Dünya

Daxili işlər nazirliyində çanta qalmaqalı

14-02-2016, 17:51

İnternetdə Ukraynanın Daxili İşlər Nazirliyi üçün bir alış-veriş barədə danışıqların video görüntüsü yayılıb. Söhbət heyət üçün şəxsi avadanlıq çantalarından gedir. Görüntüdə alqı-satqını müzakirə edənlər isə daxili işlər nazirinin oğlu Aleksandr Avakova və keçmiş nazir müavini Sergey Cebotara bənzəyirlər.

Videonun həmin vaxt nazir müavini olan Cebotarın iş otağında çəkildiyi bildirilir. Vəzifəsindən azad edilənədək o, dövlət sifarişlərinə cavabdeh olub.

Artıq məlum olub ki, məmurun kabinetindəki gizli çəkilişi hərbi prokurorluğun müraciəti əsasında Ukrayna Təhlükəsizlik Xidməti aparıb. Bu çəkilişlər nazirlikdə korrupsiya ilə əlaqədar aparılan cinayət işi ilə bağlı olub.

 

Bu video görüntüdən başqa bir parça hələ İnternetdə əvvəldən yayılmışdı. Həmin görüntüdə Cebotar nazirliyin anbarında olan qumun aşağı qiymətlə satışını müzakirə edirdi. Həmin videonun həqiqiliyi rəsmən təsdiq olunub.

Yeni yayılmış videorolikdə isə söhbət nazirlik üçün çoxlu sayda komplekləşdirilmiş bel çantalarının alınmasından gedir. Nazir Avakovun oğluna bənzəyən şəxs bunu yalnız yeni ildən sonra sata biləcəyini deyir, amma ilkin ödəniş istəyir.

Azadlıq Radiosunun Ukrayna xidməti videodakı dialoqla sonradan reallıqda baş verənləri müqayisə edib. Videonun 2014-cü ilin dekabrına aid olduğu bildirilir. 2015-ci ilin fevralında isə DİN həqiqətən 16.5 milyon qrivna (o zamankı kursla 660 min dollar) məbləğində bel çantası (rükzak) alıb.

Tenderi udmuş şirkətlərdən biri az tanınan "Dniprovend” firmasıdır. Jurnalistlər Dnepropetrovskda yerləşdiyi göstərilən həmin sirli firmanı tapmağa çalışsalar da, buna nail olmayıblar. Artıq bir ildir ki, həmin ünvanda belə bir firmanın olmadığı aşkarlanıb. Ünvan reyestrindən bildiriblər ki, vergi müfəttişləri də həmin firmanı axtarırmış. Amma 2015-ci ilin fevralından firma borcunu ödəyərək icarə müqaviləsini ləğv edib.

Keçmiş nazir müavini Cebotar "Levıy Bereq” saytına videonun saxta olduğunu, sözlərinin isə təhrif olunduğunu bildirib. Nazir oğlu Avakov isə Cebotarın kabinetində olub-olmadığını xatırlamadığını desə də, DİN-ə rükzak satışına hər hansı bir aidiyyatı olmadığını bildirib.

Nazir Arsen Avakov özü də ailəsinin bu məsələyə heç bir aidiyyatı olmadığını deyib.O, bu iddiaların arxasında siyasi rəqiblərinin dayandığını və videonun hökumətin hesabatı ərəfəsində yayılmasının təsadüf olmadığını deyib.

Nazirliyin mətbuat xidməti məsələ barədə hər hansı şərh verməkdən imtina edib və bütün sualları Baş prokurorluğa ünvanlamağı məsləhət görüb.

Məsələni hərbi prokurorluq araşdırsa da, hələ ki bu araşdırmadan heç bir xəbər yoxdur. Məhkəmə qərarlarının ictimaiyyətə açıq olan reyestrindən belə görünür ki, rükzak işi ilə əlaqədar hər hansı axtarış, yaxud şübhəli şəxs qismində kiminsə dindirilməsi baş verməyib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]