Novruz şiə mənbələrində
DİQQƏT! Bu yazı, "İslamda Novruz yoxdur” deyən şiələrə cavab olaraq hazırlanmışdır.
Novruz məsələsi, ən çox elə şiə mənbələrində mövcuddur. İstər təfsirlərdə, istər hədislərdə. Hətta məhşur dua kitabı olan, Məfatihul-Cinan kitabında "Novruz gününün əməlləri” adlı xüsusi bölmə mövcuddur ki, İmam Sadiq (ə) orada Novruz gününün əməllərini sadalayır. Bu xülasə.
Novruz şiə təfsirlərində.
Keçən yazımızda qeyd etdiyimiz ayələri çox rahatlıqla, burda da dəlil kimi önə sürə bilərik. Necə ki əhli sünnə alimləri öz təfsirlərində Taha sürəsinin 57-58-59-cu ayələrinin, həmçinin Bəqərə 243-cü ayəsini təfsir edərkən Novruz məsələlərinə toxunmuş və bu ayələrin Novruz bayramı ilə əlaqələndirmişlər eləcə də şiə alimləri bu məsələni öz təfsir kitablarında yazmışlar. Nümunə üçün, təfsir sahəsində şiə aləmində tanınmış alimlərəmüraciət edək.
Taha sürəsindəki (59) "zinət” sözünün bayram günü olması haqda Əllamə Təbatəbai əl-Mizan əsərində qeyd edir ki, Musa peyğəmbər (ə) Fironla öz arasında bu günü ona görə təyin edir ki, bu hadisə bayram günü camaat bir yerə toplaşanda günorta vaxtı, bütün insanların gözü önündə baş versin.
Ayətullah Məkarim Şirazi özünün "Təfsiri nümünə” kitabında İmam Sadiqdən (ə) belə bir hədis nəql edir ki, İmam Sadiq (ə) Novruz bayramı haqqında buyurmuşdur: Bu gün mübarək gündür. Çünki, bu gündə Nuh peyğəmbərin(ə) gəmisi əl-Cudi dağında dayanmışdır. Bu o gündür ki, Peyğəmbərimizə (s) Cəbrail (ə) nazil olmuşdur. Bu həmin gündür ki, İmam Əli (ə) Peyğəmbərin (s) mübarək çiyninə çıxaraq bütləri sındırmışdır. Bu gündə Peyğəmbərimiz (s) səhabələrə əmr etmişdir ki, İmam Əliyə (ə) beyət edib onu möminlərin ağası olaraq qəbul etsinlər. Deməli İmam Əlinin (ə) əmirəl möminin seçildiyi gün Novruz bayaramı günü olmuşdur. Bu məsələni daha geniş oxumaq üçün təfsirə müraciət edin. Çünki təfsiri burada uzun-uzadı yazıb müxtəlif fikirləri müzakirə etməyə imkanımız yoxdur. Diqqət edin biz TƏFSİR DEDİK, TƏRCÜMƏ YOX. Tərcüməyə baxıb bizə irad tutmayın ki, orada Novruz sözü hanı? Təfsirə baxın əzizlər, təfsirə. O təfsirlər, kitabxanalarda toz bağlasın deyə yazılmadı. Yazıldı ki, Quranın mətləblərini bizə aydınlaşdırsınlar.
Novruz şiə hədislərində.
1. Koleyni (329 h.q) "Əl-kafi”-də belə rəvayət edir: İbrahim Kərəxi deyir: İmam Sadiq (ə)-dan soruşdum: Mehreqan (İranda payız bayramı) və Novruz günü mənə gətirilən hədiyyələri qəbul edim, ya yox?
Buyurdu: Onlar namaz qılandırlarmı?
Dedim: Bəli.
Buyurdu: Onların hədiyyəsini qəbul edin və əvəzini verin. Rəsuləllah (s) belə buyurub: Əgər mənim üçün keçi budu hədiyyə gətirsələr, qəbul edərəm və bu dindarlığın bir əlamətidir. Əgər bir kafir, ya münafiq mənə inək, ya qoyun budu hədiyyə gətirsə qəbul etməyəcəyəm və bu da dindarlığın bir əlamətidir. Allah-Taala münafiq və müşrikin hədiyyələrini bizə rəva bilməyib.
2. Şeyx Səduq (381 h.q) "Mən la yəhzuruhul-fəqih” kitabında belə bir hədis nəql edir: Əli (ə) üçün Novruz hədiyyəsi gətirdilər. Buyurdu: "Bu nədir?” Dedilər: "Ey Əmirəl-möminin, bu gün iranlıların Novruzudur. Bu günü onlar bayram edib, bir-birinə hədiyyələr bağışlayırlar”. Buyurdu: "Bizim hər günümüzü Novruz edin”.
3. Noman ibn Muhəmməd Təmimi (363 h.q) "Dəaimul-İslam” kitabında rəvayət edir: Əli (ə) üçün (gülab və şərbət) hədiyyə gətirdilər. Buyurdu: "Bu nədir?” Dedilər: "Bu gün Novruzdur”. Buyurdu: "Əgər edə bilsəniz, hər günü Novruz edin” (yəni Allaha xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin).
4. Şeyx Tusi: "Misbahul-mutəhəccid” kitabında bir hədis nəql edir: İmam Sadiq (ə) Novruz günündə buyurdu: "Novruz günü qüsl et, təmiz paltar geyin, özünü ətirlə və o günü oruc tut. Zöhr və əsr namazlarının nafilələrini yerinə yetirdiyin zaman 4 rəkətli namaz qıl. Onun 1-ci rəkətində "Həmd” və 10 dəfə "Qədr” surələrini, 2-ci rəkətində "Həmd” və 10 dəfə "Kafirun” surələrini, 3-cü rəkətində "Həmd” və 10 dəfə "Tovhid” surələrini və 4-cü rəkətdə "Həmd”, "Fələq” və "Nas” surələrini de. Namazdan sonra şükr səcdəsini yerinə yetirib, dua et. Bu tərtiblə 50 illik günahların bağışlanar».
5. İbn Fəhd Hilli (841 h.q) "Əl-muhəzzəbul-bare” kitabından bir rəvayət gətirir: İmam Sadiq (ə) buyurur: "Novruz günü Allahın Rəsulunun (s) Qədir-xumda müsəlmanlardan möminlərin əmiri Əli (ə) barədə beyət aldığı və müsəlmanların onun vilayətini təsdiq etmələrini istədiyi gündür. Bu beyətdə möhkəm duranların xoş halına və bu beyətdən boyun qaçırıb onu sındıranların vay halına. Bu, Allah-Taalanın əmri ilə Peyğəmbərin (s) Əli (ə)-ı cinlərin məntəqəsinə göndərib onlardan əhd-peyman almasını istədiyi gündür. Bu, Əli (ə)-ın Nəhrivanlılara qələbə çaldığı və Zussədiyyəni qətlə yetirdiyi gündür. Bu, İmam Zamanın (ə.c) zühur edəcəyi və Allahın izni ilə Dəccala qələbə çalıb, onu Kufənin zibilxanasında dara çəkəcəyi gündür...”
6. Əllamə Məclisi (1111 h.q) "Biharul-ənvar”da belə qeyd edir: Xuneysin oğlu Muəlla deyir: Novruz günü İmam Sadiq (ə)-ın yanına getmişdim. İmam (ə) buyurdu: "Bu günün qiymətini bilirsənmi?» Dedim: "Sənə qurban olum! Bu günü farslar əziz tutarlar və bir-birinə hədiyyə verərlər”. Buyurdu: "Kəbənin Allahına and olsun ki, bu qədim bir adətdir”. Dedim: "Ey sərvərim! Sizin bunu mənə açıqlamanız əzizlərimizin dirilməsindən və düşmənlərin məhv olmasından daha vacib olar”. O zaman buyurdu: "Ey Muəlla! Novruz günü, Allahın bəndələrindən Ona pərəstiş edib şərik qoşmamaları, Peyğəmbər (s) və onların höccətlərinə tərəfdar olmaları və İmamlara iman gətirmələri üçün əhd-peyman aldığı gündür. Bu, günəşin çıxdığı, küləklərin əsməyə başladığı və torpaqdakı güllərin bəhrələndiyi gündür. Bu, Nuh (ə) gəmisinin Cud dağının sahilinə çıxdığı və ölüm qorxusundan ev-eşiklərindən çıxmış minlərlə insanın dirildiyi gündür. Bu, Cəbrailin (ə) İslam Peyğəmbərinə (s) nazil olduğu və Peyğəmbərin (s) İmam Əli (ə)-ı Məscidul-həramda Qureyşin bütlərini sındırmaq üçün çiyninə çıxartdığı və həmçinin İbrahim (ə)-ın bütləri qırdığı gündür. Bu gün Peyğəmbərin (s) səhabələrinə Əli (ə) ilə beyət etmələrinə göstəriş verdiyi və Əli (ə)-ı cinlərin yanına beyət almaq üçün göndərdiyi gündür.
7. Muhəddis Nuri (1320 h.q) "Mustədrəkul-vəsail”də Hüseyn ibn Həmədanın kitabından yazır: Mufəzzəl ibn Əmr, İmam Sadiq (ə)-dan nəql edib: Allah-Taala buyurmuşdur: "Novruz günü mənim yanımda əzəmətli və ehtiramlı bir gündür. Hər bir mömin bu gündə məndən hacət istəsə, onu yerinə yetirəcəyəm”.
Hədis kitablarında Novruzu təsdiqləyən kifayət qədər hədislər var. Yetər ki müraciət edəsiniz. Bunu da qeyd edim ki, şiə alimləri də təkidlə qeyd edirlər ki, bu bayramı xurafatlardan təmizləməklə keçirtmək lazımdır. Xurafata aludə olmuş adətləri tərk etmək lazımdır. Bu barədə şiə aləminin ən tanınmış və hal-hazırda əksər insanların təqlid etdikləri müctəhidlərə ünvanlanmış sual-cavabları sizə təqdim edirik.
Müasir şiə alimlərinin Novruz fətvaları.
Sual: Salam. Novruz bayramı haqqında rəyiniz nədir? Bu günü bayram kimi qeyd edə bilərikmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bəli olar, qohum-əqrəbaya baş çəkmək kimi gözəl işləri olduğu üçün bəyəniləndir.Amma bu şərtlə ki, içində olan mənfi şeylər tərk olunusun.Məsələn; bahalı paltar alıb özünü, var-dövlətini digərlərlərini gözünə çəkmək və digər bəyənilməyən şeyləri.
Sual: Salam.Novruz bayramını, bayram kimi qeyd etmək, şənlik keçirtmək olarmı?
Cavab: Salam. Ayətullah Məkarim dəftərxana: Bayram kimi qeyd etməyin eybi yoxdur.Lakin haram işlərə yol verilməsin.
Sual: Salam. Novruz bayramını bayram kimi qeyd etmək olarmı?
Cavab: Salam.Ayətullah Fazil-dəftərxana: Bəli olar.
Sual: Salam. Bilmək istəyirdik Ayətullah Behcətin Novruz bayramı barədə nəzəri nədir? Şəriət baxımından Novruzu qeyd etmək olarmı?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Bəli olar.
Sual: Salam.Novruz bayramında xalqımızın hansı adətləri bəyənilir və hansıları etmək haramdır? Yəni səməni saxlamaq, tonqal qalamaq, papaq atmaq və s.
Cavab: Salam. Ayətullah Xamenei dəftərxana: İslama zidd olan şeyləri etmək olmaz.Məsələn "qulaqasdıya getmək” və bu kimi işlər.
Sual: Salam. Mən Novruzu bayramında yandırılan tonqal haqqında soruşmaq istəyirəm bu tonqalı qalayıb üstündən atılmaq olarmı? Adətdir ki, atılanda insanlar ağırılığım uğurluğum bu tonqalın üstünə deyirlər.Bu ifadələri demək insanı günaha salmır ki?
Cavab: Salam.Ayətullah Sistani dəftərxana: Bu iş xurafatdır və xurafat olmaz.
Sual: Salam. Novruz bayramını bayram kimi qeyd etmək olarmı? Bu gündə xüsusi şirniyyatlar, yeməklər bişirmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Bəli olar. Amma İslamla müxaliflik edən şeyləri tərk etmək etməklə.
Məsələn, qonşuya qulaq asdı, papaq atmaq (imaknı olmayan əziyyət olduğu üçün və icazəsiz kiminsə həyətinə girilib evinə papaq atılarsa), xoruz döyüşdürmək (heyvanlara əzab olduğu üçün), alovun üstündən atılıb "ağırlığım burda qalsın” demək (xürafat olduğu üçün) və bu kimi digər şeyləri tərk etməklə Novruzu qeyd etmək olar.
Sual: Salam. Novruz bayramında bəzi adətlərimiz var.Məsələn yumurta döyüşdürmək, (bəzən yumurta döyüşdürüb, udan uduzan tərəfdən yumurtasını alır) Bayramda yumurta döyüşdürüb, qapı pusmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işlər düzgün deyil.İstər Novruz vaxtı, istər başqa vaxt olmaz.
"Hədis külliyatlarında mövcud olan bəzi hədislərdən belə görünür ki, Novruz dini bayramdır. Amma bunu da qeyd etmək lazımdır ki, bu hədislərin nə dərəcədə mötəbər olması barəsində böyük şübhələr var. Ona görə də bu hədisləri tam doğru qəbul etmək lazım deyil. Novruz İslami köklərə malik olan və ya dini bayram deyil. Buna baxmayaraq Novruz bayramı İslam dövlətlərində yaşayan və qədim günəş təqvimindən istifadə edən xalqların milli bayramıdır. Bu bayramı qeyd etmək bidət və haram sayılmır. Necə ki, Yeni il, analar günü, beynəlxalq qadınlar günü və s. digər ölkələrin milli bayramları bidət deyil. Qeyd edilən bayramlar ona görə bidət sayılmır ki, bu bayramlar İslama və şəriətə aid edilmir. Novruz İranda və digər ölkələrdə qeyd olunur və şiə müctehidləri buna normal münasibət göstərir. Bu bayramda Allaha dualar edilir, valideynlər və qohumlar ziyarət edilir (sileyi-rəhm,), küsülülər barışır, evlərdə təmizlik görülür və s. Lakin bəzi tonqaldan tullanmaya etiqad və s. kimi dinə zidd adətlərdən çəkinilməlidir."
Ayətullah Məkarimin dəftərxanası
Bu da müasir alimlərin Novruz fətvaları. Bütün bunlardan sonra hansı şiə deyə bilər ki bizdə (şiə məzhəbində) Novruz yoxdur?! Biz sizə bunu sizin etiqad bəslədiyiniz ən mötəbər mənbələrdən; Quran ayələri, hədislər və müasir alimlərin fətvalarını qeyd etdik. Əgər sizdə doğru dediyinizi iddia edirsinizsə onda Quran deyən kimi dəlil və sübutla irad bildirin.
"De: Əgər doğru danışansınızsa, dəlil və sübutlarınızı gətirin.” (Bəqərə 111)
İlahiyyatçı yazar/ Mahir Şəkərov.