Ölkə
Yüz fəal tapılsa...
10-11-2015, 05:25
Bir vaxtlar ruhi xəstəxanada bir qadın elə hey A.Eynşteyni öldürəcəyini deyirmiş. Həkimlər axır ki, bu xəbəri Eynşteynə çatdırırlar. Eynşteyn də durub xəstəxanaya gəlir və həmin qadınla görüşür. Görüşdən sonra həkimlər qadından nəsə öyrənməyə və bu hadisənin motivlərini araşdırmağa çalışırlar. Qadın isə təkcə bir cümlə deyir: “Onun kədərli gözləri vardı...”...
Heç özüm də bilmirəm Rusiyanın 100 aparıcı siyasətçisinin siyahısına baxanda nədən bu əhvalat yadıma düşdü? Amma yox, bircə anlığa 100 fəal və aparıcı siyasətçi mənə həmin ruhi qadın kimi, Rusiya isə Eynşteyn kimi göründü - 100 xəstə bir Rusiyanı öldürmək istəyir. Rusiyanın isə çox, olduqca kədərli gözləri var...
Bəli, ruslar Rusiyanı həmişə qadına bənzədiblər və elə indi də bənzədirlər. Amma bu adamlar heç vaxt həmin “qadın”ın - Rusiyanın gözlərinə baxmağa cürət etmirlər. Baxsaydılar yəqin ki, siyasətlə məşğul olmağı birdəfəlik buraxar və ya tamam dəyişərdilər...
Rusiyanın siyasətçiyə ehtiyacı varmı? 100 “aparıcı siyasətçi”nin olmağına rəğmən bu ölkənin yüz əsl vətənpərvər siyasətçiyə həqiqətən də böyük ehtiyacı var! Həm də məni bir sual götürdü: axı bu yüz siyasətçi haradan çıxdı? Ölkədə necə yüz siyasətçi ola bilər ki, respondentlərin 90 faizi yalnız bircə nəfəri - Vladimir Putini dəstəkləyir?
Elə qəribəsi də budur... Deyirəm, nə yaxşı ki, bizdə belə siyahılar dərc olunmur. Yox, bizimkilər belə etməz və etmir də. Onlar heç kimin siyasətçi və ictimai xadim qəlibində qəbul olunmasına imkan vermirlər. Sovetlərin vaxtında ideoloji iş adamları elə qızışırdılar ki, qayıdıb deyirdilər ki, sovet cəmiyyətində ümumiyyətlə seks yoxdur! Onlardan “Bəs uşaqlar haradan peyda olur?” soruşanda da yəqin qayıdırlarmış ki, uşaqları leyləklər gətirir... O səbəbdən də yəqin indi bizimkilərdən soruşsan ki, sizdə neçə siyasətçi var, bir səslə deyəcəklər ki, bizdə ümumiyyətlə siyasət və siyasətçi yoxdur...
Bəli, bizdə siyasət və siyasətçilər yoxdur, əvəzində “xalqın qulluqçuları” var. Əslində “qulluqçu” olmaq bir o qədər də ürəkaçan məşğuliyyət olmamalıdır. Amma gəl, Rusiyada da, biz də bu siyasi-sosial rolun üstündə o qədər əsirlər ki, onu bir kimsəyə güzəştə getmək istəmirlər...
Elə bu səbəbdən də özünüzə əziyyət verməyin, bizdə yüz nədir, heç on siyasətçi tapa bilməzsən. Elə Rusiyada da yüz siyasətçi məsələsi bir fiksiyadır.
Orada deyilənlərə də inanmaq lazım deyil...
Yüz siyasətçi nədir, Rusiyada da, burada da əsl yüz siyasi fəal tapılsaydı böyük iş olardı! Demək olar ki, yoxdur onlar. Torpaq yetişdirmir? Yox, torpaq yetişdirməyinə yetişdirir, amma milli bağbanlar çoxdur, görən kimi elə dərhal dartıb kötüyündən qoparırlar...
Bəli, ona görə də əgər Azərbaycanı da bir canlıya bənzətmək mümkün olsaydı onda ilk nəzərə çarpan detal onun gözləri, bəli, kədərli gözləri olardı. Bəlkə də kədərdən də bir az artıq təlaş sezilərdi o gözlərdə...
Belə təlaşı mən rus rəssamı A.Vrubelin bir rəsmində görmüşdüm. Həmin rəsm səhv etmirəmsə, 20 - ci əsrin əvvəllərində çəkilmişdi. İlahi, necə də real və təsirli təlaş vardı həmin rəsmin gözlərində?!.
İndi Rusiya guya ki, özünün yüz aparıcı siyasətçisi ilə fəxr duya bilər. Amma dedim ki, bu, bir fiksiyadır...
Bir vaxtlar hər şey başqa cür idi. Həm Rusiyada, həm də Azərbaycanda. Bizdə bu, çox az, olduqca az çəkdi, heç “ah” deməyə macal tapmadıq ki, bir də gördük keçmiş kommunistlər qayıdıb öz yerlərini tutublar. Rusiyada isə bir az çox çəkdi azadlıq illəri...
B.Yeltsinə rusiyalı jurnalistlər çar Boris deyirdilər. İndi deyin görüm V.Putinə çar Putin deyə bilərsinizmi? Gördünüzmü əsl çar necə olur?!.
Bizə gəldikdə isə bizdən danışmağın ümumiyyətlə mənası yoxdur. Adama ən çox bilirsiniz nə yer eləyir? Bu qədər əlləşib-vuruşmağın heç mənası vardımı? Bəli, onsuz da SSRİ buraxılacaqdı, Azərbaycan da Tükrmənistan və Özbəkistan kimi müstəqil olacaqdı, hətta sonradan dönüb lap elə Türkmənistan və Özbəkistan olacaqdı! Biz niyə tələsirdik? Niyə gəncliyimizi hədər yerə sərf etdik, öz işimizlə məşğul olmadıq? Əvvəldən bilmək lazım idi ki, Azərbaycan adlı layihədə siyasətçi və ictimaiyyətçi vakansiyaları nəzərdə tutulmayıb...
Biz isə inanmadıq... Nə deyilənə inandıq, nə yazılana. Axırda da gəlib bu günə düşdük: yüz siyasətçi nədir, indi heç yüz fəal da yoxdur...
Yazar : Hüseynbala Səlimov