Siyasət

Nazir qubernatorluqdan “2” alıb: 4 başçının qandonduran əməlləri

1-11-2016, 23:16
Vergilər nazirinin kurasiyasında bir neçə rayon və onların icra hakimləri var. Fazil Məmmədovun qubernator fəaliyyəti hakimiyyət dairələrində müsbət qiymətləndirilməyib. 

Çünki nazirin himayəsindəki icra hakimləri barəsində olmazın ittihamlar səslənib, skandallar yaşanıb. 

Ən əsası da F.Məmmədova itaət edən icra hakimlərinin heç biri medianı vecinə almır, əhalini saymır, sakinlərin şikayətlərinə baxmır. Başqa rayonlar nisbətən çəkinərək sualları cavablandırır, rəsmi açıqlama yayır. 

Politika.Az-ın araşdırmalarına görə, vergilər nazirinin nəzarətindəki Qazax, Gədəbəy, Şəmkir və Binəqədi rayon icra hakimiyyətləri nə ictimaiyyəti nəzərə alır, nə mətbuatı. Üstəgəl, hər biri ayrı-ayrılıqda neqativ əməllərinə görə bərbad reputasiyaya malikdir. 

Qazaxın icra başçısı Rəcəb Babaşov gömrük rəisini döyməklə gündəmə gəlib, Gədəbəyin rəhbəri Ramiz Yediyarov sahibkarlara qan uddurub, Şəmkirin şefi Alimpaşa Məmmədov müxtəlif ittihamlarla yadda qalıb, nəhayət Binəqədi icra başçısı Xaləddin İsgəndərov azı yanan bina işi və son yağış fəlakət ilə tarixə möhrünü vurub. 

Politika.Az-ın araşdırmalarına görə, bu dörd icra başçısı vergilər nazirini sınaqlardan üzüağ çıxara bilməyib. 

Eləcə də onun özünün qubernatorluq işi qənaətbəxş sayılmır. Ölkə rəhbərliyi ciddi şəkildə nazirdən narazıdır. Hətta müşavirələrin birində açıq şəkildə iradını bildirib. 

Qazax, Binəqədi, Gədəbəy və Şəmkir rayonlarından tez-tez prezidentə şikayətlər göndərilir. Bu müraciətlərin arasında sahibkarlara qarşı edilən haqsızlıqlar üstünlük təşkil edir. Dövlət başçısına çatan şikayətlərdə iş adamlarının başına açılan müsibətlərdən bəhs olunur.

X.İsgəndərov, A.Məmmədov və R.Yediyarov digər rayon rəhbərlərindən daha çox qəddarlığı ilə fərqlənir. Qeyd edək ki, F.Məmmədovun Vergilər Nazirliyinin Maliyyə Nazirliyinə birləşdirilməsi ehtimalı da var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]