Siyasət

YAP-çı deputat Ziyad Səmədzadəyə qarşı çıxdı

13-02-2016, 08:19
Cümə günü Milli Məclisin müzakirəsinə çıxarılan "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi birmənalı qarşılanmayıb. Komitə sədri Ziyad Səmədzadə layihə barədə məlumat verərək bildirib ki, daxili bazarın qorunması üçün bu qanunun qəbulu zəruridir. 

Müzakirələr zamanı isə deputatlar qanun layihəsinə tənqidi yanaşıblar. Deputat Çingiz Qənizadə təqdim olunan qanunun qəbul olunmasının qəti əleyhinə olduğunu bildirərək deyib ki, ölkə prezidenti sahibkarların vəziyyətinin yüngülləşdirilməsi üçün addımlar atır, amma eyni zamanda iş adamlrına problemlər yarada biləcək belə qanun layihələri hazırlanıb bura göndərirlər: "Xahiş edirəm ki, birinci oxunuşdan sonra bu qanun layihəsi ilə bağlı ciddi araşdırmalar aparılsın”.

Deputat Zahid Oruc isə daxili bazarı qorumağa çağırıb: "Ancaq əgər doğrudan da ölkədə olmayan və bahalığa səbəb ola biləcək ucuz malın idxalının qarşısının alınması halı varsa, bununla bağlı düzəlişlər etməliyik”.

Deputat Musa Quliyev də daxili istehsalı qorumaq üçün addımlar atmağı zəruri sayıb: "Hörmətli akademik Ziyad müəllim qanunu təqdim edərkən onu kifayət qədər əsaslandırmadı. Burda hamı akademik deyil. Əgər bu qanunun dilini millət vəkilləri başa düşə bilmirsə, onu sahibkarlar necə anlayacaq? Bu qanun niyə Azərbaycan dilində yazılmayıb? Aydınlaşdırsınlar, görək, qanun sahibkarlar üçün yazılıb, yoxsa hansısa müəssisələr üçün? Müəssisələr üçün yazılıbsa, bura gəlməsinə ehtiyac yox idi.Bu qanun ilk növbədə tam Azərbaycan dilinə tərcümə olunmalıdır. Cənab prezident ortaya iradə qoyub ki, kiçik və orta sahibkarlığı inkişaf etdirməliyik. Belə olan təqdirdə biz millət vəkilləri də kifayət qədər ehtiyatlı, diqqətli olmalıyıq. Bu qanunun bizim üçün nə qədər zərərli olacağını şəxsən mən özüm üçün aydınlaşdıra bilməmişəm”. M.Quliyev ardınca suallar verdi: "Bilmək istəyirəm, bu kateqoriyalı mallar hansılardır və ölkəyə daxil olan malların gömrükdə aylarla yoxlanılması zamanı onlara görə sahibkarlar haqq ödəyəcəkmi?”
Digər deputatlar da qanunun çox çətin dildə yazılmasına etiraz edib və M.Quliyevin tənqidlərini bölüşüblər.

Deputat Aydın Hüseynov da deyib ki, qanun təkcə mütəxəssislər üçün hazırlanmır: "Məsələn, antidempiq əvəzinə, bazara ucuz mallarla doldurulması adını qoya bilərik”.

Deputat Vahid Əhmədov bildirib ki, bu qanunun qorunmasında əsas məqsəd daxili bazarı qorumaqdır:"Ona görə də bu qanun ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Düzdür, dili ilə bağlı problemlər var, digər oxunuşlarda bu məsələyə baxmaq olar”. V.Əhmədov əlavə etdi ki, bu gün sahibkarlar ölkəyə mal gətirməyə çətinlik çəkir: "Azərbaycana gətirilən malın üzərinə əlavə 40 faizə yaxın dəyər tətbiq olunur. Ona görə də gömrük rüsumlarının faizinə təcili şəkildə baxılmalıdır. Ona görə də mən Aərbaycan hökumətinə təklif edərdim ki, ölkədə ciddi çətinliklərin yaranmaması üçün təcili şəkildə gömrük rüsumlarına baxılsın”.

Z.Səmədzadə tənqidlərin qarşılığında bildirib ki, bizim qanun layihəsinə düzəliş etməyə heç bir mənəvi hüququmuz yoxdur: "Çünki layihə cənab prezidentdən gəlib”. Amma komitə sədri tərcümə zamanı qanunun dilində yaranan mürəkkəbliyi etiraf edib müvafiq qurumlarla bu barədə müzakirə aparılacağını vurğulayıb.

"İqtisadi böhranla bağlı kompleks tədbirlər keçirlmədikcə, pərakəndə qanunların qəbulu işimizi yüngülləşdirməyəcək”. 

Bu sözləri isə deputat Fazil Mustafa "Lisenziyalar və icazələrin verilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, bu yaxınlarda 50 mindən yuxarı əmanətlərin ölkədən çıxarılmasına dair 20 faiz vergi tutulması ilə bağlı "Valyuta tənzimi haqqında”qanuna dəyişiklik tələm-tələsik qəbul edildi. "Bu isə təbii ki, problemlər yaratdı. Tələm-tələsik olduğuna görə Milli Məclis dəyişikliyi qəbul etdi. Məlumat aldıq ki, prezident sənədi təsdiq etmədiyi üçün qüvvədən düşəcək. Tələsikliyin qarşısını almaq üçün islahatları ümumi koordinasiya edən qurum yaradılmalıdır. 

Görünür bunu prezidentin iqtisadi məsələlər üzrə köməkçisi üzərinə götürür. Bu gün lisenziya və icazələrin verilməsini ASAN Xidmət modelinə həvalə edirik. Amma ASAN Xidmət bunun öhdəsindən gələ biləcək səviyyədə deyil. Çünki bununla bağlı müvafiq qurumun rəyi tələb olunur. Yenə də həmin qurumlara yenidən müraciət etməli olursan və ənəgllər yaranır. Bunu düşünmək lazımdır”. F.Mustafa qeyd edib ki, ölkədə inhisarçılıq, defakto mövcud olacağı müddətdə lisenziya almış şəxslərin normal fəaliyyətinə mane olacaqlar. 

"Bu, əsas problemdir. İnhisarçılığın qarşısı alınmalır. Bu müddəalar nəzərə alınmasa, "Lisenziyalar və icazələrin verilməsi haqqında" Qanun da işləməyən qanunlardan olacaq".

Administratorla əlaqə

077 611-55-22

[email protected]