ƏDLİYYƏ NAZİRLİYİ VƏ PENİTENSİAR XİDMƏTİN RƏSMİ SAYTLARI CEYHUN HƏSƏNOVDAN “XƏBƏRSİZ”DİR – FOTOFAKT
Cəmi bir neçə gün sonra, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, ədliyyə nazirinin müavini Ceyhun Həsənovun bu vəzifəyə təyinatının üç ayı tamam olacaq. Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamını bütün ölkə ictimaiyyəti maraqla qarşıladı. Çünki bu vəzifə keçən ilin oktyabrından – hazırkı DTX rəisi Mədət Quliyevin MTN-ə nazir müavini getməsindən sonra aylarla boş qalmışdı. Bir neçə ay Penitensiar Xidmətin rəisi vəzifəsini Hüseyn Əlixanov icra edirdi və ictimaiyyətdə məhz onun vəzifəyə təsdiqlənəcəyinə dair gözləntilər çox idi. Lakin DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general mayor Ceyhun Həsənovun Penitensiar Xidmətə rəis təyin olunması əksəriyyət üçün gözlənilməz oldu.
Prezidentin sərəcamından bir neçə gün sonra, iyunun 11-də şəxsən ədliyyə naziri Fikrət Məmmədov yeni rəisi Penitensiar Xidmət kollektivinə təqdim etmişdi. Əlbəttə ki, bir qayda olaraq bir çox dövlət qurumlarının rəsmi saytlarında yeni rəhbərlik haqqında informasiya yerləşdirilir, ictimaiyyətin bu qurum barədə normal məlumatlanması təmin olunur. Lakin Qafqaznews.az əməkdaşları Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin rəsmi vebsaytlarında kiçicik araşdırma apararkən, 3 aydır nazir müavini və rəis olan Ceyhun Həsənovun tərcümeyi-halına rast gəlmədilər.
Belə ki, justice.gov.az saytında "rəhbərlik”, "nazir müavinləri” kateqoriyalarında Ceyhun Həsənovun adına rast gəlinmir. Ən maraqlı mənzərə isə "penitensiar.justice.gov.az” saytında canlanır. Belə ki, bu saytın "rəhbərlik” bölməsində cəmi bir nəfərin ad, şəkil və tərcümeyi-halına rast gəlmək mümkündür: Hüseyn Ənvər oğlu Əlixanov (!).
Oxucularda sual yarana bilər ki, sözügedən qurumların mətbuat xidmətlərinin əməkdaşları üçün bu bölmələri yeniləmək nə qədər çətin olub? Olmaya, Əlixanovun simpatizanları hələ də Ceyhun Həsənovun Penitensiar Xidmətə rəis gəlməsi ilə barışa bilmirlər?
Ümid edirik ki, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəsmi saytlarındakı bu nöqsanlar tezliklə aradan qaldırılacaq. Çünki bu saytlar dövlət büdcəsindən maliyyələşir və onlara nəzarət edən şəxslər də buna görə dövlətdən maaş alırlar.