Siyasət

İlham Əliyevdən 2 yeni təyinat - rəsmi

15-03-2016, 01:00
İlham Əliyevdən 2 yeni təyinat - rəsmi
Azərbaycan daxili işlər nazirinin birinci müavini postuna təyinat olub.
 
APA-nın məlumatına görə, prezident İlham Əliyevin martın 11-də imzaladığı sərəncamla polis general-leytenantı Vilayət Eyvazov daxili işlər nazirinin birinci müavini təyin edilib.
 
DİN-dən APA-ya məlumatı təsdiqləyiblər.
 
V. Eyvazov buna qədər daxili işlər nazirinin əməliyyat işləri üzrə müavini olub.
 
Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər nazirinin birinci müavini postu yaradılıb.
 
Bu, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanında əksini tapıb.


Vilayət Eyvazov

Vilayət Eyvazov 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət etmiş, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2005-ci il tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini təyin olunmuşdur. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.

***

Dövlət başçısının digər sərəncamıyla Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]