Vergilər Nazirliyi “Elektron cinayət işi”nin təqdimatını keçirib
Noyabrın 10-da Vergilər
Nazirliyi digər dövlət qurumlarının iştirakı ilə "Elektron cinayət işi”
modulunun tətbiqi ilə bağlı təqdimat mərasimi keçirib.
Tədbir iştirakçılarını salamlayan vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Namiq Əliyev son illər vergi sistemində aparılan islahatlar barədə danışıb, ölkə Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust tarixli sərəncamı və bu sərəncam çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Sərəncamdan irəli gələn tapşırıqların icrası çərçivəsində Vergilər Nazirliyində "Elektron cinayət işi”nin tətbiqi ilə bağlı aparılan hazırlıq işləri artıq başa çatıb.
Vergi sistemində
son illərdə elektron sahədə aparılan islahatlarla bağlı filmin nümayişindən
sonra Vergilər Nazirliyinin Vergi Cinayətlərinin təhlili və vergi borclarının
alınması baş idarəsinin rəisi, vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə təqdimatla
çıxış edərək, vergi hüquqpozmalarına və cinayətkarlığa qarşı mübarizə sahəsində
təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən Vergilər
Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti
(VCİAD) tərəfindən aparılan istintaq işlərinin sürətinin və keyfiyyətinin
artırılması, vahid elektron statistik uçot bazasının yaradılması, əlavə
inzibatçılıq tədbirlərinin minimuma endirilməsi, iş vaxtına qənaət edilməsi,
insan resurslarından daha səmərəli istifadə olunması məqsədilə, bu sahədə tətbiq
olunan uğurlu beynəlxalq təcrübə öyrənilərək, nazirliyin Avtomatlaşdırılmış
Vergi İnformasiya Sistemində (AVİS) "Elektron cinayət işi” modulunun hazırlanıb
istifadəyə verildiyini bildirib.
"Elektron cinayət
işi” modulu barədə tədbir iştirakçılarına ətraflı izahat verən Z.Məmmədzadə
bildirib ki, bu - ibtidai istintaqı Vergilər Nazirliyinin səlahiyyətlərinə aid
edilmiş cinayətlər üzrə cinayət xarakterli faktları əks etdirən materialların
Departamentə göndərilməsi, Departamentdə aparılan ibtidai araşdırma zamanı qərar,
vəsatət, məktub və digər sənədlərin elektron formada hazırlanması məqsədilə
yaradılmış, özündə daha geniş və dəqiq məlumatları əks etdirən, operativ
axtarış imkanlarına malik olan cinayət işlərinin vahid elektron sistemidir.
Baş idarə rəisinin sözlərinə görə, "Elektron cinayət işi” modulunun tətbiqi ilə bağlı ibtidai araşdırma zamanı qəbul oluna biləcək prosessual qərar, vəsatət və onları müşayiət edən məktubların, nazirlik daxili məktubların (sorğuların), digər qurumlara göndəriləcək məktubların (sorğuların), ümumilikdə 100-dən artıq sənədin nümunəvi formaları hazırlanıb.
Modulun tətbiqinə 2016-cı ilin noyabr ayının 21-dən başlanılacağını deyən Z.Məmmədzadə, məsələ ilə bağlı VCİAD-ın müstəntiq və təhqiqatçıları üçün müvafiq treninqlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin, Baş Prokurorluğunun, Vergilər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Vəkillər Kollegiyasının nümayəndələri, bir sıra məhkəmə orqanlarının hakimləri və KİV nümayəndələri iştirak ediblər.