Siyasət

Sabiq MTN polkovnikindən Aşura qadağaları ilə bağlı ilginc açıqlama

20-10-2016, 23:44

İlham İsmayıl: "Hər zaman terror hədəfinə çevrilmək mümkündür, çünki...” 

 

Azərbaycanda bu il Aşura günündə hökumətin küçə yürüşlərinə qadağa qoymasına müxtəlif yanaşmalar var. Əsas iddialardan biri hakimiyyətin dindarların ildən-ilə artan kütləviliyindən narahat olduğu üçün belə addım atması ilə bağlıdır. Digər bir iddia isə hər kəsi narahat edir. Belə ki, Aşura günü tez-tələsik tətbiq olunan və polis vasitəsilə həyata keçirilən yürüş və toplantıların qarşısının alınmasının əsas səbəblərindən biri kimi terror təhdidi olduğu göstərilir. 

"Yeni Müsavat”a daxil olan məlumata görə, hüquq-mühafizə orqanları Aşura günü Azərbaycanda kütləvi tədbirlərin keçirildiyi məkanlardan birində terror hazırlanması haqda məlumat əldə edib. Daha sonra bu istiqamətdə əməliyyat keçirilib və həbslər aparılıb. Həmçinin ictimai nəqliyyatda, alış-veriş mərkəzlərində terror aktlarının olacağına dair xüsusi xidmət orqanlarına siqnal daxil olduğu deyilir.

Bundan əlavə, Aşura günləri keçirilən digər müsəlman ölkələrində terror aktlarının baş verməsinin, yaxud buna cəhd olunmasının da Azərbaycana təsir etdiyi istisna olunmur. Demək olar ki, hər il Aşura günləri İraq, İran, Suriya, Pakistan və digər şiələrin kompakt yaşadığı bölgələrdə terror aktları törədilir və ya buna cəhdlər olur. Bir faktı qeyd edək ki,  builki Aşura günlərində İranda terror hazırlayan qrup ifşa olunub və 100 kq partlayıcı ələ keçirilib.

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl səslənən iddiaların hər birində həqiqət çalarlarının olduğunu düşünür: "Terror təhlükəsi ola bilərdi. Nəzərə almaq lazımdır ki, Aşura günündən az müddət əvvəl Moskvada şiələrin olduğu məscidə hücum olmuşdu. Biz bilirik ki, İŞİD-in hədəflərindən biri şiə məscidləri və şiələrdir. Bununla bağlı toplantıları nəzarətə götürmək, mümkün toplantıların qarşısını almaq kimi proseslərin aparılması gözlənilən idi. Terror məlumatlarının olmasını biz inkar edə bilmərik. Çünki əməliyyat məlumatları gizli verilir və gizli də addımlar atılır. Amma digər bir versiyada, yəni insanların toplaşmasından ehtiyat edildiyi üçün belə addımların atılması ilə bağlı səslənən fikirlərdə də müəyyən həqiqət çalarları görünür. Hakimiyyətin insanların, xüsusilə dindarların bir yerə toplaşmasından ehtiyatlandığı realdır. Buna səbəb də Nardaran hadisələri olmuşdu. Bu hadisənin baş verməsi, dindarlara qarşı xüsusi təzyiqlər, insan tələfatının olması qarşı tərəfdə böyük bir izdiham yarada bilərdi. Bundan da ehtiyatlandılar. Açığı, hər iki iddianın doğru olması real görünür. Amma tərəzinin gözünə qoysaq, ikinci ehtimalı daha real görürəm”.

Təhlükəsizlik eksperti bu cür qadağaların doğru olub-olmaması ilə bağlı bunları dedi: "Din dövlətdən ayrıdır. Amma nəzərə almaq lazımdır ki, insanların inancını tam nəzarətsiz buraxsaq, bundan sui-istifadə edənlər ola bilər. Bundan ilk növbədə, radikal dindarlar istifadə edir və dövlətin əleyhinə çevirirlər. Bunların bizim konstitusion quruluşu dəyişmək hədəfləri var. İnanclıdır, buna heç nə etməyək. Təhlükə elə məhz bu sözdən başlayır. Bu həssas mövzudur. Ona görə də insanlar hansısa bir radikal dindara qarşı çıxanda deyirlər ki, aman, Allaha, Peyğəmbərə qarşı çıxdılar. Dövlətin konstitusion quruluşuna, strukturlarına, əsaslarına, təhlükəsizliyinə xələl gətirə biləcək bütün addımlar nəzarətdə olmalıdır. Burada inanc məsələsi əsas deyil. Terror təhlükəsi ilə bağlı əməliyyatlar hər zaman aparılır. Dövlət Təhlükəsizlik Xidmətinin Antiterror İdarəsi var. Onlar boş durmurlar ki. Axtarış-əməliyyat işləri aparırlar. Nə səviyyədə aparıldığını deyə bilmərəm”.

İ.İsmayıl digər müsəlman ölkələrində Aşura günlərində baş verən terror təhlükələrinin də ölkəmizə təsirini istisna etmir: "Terror məsələsi elədir ki, onu Kərbəlada da törədə bilirlər. İranda belə hadisələr nadir hallarda olur. Çünki təhlükəsizlik məsələlərinə ciddi nəzarət var. Bu mənada Azərbaycan sığortalanmayıb. Ölkəmizə də bütün bunların təsiri istisna deyil. Ümumiyyətlə, terror məsələsi elədir ki, bunu proqnozlaşdırmaq mümkün deyil. Dünyada elə proseslər gedir ki, hər zaman hədəfə çevrilmək mümkündür”.

Cavanşir ABBASLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]