Ölkə

"Ziyad Səmədzadə akademik Əhməd Mahmudovdan anonim məktublar yazdırırdı"

28-01-2016, 10:30
"Ziyad Səmədzadə akademik Əhməd Mahmudovdan anonim məktublar yazdırırdı"
Şahbaz Muradov: "Ziyad Səmədzadə məni gözdən salmaq üçün qəsdən mənim adımı həmin redaksiya heyətinin tərkibinə daxil etməmiş və bununla da ictimaiyyətdə belə bir yanlış fikir yaratmaq istəmişdir ki, guya mən ak. Ə.Mahmudova sayğısızlıq göstərmişəm"

…Ötən yazıda qeyd etdiyimiz kimi, tanınmış iqtisadçı alim, uzun illər AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru olmuş Şahbaz Muradov 50 ildən çox müddətdə yaxın dostluq etdiyi Ziyad Səmədzadə barədə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət yazmışdır. Professor Ş.Muradov müraciətində daha sonra yazır: «Hörmətli Ramiz müəllim! Akademik Z.Səmədzadə mənim İnstitutun direktoru vəzifəsindən çıxmağımda və yerimə i.e.d. İsa Alıyevin seçdirilməsində ak. Əhməd Mahmudovun oğlu Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun adından da çox məharətlə istifadə etmişdir. Bu məqsədlə ak. Z.Səmədzadə əvvəlcədən 2008-ci ilin may ayında ak. Əhməd Mahmudovun 85 illik yubileyinin Akademiyanın İqtisadiyyat İnstitutunda keçiriləcəyindən xəbər tutandan sonra hələ 2007-ci ildən başlayaraq Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi: "Konyunkturaya xidmət edən adam" olması xarakterinə uyğun olaraq məndən gizli fəaliyyətə başlamış və general-leytenant Eldar Mahmudovun xoşuna gəlmək məqsədilə əksəriyyəti özünün yaxın ətrafından, keçmiş aspirantlarından, öz övladlarından və yaxın qohumlarından ibarət olan və nə akademik Ə.Mahmudovun özü, nə onun yaradıcılığı və nə də elmi əsərləri ilə heç bir əlaqəsi və tanışlığı olmayan, bu günə kimi ak. Ə.Mahmudovun bircə kitabını belə oxumayan, onun əsərlərinin üzünü belə görməyən adamlardan ibarət bir elmi redaksiya heyəti yaradıb özünün baş redaktorluğu ilə ak. Ə.Mahmudovun guya əsərlərinin məcmusundan ibarət "Azərbaycan iqtisadiyyatının aktual problemləri" (Bakı, 2008, 912 səh.) adlı bir kitab nəşr etdirmişdir. O, bilərəkdən həmin kitabın ak. Ə.Mahmudovun 24 il rəhbərlik etdiyi Akademiyanın İqtisadiyyat İnstitutunda deyil, Azərbaycan Dövlət İqtisadiyyat Universitetində (?) təqdimatının keçirilməsini təşkil etmişdir. Maraqlı burasındadır ki, həmin kitab Akademiyanın İqtisadiyyat İnstitutunun kollektivindən və onun rəhbəri olan məndən gizli hazırlanmışdır. Kitabın heyətinə isə məndən gizli saxlanılmaqla İnstitutumuzun şöbə müdirləri i.e.d. İsa Alıyev və müxbir üzv Ağasəlim Ələsgərov daxil edilmişdir. Prof. Ağasəlim Ələsgərov o, Ələsgərovdur ki, əvvəllər Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda prorektor vəzifəsindən çıxdıqdan sonra 1991-ci ildən 1998-ci ilin axırınadək Akademiyanın İqtisadiyyat İnstitutunun direktoru olmuş və 1998-ci ildə Respublikaya Prezident seçkilərində Ulu Öndərimiz Heydər Əliyevə "alternativ" kimi həmin seçkilərdə öz namizədliyini irəli sürmüş Nizami Süleymanovun vəkili olmuşdur. O, eyni zamanda 1993-cü ildən indiyə kimi Bakı Biznes Universitetində elmi işlər üzrə prorektor vəzifəsində işləyir. Təsadüfi deyildir ki, ak. Z.Səmədzadənin əvvəlcədən eyni zamanda A.Ələsgərovla qurduğu gizli plana uyğun olaraq Akademiyanın İqtisadiyyat İnstitutuna təkrar seçkilər keçirilərkən i.e.d. İsa Alıyevin direktorluğa namizədliyi də İnstitutun elmi Şurasından gizli saxlanaraq müxbir üzv Ağasəlim Ələsgərov tərəfindən irəli sürülmüşdür. O, ki qaldı hörmətli ak. Əhməd Mahmudovun adından tərtib edilmiş yuxarıda adı çəkilən kitaba, fikrimizcə, əslində həmin kitabın bu formada meydana çıxması ak. Ə.Mahmudovun adma layiq deyil və ona hörmətsizlikdir. Çünki əvvəla, bu kitabın elmi redaksiya heyətinin tərkibinə daxil edilmiş adamların bir qrupu ak. Ə.Mahmudov dünyasını dəyişdiyi vaxt ali məktəblərdə laborant, tələbə olmuş və onun elmi yaradıcılığı ilə heç bir əlaqəsi olmayanlardır. Bunların arasında ilk növbədə ak. Z.Səmədzadənin oğlu Elşad Səmədzadənin, qızı tibb işçisi Aytən Z.Səmədzadənin, həmçinin iqtisad elmləri doktorları Rəsul Balayevin, Müşfiq Atakişiyevin, Sadıq Salahovun, Əhməd İsayevin və Əhməd Vəliyevin adlarını çəkmək olar. Burada diqqəti cəlb edən digər bir məsələ ondan ibarətdir ki, bu kitabın 27-ci səhifəsində deyilir ki: "Akademik Ə.Mahmudovun bilavasitə təşəbbüsü ilə A.Nadirov, M.Allahverdiyev, Z.Səmədzadə, A.Ələsgərov, Ş.Muradov, B.Əbdülrəhmanov, B.Səmədov və digər iqtisadçı alimlərlə müştərək görülmüş əsərlər çap olunmuşdur ki, onların da bəziləri bu kitaba müəyyən ixtisarlarla daxil edilmişdir". 

Əlbəttə, bu o halda doğru və ədalətli olardı ki, həmin şərikli yazılmış əsərlərin adları burada göstəriləydi və onlara istinadlar ediləydi. Əks halda, burada plagiatlığa yol verildiyi aşkara çıxır. Ak. Ə.Mahmudovun əsas kitabları isə rus dilində yazıldığından onların necə və kimlər tərəfindən tərcümə edildiyi və bu tərcümələrin nə qədər həqiqəti özündə əks etdirdiyi də məlum deyildir. Bununla yanaşı, ak. Ə.Mahmudovun əsərlərinin bir çoxu keçən əsrin 50-60-cı və 70-ci illərin əvvəllərinə aid olub tütünçülük və pambıqçılıq kolxozlarının misalında yazıldığından Azərbaycanın iqtisadiyyatının aktual problemləri kimi deyil, ak. Ə.Mahmudovun seçilmiş əsərləri kimi, həm də onların məzmununa heç bir müdaxilələr edilmədən oxuculara təqdim edilməsi daha məqsədəuyğun, ədalətli və elmi cəhətdən düzgün olardı. Çünki tarixi əsərləri heç kəsin redaktə edib dəyişdirmək hüququ yoxdur. Bu saxtakarlıq kimi qiymətləndirilməlidir.

«Ziyad Səmədzadə məni gözdən salmaq üçün qəsdən mənim adımı həmin redaksiya heyətinin tərkibinə daxil etməmiş və bununla da ictimaiyyətdə belə bir yanlış fikir yaratmaq istəmişdir ki, guya mən ak. Ə.Mahmudova sayğısızlıq göstərmişəm»

Burada ayrıca olaraq onu da qeyd etməyi özümə borc bilirəm ki, Ulu Öndərimiz Heydər Əliyev cənabları ilk dəfə ölkəmizə rəhbərlik etdiyi dövrün axırlarında akademik Ə.Mahmudovun i.e.n. B.Səmədovla şərikli yazdığı bir kitabı tənqid etdiyi vaxt ona əsil dayaq olanlardan biri də mən olmuşam və ak. Ə.Mahmudovun həmin nöqsanların etiraf edilməsinə həsr etdiyi "Azərbaycan SSR-nin kənd təsərrüfatı kəskin yüksəlişdə" (rus dilində) Bakı. Elm, 1978. 76 səh. adlı kitabının redaktoru da mən olduğum halda ak. Z.Səmədzadə məni gözdən salmaq üçün qəsdən mənim adımı həmin redaksiya heyətinin tərkibinə daxil etməmiş və bununla da ictimaiyyətdə belə bir yanlış fikir yaratmaq istəmişdir ki, guya mən ak. Ə.Mahmudova sayğısızlıq göstərmişəm. Əlbəttə, bu absurddur! Ak. Z.Səmədzadə 30 ildən artıq ak. Ə.Mahmudovla birlikdə işləyən, onun müəllimi, doktorluq dissertasiya işinin opponenti, bir neçə kitabının elmi redaktoru, onun 70 illik, 75 illik, 80 illik və 85 illik yubileylərinin keçirilməsinin əsil təşkilatçısı olan, Akademiyanın İqtisadiyyat İnstitutunun direktoru, müxbir üzv, i.e.d., prof. və "Şöhrət" ordenli məni ak. Ə.Mahmudova həsr edilmiş kitabın elmi redaksiya heyətinin tərkibinə daxil etmədiyi halda, öz övladlarını həmin kitabın redaksiya heyətinə, hətta, iqtisadçı yox, tibb işçisi olan qızı
Aytən Səmədzadəni bu kitabın redaktoru və onun buraxılışına məsul şəxs təyin etmişdir. 


«Bir vaxtlar akademik Əhməd Mahmudovun yerinə göz tikib ondan anonim məktublar yazdıran akademik Ziyad Səmədzadə indi onun oğlundan yararlanmaq üçün guya ona "sədaqətli" olduğu görüntüsü yaratmaq istəyir…»

Mənim fikrimcə, bu həmin kitabın müəllifinə və redaksiya heyətinin tərkibinə daxil edilmiş bəzi alimlərə yüngül desək, ən azı hörmətsizlikdir. Bir vaxtlar ak. Ə.Mahmudovun yerinə göz tikib ondan anonim məktublar yazdıran akademik Ziyad Səmədzadə indi onun oğlundan yararlanmaq üçün guya ona "sədaqətli" olduğu görüntüsü yaratdığı halda, bəs nə üçün onun əlindən tutub Akademiyaya işə gətirən, onun doktorluq dissertasiyası müdafiəsində, Akademiyanın müxbir və həqiqi üzvü seçilməsində ona misilsiz xidmət etmiş müəllimləri Ə.Sümbatzadəyə, B.Axundova, T.Vəliyevə və M.Allahverdiyevə keçirdiyimiz yubiley tədbirlərinin heç birində iştirak etməmişdir?! Əvvəla, ona görə ki, onların yubileylərinin hamısının keçirilməsini mən təşkil etmişdim; ikincisi və ən əsası isə onların ikisinin - Ə.Sumbatzadənin və B.Axundovun övladları yoxdur, o birilərin övladları isə önəmli vəzifələrdə çalışmırlar. "Konyunkturaya xidmət edən adam" üçün isə belə yığıncaqlarda iştirak etməyə ehtiyac qalmır. Bax, budur ak. Z.Səmədzadənin əsl simasını göstərən əlamətlərindən biri!
Bütün bunları sizə yazmaqda məqsədim ak. Z.Səmədzadəyə qarşı hər hansı bir iddia qaldırmaq deyil, uzun illər boyu dostluq və həmkarlıq etdiyi, ona çətin günlərində dayaq olmuş və öz yüksəlişini onun yolunda zərbə altında qoymuş bir insana qarşı, yəni həmişə özünə dost sandığı mənə - Şahbaz Muradova qarşı göstərdiyi biganəliyini və xəyanətini diqqətə çəkərək tarixin səhifələrinə köçürməkdir.
Hörmətli Ramiz müəllim! Sizin məqalənizdə məni narahat edən ikinci məsələ İqtisadiyyat İnstitutunun fəaliyyəti ilə bağlıdır. Məqalədə deyilir ki: "Sovet dövründə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu faktiki olaraq, siyasi iqtisad institutu kimi fəaliyyət göstərirdi. Gözləmək olardı ki, müstəqillik illərində bu institut iqtisadi profilli sahə institutlarından seçiləcək və konseptual məsələlərin həyata keçirilməsi ilə məşğul olacaq. Müasir dünya iqtisadiyyatının problemlərini, ümumi inkişaf meyllərini bilmədən ölkə iqtisadiyyatına və iqtisadiyyat elminə töhfə vermək çətindir. Azərbaycan iqtisadiyyatı bu gün təkcə MDB ölkələri arasında və regionda deyil, həm də dünyada nadir yer tutur. Amma bu inkişafın xüsusiyyətlərinin nədən ibarət olduğu sualına veriləcək cavabın instituta sanki heç bir dəxli yoxdur". 
Əlbəttə, siz tamamilə haqlısınız ki, Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun tədqiqatları iqtisadi profilli sahə institutlarından seçilməli və konseptual məsələlərin həyata keçirilməsinə həsr olunmalıdır. Mən də belə düşünürəm ki, iqtisad elmi sahəsində çalışan bütün başqa alimlərimizin önündə getməli olan AMEA İqtisadiyyat İnstitutunun alimlərinin yazdığı əsərlər, apardığı tədqiqat işlərinin səviyyəsi hələlik zamanın tələblərindən, ölkədə aparılan iqtisadi islahatların və dövlət başçısı möhtərəm prezidentimiz İlham Əliyev cənablarının apardığı uğurlu iqtisadi siyasətinin tələblərindən xeyli geridə qalır və onların konseptual xarakterli əsərlərinin sayı azdır.
Hörmətli Ramiz müəllim! Ancaq mən 50 ilə yaxın bu institutda işləyən elmi işçi olaraq sizin diqqətinizə onu çatdırmağı özümə borc bilirəm ki, qeyd edilən mövcud nöqsanlar səbəbsiz də deyildir. Əvvəla, 50 il ərzində bu institutda işləyənlər arasında cəmi bir-iki nəfər elmlər namizədi istisna edilməklə bir nəfər də olsun siyasi iqtisad (iqtisadi nəzəriyyə) ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi olan iqtisadçı alim çalışmamış və indi də çalışmır. İkincisi, institutun bütünlükdə elmi-texniki kadr potensialının səviyyəsi həmişə dövrün tələblərindən geridə qalmış və indi də belədir. Üçüncüsü, institutun maddi-texniki bazası və əmək haqqının səviyyəsi son illərdə dəfələrlə artırılmasına baxmayaraq, yenə olduqca aşağıdır.
Bütün bunlar, heç şübhəsiz ki, burada yerinə yetirilən elmi tədqiqat işlərinin səviyyəsinə öz mənfi təsirini göstərməmiş deyildir. Ancaq mənə elə gəlir ki, bizim institutun elmi fəaliyyəti haqqında yuxarı təşkilatlara səhv məlumatlar ötürənlərin məqsədi heç də iqtisad elminin inkişafına ürək yandırmaq niyyəti ilə deyil, öz mənfur məqsədlərini həyata keçirməkdən ibarətdir.

«Bunun əksini ak. Z.Səmədzadənin 2001-ci ildə "Gənclik" nəşriyyatında çap edilmiş 317 səhifədən ibarət olan Dünya iqtisadiyyatı Çin "İqtisadi möcüzəsi" kitabının misalında aydın görmək olar»

Hörmətli Ramiz müəllim! Belə olmasaydı, bəzi vəzifə sahibi olan iqtisadçı akademiklərimiz də sizin kimi zəhmətə qatlaşıb sizin fəlsəfə elminin inkişafı sahəsində gördüyünüz böyük işlərin heç olmasa yüzdə biri qədərini də iqtisad elminin inkişafı sahəsində həyata keçirərdilər. Yaxşı olardı ki, onlar öz həmkarlarını tənqid etməklə kifayətlənib, asan yola əl atmaqla gedib dilini, mədəniyyətini bilmədiyi, iqtisadiyyatını isə dərsliklərdən, ayrı-ayrı müəlliflərin əsərlərindən "öyrənməklə" başqa ölkələrin iqtisadiyyatı haqqında kitablar yazmaq əvəzinə müasir dünya iqtisadiyyatının problemlərini və ümumi inkişaf meyllərini öyrənib ümumiləşdirmək əsasında son vaxtlarda Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliklərin və inkişaf xüsusiyyətlərinin nədən ibarət olduğunun nəzəri cəhətdən əsaslandırılmasına həsr edilmiş əsərlər yazaydılar. Bunun əksini ak. Z.Səmədzadənin 2001-ci ildə "Gənclik" nəşriyyatında çap edilmiş 317 səhifədən ibarət olan Dünya iqtisadiyyatı Çin "İqtisadi möcüzəsi" kitabının misalında aydın görmək olar. Bu kitabda bircə dənə də olsun mənbəyə istinad edilməmişdir. Bu isə onu göstərir ki, müəllif bu kitabda çap etdirdiyi fikirlərin və statistik məlumatların mənbələrini qəsdən göstərməmişdir. Onun 2009-cu ildə Bakı şəhərində birinci kitabının davamı kimi çap edilmiş "Çin Qlobal dünya iqtisadiyyatında" adlı 607 səhifədən ibarət olan ikinci kitabı da demək olar ki, eyni vəziyyətdədir. Elmi redaktoru və rəsmi rəyçiləri olmayan bu kitabda da verilmiş statistik cədvəllərin, çəkilmiş qrafiklərin demək olar ki, tam əksəriyyətinin mənbələri göstərilməmiş, bəzi məlumatların isə "ÇXR-nm statistik məlumatları və proqnoz məlumatları" əsasında tərtib edildiyi qeyd edilir. Ancaq bu statistik məlumatların nəşr edildiyi külliyyatların adı göstərilmir, proqnozların isə kimə və hansı təşkilatlara mənsub olduğu gizli saxlanılır. Kitabın sonunda verilən ədəbiyyat siyahısının tam əksəriyyətinin isə bu əsərlə heç bir əlaqəsi yoxdur və işin içərisində onlara istinadlar edilmir. Bu, əlbəttə, ciddi elmi-tədqiqat işləri üçün qeyri-məqbul haldır. Ona görə də bu cür böyük kitablar yazıb onlarla adamlara bu işdə müəllifə köməklik göstərilməsinə görə təşəkkür etməyə də ehtiyac yoxdur. Çin avtoritar bir ölkədir və mənim fikrimcə onu bizim ölkə üçün nümunə seçməyə də ehtiyac yoxdur.(Təzadlar qəzeti)

(Davamı var) 

Administratorla əlaqə

077 611-55-22

[email protected]