Xəbərlər

Bakıda bina uçdu: Ölən və yaralananlar var

12-04-2017, 21:27
Bakıda bina uçdu: Ölən və yaralananlar var
Bakı şəhərində bina uçub.

Paytaxtın Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində baş verib.

Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar.

***

Uçqun hadisəsi nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb.

2 nəfər isə hadisə yerində dünyasını dəyişib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırda xilasetmə işləri davam etdirilir.

***

Report-un məlumatına görə, yaralılar - 1981-ci il təvəllüdlü Tofiq Hüseynov sol bud sümüyünün yuxarı hissəsinin qəlpəli sınığı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1983-cü il təvəllüdlü Ayaz Orucov sağ baldırın sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. O, artıq ambulator müalicə üçün evə buraxılıb.

Digər yaralı - 1962-ci il təvəllüdlü Əmir Mehdiyev sol bud sümüyünün sınığı ilə KTM-in reanimasiya şöbəsinə yerləşdirilib.

***

Bakıda istirahət mərkəzində baş verən uçqunla bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

O, həmçinin qeyd edib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]