Siyasət

İcra Başçıları üçün «qızmar yay»: korrupsinonerlər «əriyəcək» - təfsilat

30-04-2016, 14:43

Həmin məlumatlarda vurğulanırdı ki, bu dəyişikliklər əsasən icra başçılarını əhatə edəcək.

Təxminən ayyarım bundan öncə Prezident İlham Əliyevin sərəncamları ilə Cəbrayıl, Laçın və Salyan rayonlarının icra başçıları vəzifələrindən azad olundular, Yardımlının icra başçısı isə Salyana rəhbər gətirildi. Salyanda əhali illər idi ki, icra başçısından narazı idi. Lakin Tahir Kərimov hakimiyyətdəki əlaqələri hesabına vəzifədə qala bilirdi. İcra başçısını xalqın narazılığı maraqlandırmırdı. Heç yerli sahibkarların fikirlərini dinləmək belə istəmirdi. Onların dövlət qurumlarına şikayətlərinin araşdırılmasını isə T.Kərimov əngəlləyə bilirdi. Ən nəhayətdə isə Tahir Kərimovu «Salyan Oil Ltd» neft şirkətinin işinə mane olduğuna görə cəzalandırdılar.

T.Kərimov kimi ölkə rəhbərliyinin etimadını doğrultmayan icra başçıları çoxdur. Onların işdən çıxarılması üçün qovluqlar hazırlanır. Politika.Az-a daxil olan məlumata görə, belə başçılar sırasında ilk yerlərdə Bərdə rayon icra başçısı Vidadi İsayev, Füzuli rayon icra başçısı Alı Alıyev, Tovuz rayon icra başçısı Tofiq Zeynalov, Beyleqan rayon icra başçısıVaqif Abdullayev, Ağstafa rayon icra başçısı Məhərrəm Quliyev, Gədəbəy rayon icra başçısı Ramiz Yediyarov, Şəki rayon icra başçısı Elxan Usubov, Qazax rayon icra başçısı Ayaz Əsgərov, Ağcabədi rayon icra başçısı Şahin Məmmədov qərarlaşır.

Ötən ilin sonlarından etibarən hakimiyyət dairələrinin təkcə mərkəzdə deyil, əyalətlərdə də bəzi kadr dəyişiklikləri edəcəyinə dair məlumatlar vardı. Həmin məlumatlarda vurğulanırdı ki, bu dəyişikliklər əsasən icra başçılarını əhatə edəcək.

Artıq proses başlayıb. Ləng də olsa icra başçılarını vəzifədən çıxarırlar. Adlarını sadaladığımız icra başçıları ölkə rəhbərliyinin etimadını doğruldub xalqın güzəranını dirçəltmək, sahibkarlara fəaliyyət göstərmələri üçün şərait yaratmaq əvəzinə rayonlarda sosial-iqtisadi durumu ağırlaşdırıblar. Dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsait ən müxtəlif maxinasiyalarla mənimsənilib, başçıların şəxsi biznesinə yatırılıb.

Məsələn, Gədəbəyin icra başçısı Ramiz Yediyarov yerli sahibkarları rayondan didərgin salmaqda ad çıxarıb. İcra başçısı özünə və gözünə xoş gəlməyən sahibkarın obyektini dağıdır. Məsələ məhkəmə müstəvisinə gələndə isə yaxasını kənara çəkib digər yerli qurumları qabağa verir. Vurulan ziyana görə cərimələnən dövlət qurumu olur deyə kompensasiya məbləği də dövlət büdcəsindən gedir. Halbuki sahibkarın obyekti fəaliyyətdə olardısa, obyektdən yerli büdcəyə də gəlir daxil olardı. Bunun əvəzində bu gün 44 gədəbəyli sahibkar Bakıda dövlət qurumlarına aylardır ki, dayanmadan şikayət edirlər. İstədikləri isə icra başçısının qanunsuzluqlarına son qoyulmasıdır.

Beyləqanda da da eyni vəziyyətdir. Rayonun sosial-iqtisadi inkişafı üçün ayrılan milyonların taleyi qaranlıqdır. Dəfələrlə bu mövzu gündəmə gəlsə də, pulların taleyindən xəbər çıxmır. Vaqif Abdullayevin gördüyü işlər isə yerli sahibkarların ziyanına işləyib. Məsələn, rayon ərazisindəki bir neçə yolun təmiri yaxınlıqdakı bütün dükan sahiblərinə ziyan vurmuşdu. Bununla bağlı sahibkarlara ciddi ziyan dəydiyindən onlar icra başçısının qanunsuz əməllərə son qoyulmasını tələb etmişdilər. Lakin icra başçısı onların tələblərini dinləməyib.

Barələrində qovluqlar toplanan başçıların iş prinsipləri demək olar ki, bir-birini təkrarlayır. Mərkəzi büdcədən rayon büdcələrinə ayrılan vəsait mənimsənilir, əvəzində sahibkarlardan xərac toplanılması, şəxsi maraqların təmin olunmasına yönəlik addımlar atılır. Bu əməllər rayonlarda elə belə də ağır olan sosial-iqtisadi durumu dözülməz həddə qədər ağırlaşdırır. Görünən odur ki, icra başçılarının «təmizlənməsi» prosesi başladılıb. Yerlərdəki «balaca padşah»lar tutduqları vəzifələrdən çıxarılırlar. Qalır yeni kadrların əvvəlki qaydalarla işləməkdən imtina edib xalqın güzəranını yaxşılaşdırmağa yönəlik işlər görməyə, sahibkarlara şərait yaratmağa həvəs göstərmələri. Yalnız bu halda yeni təyinat alan başçılar ölkə rəhbərliyinin etimadını doğrulda bilərlər.

Politika.Az

Administratorla əlaqə

077 611-55-22

[email protected]