Əsas Səhifə / Layihə

YAP Şəmkir rayon təşkilatı 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirib

19-01-2015, 09:29

YAP Şəmkir rayon təşkilatı 20 Yanvar şəhidlərinin
xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatı Aparatının işçiləri, rayonun İdarə, müəssisə və təşkilat nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk öncə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqəqlik sükutla yad edilib.

Sonra Tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq geniş çıxış edib.
F.Vəliyev bildirdi ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
F.Vəliyev qeyd etdi ki, Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirib.
Sonra çıxış üçün söz YAP Şəmkir rayon təşkilatının Aparatının Təlimatçısı İlkin Musayevə verilib.
İlkin Musayev qeyd etdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 800 insan ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi və coxsayda insan itkin düşmüşdür. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Çıxış edən Şəmkir rayon Səhiyyə şöbəsi İlk Həmkarlar təşkilatının sədri, Həkim cərrah Şahin Rzayev bildirdi ki, Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 25 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə, keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirib.

Daha sonra çıxış üçün söz Şəmkir rayon Gənclər və İdman İdarəsinin Baş Məsləhətçisi Vüsal Rzayevə verilib.
V.Rzayev bildirdi ki, 20 Yanvar şəhidlərinə olan diqqətin, qayğının və eyni zamanda ehtiramın təzahürüdür: “20 Yanvar şəhidləri bizim şanlı tariximizdir. Onlar Azərbaycanın azadlığı və suverenliyi uğrunda öz canlarından keçməyi bacaran dəyərli oğlanlarımız və qızlarımızdır. Beləcə, şəhidlərimizin xatirəsi zaman-zaman xatırlanacaq. Bu isə bir daha həm indiki, həm də gələcək nəsillər üçün bir örnəkdir ki, onlar yaddan çıxmır. Bu bizim qan yaddaşımız və fəxrimizdir. Hətta mən 20 Yanvarı faciə kimi deyil, əksinə azadlıq, torpağımızın, dövlətimizin və suverenliyimiz uğrunda mübarizənin şanlı tarixi kimi dəyərləndirərdim”.

Çıxış edən Şəmkir rayon Gənc Vətənpərvərlər Birliyi Şəmkir rayon şöbəsinin sədri Tural Əliyev 1990-cı ilin 20 Yanvar faciəsindən-müasir Azərbaycan tarixinin həm kədərli, həm də qəhrəmanlıq səhifəsinin yazıldığı gündən 25 il ötür. Məlum olduğu kimi, həmin il yanvarın 19-dan 20-nə keçən gecə xalqın azadlıq və istiqlal mübarizəsini “beşikdə” boğmaq məqsədilə Sovet imperiyası fövqəladə vəziyyət elan edilmədən, Bakı şəhərinə böyük hərbi qüvvə yeritdi, günahsız insanlar qanına qəltan edildi, misli görünməmiş vəhşiliklər törədildi. Üstündən 25 il ötməsinə baxmayaraq 20 Yanvar faciəsi bu gün də öz aktuallığını saxlayır. Bu faciə bir xalqın azadlıq mübarizəsinin təməli oldu.

Tədbirin sonunda çıxış edənlər Şəmkir rayon Təhsil şöbəsinin Metodisti Vəfa Namazova, YAP Şəmkir rayon təşkilatı Aparatının Təlimatçısı Elnur Eynullayev və başqaları qeyd etdilər ki, o ağır günlərdə xalqımızın nümayiş etdirdiyi birlik, şəhidlərimizin qəhrəmanlığı indi də Azərbaycanımızın rifahi, torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunması uğrundakı mübarizədə birliyə çağırıblar.
Avrasiya.net

Administratorla əlaqə

077 611-55-22

[email protected]