İqtisadiyyat
İlham Əliyevdən yeni qanun layihəsi- vergilər azaldılır
14-12-2016, 20:10
Prezident İlham Əliyev ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutan qanun layihəsini Milli Məclisə təqdim edib.
Fins.az xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Bildirib ki, risklərin ölkə iqtisadiyyatına təsirinin azaldılması ilə bağlı ciddi işlər görülür: "Azərbaycan dövləti 25 illik müstəqillik dövründə çox ciddi uğurlar əldə edib. Son illərdə neftin ucuzlaşması, qlobal sarsıntılar Azərbaycan iqtisadiyyatına təsir edib. Təqdim edilmiş qanun layihələri bu təsirlərin azaldılmasına, ölkənin davamlı inkişafına xidmət edir”.
Vergilər naziri Fazil Məmmədov deyib ki, təqdim edilən qanun layihələri nağd hesablaşmaların azaldılması, elektron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergiorqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədinə xidmət edir:
"Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur. Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir”.