Əsas Səhifə / Gündəm

Rəsulzadəni təhqir edən deputata qarşı imzatoplama kampaniyası başladıldı

2-12-2015, 15:44
Rəsulzadəni təhqir edən deputata qarşı imzatoplama kampaniyası başladıldı

YAP-ın Gəncə təşkilatının sədri və yeni deputatı Naqif Həmzəyev Şərqdə ilk cümhuriyyətin banisini təhqir edən ifadələr işlədib. O, M.Ə.Rəsulzadəni satqın, xain adlandırıb.

Deputatın bu açıqlamaları onun sərt tənqid edilməsi ilə nəticələndi. Gəncəli deputat Naqif Həmzəyevin dövlətimizin qurucularının lideri Məhəmməd Əmin Rəsulzadə barədə səsləndirdiyi yolverilməz ifadələrə ictimaiyyətin sərt reaksiyası hələ də davam edir.

İlk olaraq mediada bu hadisə geniş yayıldı. Sosial şəbəkələrdə hər kəs deputatı ən sərt formada tənqid etdi. Daha sonra Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə yeni deputatın açıqlamasına kəskin münasibət bildirdi.

O, deputatla məhkəmədə görüşəcəyini deyib: “Dediyi sözlərin hamısı onun özünə aiddir. Belə fikir səsləndirməsi həmin adamın tarixi bilməməsindən irəli gəlir. Təəssüf edirəm ki, belə savadsızlar deputat seçilib. O, Məhəmməd Əmin Rəsulzadəni təhqir edibsə, məhkəmədə cavab verməli olacaq”.

Bunun ardından isə Milliyyətçi Gənclər Təşkilatının üzvləri sosial şəbəkə üzərindən bəyanat yayaraq, deputatın əleyhinə imzatoplama kampaniyasına başladıqlarını elan ediblər: "Azərbaycan Cümhuriyyətinin qurucusu öndər M.Ə.Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rais Rəsulzadə M.Ə.Rəsulzadəni təhqir edən "millət vəkilini" məhkəməyə verəcəyini bildirib. Biz milliyyətçi hərəkat, Milliyyətçi Gənclər Təşkilatı olaraq, məhkəmədən həmin "millət vəkili”nə ciddi bir cəza veriləcəyinə inanmırıq. Amma xalq olaraq, həmin "millət vəkili”nin səlahiyyətlərinin alınmasını tələb etməyin tərəfdarıyıq.

Həmin şəxsin "millət vəkili" səlahiyyətlərinin geri alınması üçün milliyyətçi hərəkat, Milliyyətçi Gənclər Təşkilatı olaraq imzatoplama kampaniyasına start vermək qərarına gəldik. 100 min imza toplayıb, bütün lazımi orqanlara müraciət edəcəyik. İmzatoplama kampaniyasında könüllü iştirak etmək istəyənlər bizimlə əlaqə saxlaya bilərlər”.

Məhəmməd Türkmən,
Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]