Ölkə

GƏNCƏDƏ SƏHİYYƏDƏ “ANLAŞMA” EHTİMALI

16-05-2016, 00:41
GƏNCƏDƏ SƏHİYYƏDƏ “ANLAŞMA” EHTİMALIAlınan məlumata görə baş həkimlər Yaşar Əliyev və Rasim Hüseynov Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədovla "ümumi dil” tapa biliblər.

Artıq dəfələrlə xəbər verildiyi kimi, bu gün Gəncə şəhər səhiyyə sistemi sözün əsil mənasında özünün durğunluq dövrünü yaşayır. Bu iddia öz təsdiqini Gəncədən daxil olan çoxsaylı şikayət ərizələrində təqdim olunan faktlarda da tapmaqdadır. 
 
Xeberman.com bizimdovr.az-a istinadən xəbər verir ki, Gəncə şəhər Səhiyyə İdarəsinə rəhbərlik keçən ilin axırlarından tibb elmləri doktoru Əlikram Məmmədov tərəfindən həyata keçirilir. Mövzuya dair ötən saylarımızda dərc edilən yazılarda da qeyd etdiyimiz kimi, indiyədək aldığımız məlumatlarda bilavasitə Əlikram Məmmədovun fəaliyyətinə dair konkret iradlar irəli sürülmürdü. Lakin şəhər səhiyyə idarəsinin rəhbəri olaraq, Əlikram Məmmədov tərəfindən Gəncənin bir çox tibb müəssisələrində yer almış özbaşınalıqların aradan qaldırılması istiqamətində hələ də heç bir addımın atılmaması, son nəhayətdə yerli ictimaiyyətin bəzi şübhələrinə yol açmışdır. 

Xatırladaq ki, bu gün Gəncə şəhər Səhiyyə İdarəsinin tabeliyində 30-dan artıq tibb müəssisəsi fəaliyyət göstərir. Alınan məlumatlarda isə bildirilir ki, hazırda Gəncə şəhərində yarıtmaz fəaliyyəti ilə xəstələrin narazılıqlarına, yerli ictimaiyyətin isə ciddi narahatlığına səbəb olan tibb müəssisələrinin sırasında ilk yerləri Yaşar Əliyevin rəhbərlik etdiyi Psixonevroloji Dispanser və Rasim Hüseynovun baş həkim olduğu 3 saylı poliklinika tuturlar. Məhz bu iki tibb müəssisəsində mütəmadi olaraq müşahidə olunan çeşidli korrupsiya halları, müxtəlif qanun pozuntuları barədə açıqlamalara da alınan məlumatlarda daha çox rast gəlinir. İlk növbədə təqdim edilən açıqlamalarda Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi Yaşar Əliyevin öz fəaliyyətində bir çox ciddi qanun pozuntularına yol verdiyi bildirirlir. İlk növbədə məlumatlarda iddia olunur ki, dispanserdə əsəb xəstəliyindən əziyyət çəkən xəstələrə dərmanlar ikiqat bahasına satılır. Müalicə alan xəstələrə pulsuz verilməli olan dərmanlar Gəncədə və qonşu rayonların müxtəlif ərazilərində fəaliyyət göstərən apteklərə satılır, elə bu səbəbdən də xəstələr zəruri dərman preparatlarını baha qiymətə həmin apteklərdən almağa məcbur olurlar. Həmçinin dispanserində maxinasiyaların tətbiq olunduğu daha bir məqam da xüsusi arayışların verilməsi ilə bağlıdır. Bununla bağlı son dərc etdiyimiz məqalədə biz göstərmişdik ki, aldığımız açıqlamalarda baş həkimin işində müşahidə olunan bu kimi maxinasiyalarda Yaşar Əliyevin bu yaxınlara qədər Gəncə şəhər 25 saylı TSEK-ə rəhbərlik edən həyat yoldaşı, Elmira Səlimovanın da yaxından iştirakı vurğulanır. 

Gəncə şəhər 3 saylı poliklinikasında yer almış bir çox neqativ hallardan bəhs edən məlumatlarda da, baş həkim Rasim Hüseynovun rəhbərlik etdiyi bu poliklinikada vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildirilir. Qeyd olunur ki, xəstələr 3 saylı poliklinikada bütün həkim və laborator müayinələri, istənilən tibbi prosedurlar və hətta ən ucuz tibbi ləvazimatlar üçün də pul ödəməli olurlar. Çünki, ödəniş olmayacağı təqdirdə xəstələrin nə müayinələri, nə də onlara doğru-dürüst müalicə təyin olunması mümkün deyil. Maraqlıdır ki, 3 saylı Gəncə şəhər poliklinikasının dövlətin balansında olmasına rəğmən, burada çalışan tibbi personal müəssisənin dərman preparatları və digər tibbi ləvazimatlarla təmin olunmadığını və bütün bunları öz vəsaitləri hesabına aldıqlarını iddia edirlər. 3 saylı poliklinikada yaranmış vəziyyətdən şikayətlənən digər şəhər sakini isə həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edir. Açıqlamada idia olunur ki, bu tibb müəssisəsində xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi artıq çoxdan əsil kommersiya fəaliyyətinə çevrilib. Daxil olan digər bir məlumatda isə 3 saylı poliklinikada tətbiq olunan "ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından bəhs olunur. 

Bütün bu neqativ halların aradan qaldırılması üçün Gəncə Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov tərəfindən hələ də heç bir tədbir görülməyib. Məhz bu səbəbdən də, redaksiyamıza yeni daxil olan açıqlamalarda bəzi mənbələr Yaşar Əliyevin və Rasim Hüseynovun yeni rəhbərliklə artıq "anlaşdıqlarını” iddia edirlər. 

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]