınız! Yəni, 28 faiz...

Axı burada hansı ƏDV-dən söhbət gedə bilər? Biz heç nə alıb satmırıq! Vəziyyəti aydınlaşdırmaq üçün kiçik eksperiment aparmaq qərarına gəldik. Alıcı istifadəçinin özü olduğu üçün biz onları vergi ödəmək məcburiyyətində olmaları barədə məlumatlandırdıq. Onlar da öz növbələrində Vergilər Nazirliyi yanında sorğu xidmətinə müraciət etdilər. Aldıqları cavab belə oldu: “Xidməti qeyri-kommersiya məqsədilə əldə etdiyiniz üçün vergi ödəməyə ehtiyac yoxdur”.

Əslində bu cavab öz-özlüyündə üzləşdiyimiz vəziyyətə tam aydınlıq gətirir. Yerli qanunvericiliyə görə, alıcının, beynəlxalq müqavilənin şərtlərinə görə isə satıcının heç bir vergi öhdəliyi yoxdur. Auditorların qeyri-obyektiv mövqeyini nəzərə alaraq, onlara Vergi Məcəlləsini xatırlatdıq. Belə ki, məcəlləyə görə, bütün vergilər iqtisadi cəhətdən əsaslanmalı, istənilən ziddiyyət isə vergi ödəyicisinin xeyrinə həll edilməlidir. Yerli qanunvericiliklə beynəlxalq müqavilə arasında ziddiyyət yaranarkən isə məlum məsələdir ki, beynəlxalq sənəd üstün tutulur. Biz onlar üçün əlavə arqumentlər səsləndirdik: plastik kartla ödəmə onların arzusuna əsasən nağd ödənişdən 10 və ya 28 faizi baha ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Məsələyə onların məntiqi ilə yanaşsaq, onda gərək həmin vergi banklardan da, bukmeker və sığorta agentlərindən də tutulsun. Mahiyyət etibarı ilə onlar da bizim kimi eyni xidməti göstərirlər – xidmət tədarükçüsü ilə alıcı arasında əlaqə yaradırlar.

- Deməli, siz öz dövriyyənizə, yəni sifarişçidən, başqa sözlə desək, e-xidməti göstərən xarici şirkətdən aldığınız haqqa uyğun vergi ödəyirsiniz?

- Bəli, hər şey göz qabağındadır. Reallıqla barışmaq əvəzinə onlar əvvəlki vergilərin 50 faizi qədər sanksiya da tətbiq edirlər. Bizə “vaxtında razılığa gəlsəydiniz, sanksiya tətbiq edilməzdi” cavabı verildi. Haqqımızı tələb etdiyimiz üçün xarici şirkətin dövriyyəsinin 57 faizini bizə hesabladılar. Nəticədə alınan məbləğ 1 milyon 600 min manat təşkil etdi! Ən maraqlısı isə bütün prosessual normaların kobud şəkildə pozulmasıdır. Aktı aldıqdan sonra 2 dəfə yazılı şikayət etsək də, 1 ay ərzində bununla bağlı heç bir cavab almamışıq. Buna baxmayaraq, rəsmi qaydada vergi borcu olanlar siyahısına daxil edilmişik. İndi apelyasiya şikayəti ilə Vergilər Nazirliyinə müraciət etmişik. Ümid edirik ki, bu dəfə haqq-ədalət öz yerini tapacaq.

- Bu dəfə problemin həll olunacağı ümidiniz nədən qaynaqlanır?

- 195 xidməti ilə apardığımız bütün danışıqların səs yazısını saxlamışıq. Hesab edirəm ki, Vergilər Nazirliyinin tam nəzarətində olan əməkdaşları kiçik və orta biznesin inkişafı üçün əlverişli şəraitin yaradılması ilə bağlı rəhbərlikdən aldıqları tapşırıqları icra edirlər. Son sözü departamentin yox, nazirliyin əməkdaşları deyəcəklər. Əks təqdirdə belə çıxacaq ki, Azərbaycanda Vergi Departamenti qeyri-məhdud səlahiyyətlərə sahibdir! Adi inspektorun parlamentin qəbul etdiyi qanunu inkar edən, hökumətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə ziddiyyət təşkil edən, prezidentin dövlətin antiböhran istiqaməti üzrə inkişafı ilə bağlı prinsiplərinə uyğun gəlməyən fikirlər yürütmək kimi səlahiyyəti var. Üstəlik, dövlət başçımız şəxsən özü sahibkarla əsassız mübahisələri ciddi şəkildə qadağan edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]