Siyasət

İki deputatın davası qızışdı: “Fəzail Ağamalı istefa verməlidir”

25-09-2016, 01:02
Səfəvi dövləti mövzusu referendumdan sonra ikinci polemika olaraq gündəmdədir. Politika.Az-ın məlumatına görə, bu dəfə iki deputat qırğına çıxıb. 

Fazil Mustafanın başladığı müzakirələrə tarixçilər, yazarlar, media nümayəndələri qoşulmaqla yanaşı həmkarı Fəzail Ağamalı da girişib. Deputat musavat.com-da F.Mustafaya sərt cavab verib: 

"Fazil Mustafa əgər bundan sonra bir daha Şah İsmayıl və Səfəvilər hakimiyyətinin dövlətçiliyimizə verdiyi töhfələrin üstünə gələrsə, mən bunu onun düşüncələrində, təfəkküründə dəyişikliklərin olması kimi qiymətləndirəcəm”. 

F.Mustafanın da cavabı gecikməyib. Politika.Az-ın veridiy məlumata görə, millət vəkili Feysbukda fikirlərini açıqlayıb:

"Hörmətli Fəzail müəllimin bizim tariximizin bəzi məqamları ilə bağlı səsləndirdiyimiz görüşlərə qarşı öz müsahibəsində emosional münasibət bildirib. Bəlkə də bu emosionallıq olmasaydı, məsələyə münasibət bildirmədən də keçinmək olardı. 
Ancaq bəzi prinsipial məqamlar var ki, orada hər kəsin mövqeyimizi bilməsi ümumi işimizin faydasına olardı. Fəzail müəllim ali məktəblərdə dərs demiş savadlı, özünəməxsus yanaşmaları olan tarixçi alimdir, bu səbəbdən də istənilən tarixlə bağlı mövzuda fikir bildirməsi anlaşılandır. Lakin bizə qarşı iradlarında bir sıra məntiqə uyğun gəlməyən məsələlər var ki, üzərindən keçmək mümkün deyil”. 

Deputat qeyd edib ki, açığı günlərdir antiazərbaycançı qüvvələrlə və "Şah babam" deyib bağıran cahil milliyətçilərlə savaşda öz mövqeyimizin haqlılığını qətiyyətlə ortaya qoyduğumuz bir məqamda Fəzail müəllimin bu qədər ultimativ formada məsələyə müdaxilə etməsi bir qədər təəccüblü oldu: 

"Çünki Fəzail müəllim çox gözəl bilir ki, öz inandığım və millətim üçün faydalı olan həqiqətlərin söylənməsi mənim üçün elə bir prioritetdir ki, qarşıma çıxan istənilən qüvvə ilə istənilən elmi diskussiyanı aparmağa hazıram və bunu da edirəm. 

Maraqlıdır ki, mənə hüquqçu kimi tarixlə məşğul olmamağı tövsiyə edən Fəzail müəllim, özü illərdir Milli Məclisin "Hüquq siyasəti və dövlət quruculuğu" komitəsinin üzvüdür, orada bir tarixçi kimi məhz mənim hüquqçu kimi fəaliyyət göstərməli olduğum yeri tutub. 

Bu məntiqlə gərək Fəzail müəllim tarixçi olduğuna görə həmin komitənin üzvlüyündən dərhal istefa verməli və məni həmin komitəyə dəvət etməlidir. 

Bir də Fəzail müəllimə tövsiyə edərdim ki, onu əsəbləşdirən "Səfəvilər bizim fəlakətimizdir" ifadəsinin müəllifi Əhməd Ağaoğlunun "İran və inqilabı" əsəri ilə tanış olaraq, bu böyük mütəfəkkirin görüşlərinə də öz iradlarını bildirsin. 
Çünki Əhməd Ağaoğlu da ixtisasca tarixçi olmayıb və o da deyəsən icazə almadan tarix və din mövzularında bir-birindən dəyərli əsərlər yazıb”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]