Ölkə

Alimpaşa Məmmədov 2 milyon manatı neyləyib? - təfsilat

27-04-2016, 20:50
Şəmkirin icra başçısı abadlıq işləri və yolların çəkilməsi üçün ayrılmış pulların axırına çıxıb 

Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun adı mütəmadi olaraq skandallara qarışır. Bir müddət əvvəl yerli iş adamları ilə aralarında mübahisənin yaranması, daha sonra onu bu posta qədər yüksəlməsində yardımçı olmuş, həm də himayəçisi kimi çıxış edən vergilər naziri Fazil Məmmədov üçün baş bəlasına çevrilməsi bu qəbildən olandır. 

Politika.Az xəbər verir ki, Məmmədovun adı daha bir qalmaqala qarışıb. Məlum olub ki, Şəmkirin icra başçısı rayona ayrılmış 2 milyon manatın bir qəpiyini belə tələb olunan işlərə sərf etməyib. Belə ki, dövlət büdcəsindən Şəmkir rayonunda abadlıq işlərinin aparılması məqsədiylə 884 min manat pul ayrılıb. Həmin pulla rayonda bir sıra abadlıq işlərinin görülməsi, yeniliklər edilməsi və digər məsələlər nəzərdə tutulubmuş. Amma Alimpaşa Məmmədov həmin vəsaitin heç bir manatını belə tələb olunan işlərə xərcləməyib. Əksinə, əlinə keçən pulla özünə Sumqayıtda yeni obyekt alıb. 

Etibarlı mənbələrdən Politika.Az-a verilən məlumata görə, yarıtmaz fəaliyyəti ilə artıq vergilər naziri Fazil Məmmədovu da bezdirən Şəmkirin icra başçısı əlinə düşən 1,1 milyon manatın da aqibətini qara gətirib. Politika.az xəbər verir ki, Şəmkir rayonunun yollarının təmiri və yenidən çəkilməsi üçün nəzərdə tutulmuş vəsaitin də silinməsi prosesi həyata keçirilib. Alimpaşa Məmmədovun bu qədər arxayın hərəkət etməsi isə səbəbsiz deyil. Çünki əslən Şəmkirdən olan, hazırda Rusiyada yaşayan yerli sakinlərin böyük əksəriyyətinin geniş maliyyə imkanları var. Onların hər biri doğulduqları rayondakı məhəllələrə xüsusi diqqət yetirirlər. Həmin qəsəbə və ya məhəllələrin yollarını çəkdirir, divarlarını boyatdırır, köhnə tikililəri sökdürərək, yerində yenisini tikdirməklə məşğul olurlar. Eyni zamanda, bu işləri görmək üçün dövlətdən bir manat belə istənilmir. 

Belə olan təqdirdə, təbii ki, Alimpaşa Məmmədov üçün büdcədən ayrılmış pullar «çimi yağdır». Yəni, asanlıqla filan yolun çəkilişinə xərcləndi adıyla silinir. Halbuki sənəddə qeyd olunan kəndin və ya məhəllənin yolu hələ bir neçə il əvvəl iş adamları tərəfindən çəkilibmiş. 

Aydın məsələdir ki, Şəmkirin icra başçısı əlinə düşmüş fürsəti dəyərləndirməkdən çəkinmir. Elə bu səbəbdəndir ki, Alimpaşa Məmmədov rayonu daha çox vergi müfəttişi kimi idarə edir. Onun tələbləri və istəkləri də elə vergi işçilərinin xarakterinə uyğundur. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]