Ölkə

Çingiz Əsədullayev: «Heç vəhhabiyə oxşayıram?!»

24-11-2015, 18:43
Yazılanlara görə, E.Mahmudov Küveytin maliyyə dəstəyi ilə vəhhabilərin Azərbaycandakı lobbiçisi kimi çıxış edib, Ç.Əsədullayev isə bu işdə ona kömək edib.
Bir çox KİV-lər sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun Qafqazda, o cümlədən Azərbaycanda vəhhabiliyi (sələfi cərəyanını) yayan Küveyt xüsusi xidmət orqanları ilə əlaqələrindən bəhs edərkən sabiq deputat, «Azəriqazbank»ın rəhbəri Çingiz Əsədullayevin də adını hallandırıb

Mətbuat yazır ki, Ç.Əsədullayev burada xüsusi missiyaya malik olub. İddialara görə, E.Mahmudov Küveytə səfər edərkən Ç.Əsədullayev də onu müşayiət edib. Yazılanlara görə, E.Mahmudov Küveytin maliyyə dəstəyi ilə vəhhabilərin Azərbaycandakı lobbiçisi kimi çıxış edib, Ç.Əsədullayev isə bu işdə ona kömək edib.

Ç.Əsəduulayev isə virtualaz.org saytına açıqlamasında bu iddiaları əsassız adlandırıb.

«Gör heç mən vəhhabiyə oxşayıram?! Bu uydurma fikirləri qətiyyətlə rədd edirəm. Mən 10 il Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri olmuşam. Avropa istiqamətində işləmişəm. Küveytlə heç bir əlaqəm olmayıb» - deyə Ç.Əsədullayev bildirdi.

Sabiq deputatın sözlərinə görə, o, Küveytdə cəmi bircə dəfə olub, onda da Milli Məclisin nümayəndə heyətinin tərkibində: «Deputatlar Əli Hüseynli və Fuad Muradov da həmin heyətdə idi. Korrupsiya ilə mübarizə üzrə beynəlxalq konfransa getmişdik. Burada hansı dini məzmunlu məsələdən söhbət gedə bilər? Bu cəfəngiyatı mətbuatda niyə yaydıqlarını anlaya bilmirəm. Bu qüvvələr ağ yalanı yaymaqda hansı məqsədləri güdürlər?»

Administratorla əlaqə

077 611-55-22

[email protected]