Yazarlar

Ağlama Xocalım, ağlama. (dördücü hissə)

26-02-2016, 23:52

- Salam, Xocalım.
- Salam.
- Yenə gəldim görüşünə.
- Belə tez?  Heç gözləmirdim doğrusu. Amma gəlməyin yaxşı oldu. Bəzi suallarım var. Artıq 24 ildir  ki, mən düşmən əsarətindəyəm… Və sizdə  24 ildir  ki, bunu yad edib xatırlayırsınız.
- Bəli, elədir. Bu ki sual deyil.
- Sualım budur. Bəs məni bu il necə xatırlayıb yad etdiniz?
- Sən həqiqətən də bunu bilmək istəyirsən?

- Bəli  burda nə  var  ki…
- Qorxuram sözlərim qəlbini qırsın, Xocalım.
- Onsuz da qəlbim parça-parçadır. Sualıma cavab ver.
- Onda məni diqqətlə dinlə.
- Buyur eşidirəm.
- Hər il olduğu kimi bu il də birdən ayılıb gördük ki, Fevral ayının  26-dır. Tez əl-ayağa düşdük.Laqeyidlik və unutqanlıq libasını soyunub, vətənpərvərlik libasını geyindik.Bəzi müəssələrdə tədbirlər keçirtdik.Toz bağlamış şəhid şəkillərini  bu gün silə bildik nəhayət… Rəsmi yerlərdə özümüzü kədərli göstərdik.Məcburi olaraq üzümüzə qonan kədər bizi  lap boğaza yığdı.
Nəhayət  nitqə  gəlib  danışmağa başladıq.Özümüzü elə apardıq ki, guya bizə bu barədə danışmaq çox çətindir.Ürəyimiz qan ağlayır desək də, gözümüzdən bir damcı da yaş çıxmadı.Bəzi məktəblərdə uşaqlara şerlər əzbərlətdirib, faciə ilə bağlı yazıları əllərinə tutuşdurub "oxu” əmrini verdik.Onlar oxudu, biz dinlədik.Onlar oxuduqlarından biz isə dinlədiklərimizdən  heçnə anlamadıq.Hər dəfə olduğu kimi, yenə də "gələn il Xocalını alarıq”, "gələn il Xocalı da bayram edərik”, və bu kimi şablon arzuları səsləndirdik.Bu arzu sadəcə dildə səsləndi, ruhumuza hopmadı. Dilimiz danışdı, qulağımız eşitmədi.Kiçik uşaqlar əllərində titrəyən, vərəqlərdəki yazıları son cümləsinə qədər oxudular.Lakin bu həqiqətlərin əsl mahiyyətindən xəbərsiz qaldılar. Və…
-   Qoy ardını mən deyim. Və siz heç bir şey olmamış kimi normal həyatınıza qayıtdınız.
-  Bəli Xocalım.Çox təəssüf  ki  belə oldu. Fevral ayının 26 – da hamı səndən danışırdı.Bütün sosial şəbəkələrdə mövzu sən idin. Hamı başına gətirilən faciələrdən danışır, bunu əks etdirən, şəkil və videolar paylaşırdılar. Bir sözlə virtual aləmdə hara ayaq qoyurduqsa orda sən var idin. Hətta  kütləvi  informasiya vasitələri də ancaq səndən danışırdı.
-  Burda qəribə nə var ki. Məgər onların əsas vəzifələri elə bu deyil?
-  Qəribə olan budur ki, onlar bu vəzifələrinə yalnız ildə bir dəfə, Fevral ayının 26-da əməl edirlər.
-  Kaş bunu bütün il boyu edəydilər…
-  Kaş ki , Xocalım, kaş ki…  Onlar il boyu demədiklərini, bir gündə o qədər deyirlər ki, adamı lap təngə gətirirlər.Halbuki bunu il boyu tədricən insanlara çatdırsaydılar çox şeyə nail olardıq.Bax belə Xocalım. 26  Fevralda ancaq səndən danışdıq...
-  Bəs sonra?
-  26 Fevralda o qədər vətənpərvər olduq ki, az qala bu "qeyrət” bizi boğub,  həlak edəcəkdi.Amma bəxtimiz bu dəfə də gətirdi və hamı bizi vətənpərvər kimi tanıdı. Artıq Fevral ayının 27-dir. Vətənpərvərlik libasını soyunub, yenidən laqeyidlik və unutqanlıq libasını geyindik.
-  Axı mən sizin qan yaddaşınızam.
-  Yaddaşımızı yad düşmənlər silib  Xocalım.Onlara unutqanlar lazımdır.Öz tarixini, keçmişini, öyrənib və başqalarına öyrədənləri elə yox edirlər ki, heç müasir texnika və cihazlar da onları tapa bilmir.
-  Məni belə tez unudacağınızı güman etmirdim.
-  Səni elə unutduq ki, sanki dünən səndən danışanlar bizlər deyildik. Və səni acı bir xatirə kimi  26 Fevralda dəfn etdik. "Allah sənə rəhmət eləsin” deməyi də unutduq. Çünki unutqanlıq libasına çoxdan bürünmüşdük.Odur ki, səninlə bağlı olan hər şeyi unutduq…   
Sən yenə də ağlayırsan? Bu dəfə sənə mane olmayacağam. Ağla, Xocalım, ağla. Bəlkə bu göz yaşların bizi qəflətdən oyada bildi.
-   İndi anladım, mən niyə hələ də düşmən əsarətindəyəm.

-  Bağışla bizi Xocalım. Biz hey səhv edirik.
-  Səhv?
-   Bəli Xocalım.
- Bu səhvlərinizə nə zaman son qoyacaqınız? Məgər bu hədisi eşitməmisiniz?  Allah Rəsulu (s) buyurur: "Mömin bir yuvadan iki dəfə sancılmaz.(bir  işdə başına müsibət gəlsə, ikinci dəfə o işi görməz)”

Niyə hər dəfə aldanan siz olursunuz? Heç bilmirəm bu etdiklərinizə nə ad verim…
-   Məzlumun dərdini yalnız "Məzlum” anlayar Xocalım.
-  Elə mənim də bütün ümidlərim o "Məzlum”adır…
-  Gedirəm Xocalım… Salamat qal… 

-  Keçən dəfə də sualıma cavab vermədin. Bizi azad etməyə nə zaman gələcəksiniz?

- Bizi azad etməyə nə zaman gələcəksiniz?
-
-  Onları azad etməyə nə zaman gedəcəyik bilirsinizmi?


P.S: 27.02.13 tarixində qələmə aldığım bu yazıya, dəyişən hadisə və mövzular çərçivəsində əlavə və ixtisarlar olunub.

İlahiyyatçı yazar/ Mahir Şəkərov.


Administratorla əlaqə

077 611-55-22

[email protected]