Yazarlar

Şərəfli millətimizin xəmiri şəhidliklə yoğrulub

22-01-2017, 18:34
Xalqımızın taleyinə qara yazılan və heç vaxt unuda bilməyəcəyimiz o qanlı Yanvar hadisələrindən – millətimizə qarşı törədilmiş qətliamdan 27 il keçir. 20 Yanvar şəhidlərinin ailələrinə və bu yolda bütün çətinliklərə sinə gərərək səbr etməyə, bu acılara dözməyə kömək edən, maddi-mənəvi dəstəyini əsirgəməyən əziz, dəyərli, qədirbilən xalqımıza başsağlığı verir və şəhidlərin ruhu qarşısında baş əyməyi özümə borc bilirəm.

Xalqımızın rifahı, dövlətimizin müstəqilliyi, vətənimizin ərazi bütövlüyü və ictimai mövqeyimizə görə şəhidlərimizin qanına və şəhadət ruhuna borcluyuq. Hələ qədim zamanlardan Azərbaycan xalqının önəm verdiyi şəhidlik ruhiyyəsidir ki, əsrlər boyu nəsildən-nəslə ötürülərək, bir çox zəfər və qələbələrin təminatçısı olub. Şah İsmayıl Xətai dövründən belə, bu inanc mənimsənilib və milli ruhumuza hoparaq formalaşıb.

Tarix boyu milli-mənəvi dəyərlərimizin müdafiəsi üçün gözünü qırpmadan ölümün üzərinə gedən şərəfli millətimizin əti və canı, yəni xəmiri şəhidliklə yoğrulub. Elə bu səbəbdən də hələ Sovetlər Birliyinin zamanında Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə, o cümlədən inancına sadiq olub. O dövrün zalım rejiminin təzyiqlərinə, repressiyalarına baxmayaraq, ateizmin inkişaf etdirildiyi bir dövrdə də öz müsəlmanlığını qoruyub.


Təzəcə öz müstəqilliyini yaşayan xalqımızın istiqlaliyyətini həzm edə bilməyən nadan qonşularımız başımıza bu faciəni gətirdi – 1990-cı ilin 20 Yanvar qətliamı baş verdi. Çox ağrılı və qorxulu bir gecə, xalqın dili ilə desək, Qanlı Yanvar gecəsi… Əliyalın əhalinin üstünə qoşun yeridildi, dinc insanlara silah tuşlandı. Cavan-yaşlı, böyük-uşaq demədən, kimsəyə rəhm edilmədi, inanılmaz vəhşilik törədildi. Tanklarla adamların üstündən keçdilər. Bununla da özlərinin həqiqi zalım, mənfur simalarını aşkara çıxartdılar. Amma istədiklərini ala bilmədilər. Çünki bütün zalım rejimlər kimi, onlar da bir əsas faktoru hesaba almamışdılar – ilahi təqdir, xalqın öz dəyərlərinə, inancına sahib olması. O cümlədən islami maarifləndirmə yolu ilə örnək aldığımız həmin bu Şərəfli millətimizin xəmiri şəhidliklə yoğrulubşəhadət ruhiyyəsidir ki, günümüzə qədər öz töhfəsini bəxş etməkdədir.

Həzrəti Hüseynin (ə) şəhidlik məktəbindən əsrlər keçməsinə baxmayaraq, şəhid Allahverdilərimiz, Mübarizlərimiz, Fəridlərimiz bu məktəbdən bəhrələnərək, şücaətlə düşmən üzərinə hücum edib, rəşadətlə döyüşüb, Vətən uğrunda canlarını verdilər. Bu insanlar tarix yazaraq, dünyaya mesaj verdilər ki, qanla silaha qalib gəlmək mümkündür. Nə qədər ki, xalqın şəhadət ruhiyyəsi var, ona qalib gəlmək mümkün deyil. Ümid edirəm ki, gələcək nəsillər də Vətən uğrunda şəhid olanlardan lazımi örnək götürəcəklər. Vətəni necə sevməyi, onun uğrunda lazım gələrsə, canından keçməyi öyrənəcəklər. Salam olsun özlərini Vətənə fəda edənlərə! Salam olsun Vətənini sevənlərə! Əziz İslam Peyğəmbərinin gözəl bir kəlamı var: Vətəni sevmək imandandır! Yəni bir insanın imanı varsa, o, öz canından əziz olan Vətəni uğrunda heç nəyi əsirgəməyəcək. Şəhidlik məktəbi bizə əsas həyat dərsini verərək izah edir ki, insan sevdiklərini özünə deyil, özünü sevdiklərinə qurban verməlidir.

Bir daha Azərbaycan xalqına başsağlığı verib, İlahidən bütün şəhidlərimizə rəhmət diləyirəm. Arzu edirəm ki, xalqımızın müstəqilliyi, suverenliyi daimi olsun! Məkrli hiylələrini həyata keçirmək istəyən zalımların, istər xaricdə, istərsə də daxildə olan düşmənlərimizin mənfur, iyrənc niyyətləri elə ürəklərində də məhv olsun! İnanclı xalqımız bütün düşmənlərinə qalib gəlsin! Düşmən tapdağı altında olan 20 faiz torpaqlarımız azad olunsun, əsirlikdə olanlarımız əzizlərinə qovuşsun! Öz məmləkətində şərlənərək zindanlara atılmış günahsız insanlarımızın qapısı açılsın! İnsanlara zülm edənlərə isə nifrətimi çatdırmaqla yanaşı, ağrılı əzab diləyirəm!

Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq! Şəhidlər ölməzdir!

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağa-Əli Yəhyayev

Administratorla əlaqə

077 611-55-22

[email protected]