Ölkə

Gəncə Səhiyyə İdarəsində rəzalət - təfsilat

21-05-2016, 23:40

Rəis Əlikram Məmmədov saxta sənəd satmaqdan tutmuş, xəstələrin cibinə girməyə qədər hər işlə məşğul olur.

Gəncə səhiyyəsində rəzalət yaşanır. Politika.Az xəbər verir ki, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov açdığı bazarın bəhrələrini görür. Belə ki, şəhərdə fəaliyyət göstərən xəstəxanalar və poliklinikalar əsl rüşvət yuvasına çevrilib.

Məsələn, Gəncə Göz Xəstəxanasında həkimlər gözə baxmamış, xəstələrin cibinə baxırlar. Pul alınmadan nəinki müayinə, heç qapıdan içəri buraxmırlar. Burada Əlikram Məmmədova güvənərək, meydan sulayan həkim Azər istədiyi kimi davranır. Xəstələrindən aldığı pulların yarısını Səhiyyə İdarəsinin rəisinə verdiyini deyir.

Və ya 3 saylı Poliklinikada durum acınacaqlı olaraq qalır. Burada çalışan həkim heyətini tək düşündürən məsələ Məmmədova ayın sonunda nə qədər pul verəcəkləridir. Çünki Gəncə Səhiyyə İdarəsinin rəisi hər ay tələb olunan məbləği qaldıra bilər.

Əlikram Məmmədov həmçinin saxta sənəd satmaqla da ad çıxarıb. Politika.Az-a verilən məlumata görə, xəstələrə müxtəlif məqsədlər üçün lazım olan sənədlər ya satılır, ya da saxtalaşdırılaraq daha böyük pullar alınır. Mənbələr bildirir ki, Gəncə Səhiyyə İdarəsinin rəisinin təkcə bu sahədən əldə etdiyi aylıq gəlir 35-40 min manatdan çoxdur. Eyni zamanda, bu sənədlərdən fərqli olaraq, dərman biznesində, tikinti məsələlərində də idarə rəisinin əli gətirir. Belə ki, o, dövlət büdcəsindən təmir işlərinə ayrılmış pulların bir qismini özünə götürür.

Bundan başqa, Gəncə Səhiyyə İdarəsində digər biabırçılıqlar da yaşanır. Politika.Az xəbər verir ki, şəhər Doğum Evində dünyaya gələn hər bir körpə üçün alınan rüşvətin yarısı idarə rəisinə çatdırılır. Məsələ ilə bağlı araşdırmamız davam edir.

Politika.Az xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir. (Politika.Az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]