Kriminal

MTN-in həbs edilən polkovniki özünü asdı - Vəkili xəbəri təsdiqlədi (YENİLƏNİB)

20-12-2015, 20:59
MTN-in həbs edilən polkovniki özünü asdı - Vəkili xəbəri təsdiqlədi (YENİLƏNİB)Eldar Mahmudov MTN rəhbəri vəzifəsindən qovulandan sonra onun ifşa edilən cinayətkar dəstəsinin əsas üzvlərindən biri, MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həbsdə olan İlqar Əliyev təxminən 1 saat əvvəl intihar edərək özünü öldürüb.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qalıb.

APA-nın məlumatına görə, hazırda hadisə yerində müayinə aparılır. Ədliyyə Nazirliyi Penitensiar Xidməti faktla bağlı məlumat yayacaq.

Qeyd edək ki, İlqar Əliyevin barəsində oktyabrda Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi və Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.

***

İ. Əliyevin vəkili Rəşad Mirmehdizadə APA-ya açıqlamasında hadisə barədə mətbuatdan xəbər tutduğunu bildirib. Vəkil hazırda hadisənin baş verdiyi BİT-də olduğunu deyib.

***
20:40

"Mənə deyilən odur ki, deyəsən həqiqətən İlqar Əliyev ölüb”- bunu MTN-nin Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyevin vəkili Rəşad Mirmehdizadə Meydan TV-yə deyib.

O bildirib ki, hazırda Sabunçu rayonunda yerləşən Məhkəmə Tibbi Ekspertizasına gedir: "Yəqin ki, onun meyitini Sabunçu ərazisinə gətirəcəklər. Hazırda yoldayam, “morqa” gedirəm”.

***
Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.


APA-nın məlumatına görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları İ. Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında araşdırmaları davam etdirir.

Qeyd edək ki, bu gün İ. Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb.

Xatırladaq ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunmuşdu.

Administratorla əlaqə

077 611-55-22

[email protected]