Gündəm

Əhməd Əhmədzadə keçmiş MTN şefinə 2 milyon “xərac” verib

2-06-2016, 21:58

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun rəhbəri olduğu nazirlikdə yaratdığı mütəşəkkil cinayətkar dəstənin cinayətləri açılmaqda davam edir.  Demək olar ki, hər yeni gündə Eldar Mahmudov və onun dəstəsi barəsində ictimaiyyətə sensasion məlumatlar açıqlanmaqdadır.

MTN-dəki dəstə iş adamlarının əmlakına göz dikməsi, hədə-qorxu, şantaj yolu ilə onları müflis etməsi ilə yanaşı həm də ayrı-ayrı yüksək vəzifəli şəxslərdən də rüşvət alıb. Eldar Mahmudov vəzifəsini itirməzdən bir neçə ay əvvəl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin 2 milyon pulunu alıb. Belə ki, Əhməd Əhmədzadə ətrafında əməliyyat hazırlayan MTN rəhbərliyi cəmiyyət sədrini hansısa maliyyə fırıldağında günahlandırmaq istəyib. Bu əməliyyata isə həbs olunduqdan sonra özünü asan MTN Anti- terror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyev rəhbərlik edib.

Çıxılmaz vəziyyətdə qalan Əhməd Əhmədzadə ətrafındakı şəxsləri  həbsdən qorumaq üçün tələb olunan 2 milyonu verib.

Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin mövqeyini öyrənmək istəsək də buna nail ola bilmədik. Belə ki, Əhməd Əhmədzadənin köməkçisi onun mövqeyini öyrənib, bizə çatdıracağını desə də, buna əməl etmədi (Gununsesi.info).

Qeyd edək ki, bundan əvvəl də Eldar Mahmudovun bəzi məmurlardan "xərac” aldığı barədə məlumatlar yayılıb. Həmin məlumatlarda Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun, nəqliyyat naziri Ziya Məmmədovun adı çəkilirdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]