İdman

AFFA Boks Federasiyasına qarşı

16-08-2016, 12:02
AFFA Boks Federasiyasına qarşı
Rio Olimpiadası bütün dünyada olduğu kimi, Azərbaycanda da gündəmin əsas mövzularındadı. Hər gün həyacanla idmançılarımızın çıxışını izləyir, ilk qızıl medalı hansı təmsilçimizin qazanacağını müzakirə edirik. Düzdü, böyük ümidlər bəslədiyimiz idmançılarımızdan ümidlərimizi doğrultmayanlar, bizi məyus edənlər də var. Amma yenə də sona qədər yarışları izləyib, gec-tez üçrəngli bayrağımızın yüksələcəyinə, uzaq Braziliyada himnimizin səslənəcəyinə inanırıq. 

Sözsüz ki, istər Olimpiadanın gedişində, istərsə də yarışlar bitdikdən sonra təmsilçilərimizin çıxışları və göstərdikləri nəticələr müzakirə olunacaq. Buraxılan səhvlərin qiyməti veriləcək. Məşhur idmançıların təbirincə desək, növbəti Olimpiadaya hazırlıq elə indiki Olimpiada bitən gündən başlamalıdı. Bu mənada nəticələrimizi yaxşılaşdırmaq, qazanılan medalların sayını və əyarını yüksəltmək üçün doğru analizə, peşəkar mütəxəssis və obyektiv jurnalistlərin rəyinə ehtiyac var.

Maraqlıdı ki, yaranmış vəziyyətdən öz şəxsi məqsədləri üçün istifadə edənlər, uğursuzluğa düçar olan idmançılarımız məqsədli şəkildə tənqid hədəfinə çevirənlər də tapılır. Azerisport.com saytında yer alan "Последнее место для Ровшана, или Чем боксеры занимались в США?” yazısını oxuyanda səslənən fikirləri müəllifin şəxsi düşüncəsi, uğursuzluqlara yanaşma tərzi, böyük ümidlər bəslədiyi idmançılara qınağı kimi qəbul etmək olar. Amma yazının sonunda yer alan vacib bir qeyd bu düşüncələrə əlyeri qoymur. Müəllifi açıqlanmayan yazının sonunda "Bu yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb” qeydi var. Bu nə deməkdi? AFFA hansı haqla başqa federasiyaların işindən bəhs edən yazılara dəstək verir, maliyyə ayırır? Belə davranışın adını nə qoymaq olar? Vaxtılə, Elxan Məmmədov bir neçə federasiyaya, həmçinin də Boks Federasiyasına  müraciət etdmişdi. Səbəb isə AFFA yanında Media Komitəsinə maaliyyə dəstəyinin verilməsi idi. Sözügedən federasiyadan rədd cavabı almışdı baş katib. 

Uzun müddətdi ki, AFFA tərəfindən idman mediasının inhisara alınmasına cəhdlər edilir, müxtəlif şirnikləndirici tədbirlər keçirilir. Deməli, bu siyasətin arxasında futbol qurumunu tənqidlərdən qorumaqla yanaşı, zaman-zaman uğurlarıyla seçilən, bununla da AFFA-ya gözdağı verən digər federasiyaları qaralama kampaniyası dayanırmış. İlk fürsətdəcə bu siyasətin iç üzü də açılmağa başlayıb. Yoxsa, vəzifəsi Azərbaycan futbolunun inkişafına çalışmaq, onu bataqlıqdan xilas etmək olan qurum boksçuların və güləşçilərin tənqid atəşinə tutulduğu yazıya niyə dəstək versin ki?

Məlum məsələdi ki, boks və güləş Azərbaycanda sayılıb-seçilən idman növlərindəndi. Müstəqilliyimizin ilk illərindən bu idman növlərində uğurlar qazanmışıq. Namiq Abdullayevlə başlayan zəfər yollumuzu digərləri davam etdirib, ölkəmizə neçə-neçə Olimpiya medalı, dünya və Avropa çempionluqları titulu məhz boksçuların və güləşçilərin sayəsində gətirilib. Acı reallıqdı ki, ölkə başçısının xüsusi proqram imzalamasına, illərlə böyük kapital ayrılmasına baxmayaraq futbolda nəzərəçarpan uğurlar qazanmaq mümkün olmayıb. Azərbaycan FIFA-nın reytinq sıralamasında "cırtdan” dövlətlərdən, "banan respublikalarından” belə arxada qalır. Sözüsüz ki, bütün bu "uğurlar” AFFA-nın yarıtmaz siyasətinin sayəsindədi. Belə yerdə adamın yadına "Öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır” məsəli düşür. 

AFFA-nın dəstəyi ilə qələmə alınmış həmin yazıda boksçulara və Boks Federasiyasına sual ünvanlanır ki, idmançılar Olimpiadadan əvvəl Koloradoda keçirilən təlim-məşq toplanışında nəylə məşğul olublar? Maraqlıdı ki, indiyə qədər AFFA böyük pullar hesabına milli komandamızı xarici ölkələrdə təlim-məşq toplanışlarına aparıb. İldə 1,2 milyon avro məvacib alan Robert Prosineçkinin çalışdırdığı komandamız martda belə toplanışdan sonra Antalyada Qazaxıstana uduzmuşdu. May ayında Avstriyada düzənlənən uzunmüddətli təlim-məşq toplanışı daha böyük fiaskoyla nəticələnmişdi. Prosineçkinin meydana buraxdığı futbolçular "cırtdan” dövlət Andorranın həvəskar futbolçulardan ibarət yığmasına qol vura bilməmişdilər. Sentyabrda millimizi daha bir "nəhəng” rəqiblə görüş gözləyir. Bu dəfə qarşımıza dağdan ağır San Marino çıxacaq. Qəribədi ki, bu qarşılaşmadan əvvəl Azərbaycan Premyer Liqasında 3 həftəlik fasilə veriləcək, 2 aydan çoxdu vətənində dincələn Prosineçki yetirmələrini bu "ağır” oyuna xüsusi proqramla hazırlayacaq. Maraqlıdı, boksçulardan haqq-hesab tələb edənlər, xaricdəki toplanışları yada salanlar, eyni məzmunlu sualları AFFA-ya da ünvanlayacaqlarmı? Daha maraqlısı odu ki, AFFA özünə ünvanlanan sualların əks olunduğu yazılara maddi dəstək verərmi?

Bəli, Olimpiadada zəif çıxışlarına görə bokçularımız da, güləşçilərimiz də, cüdoçularımız da tənqidlərin ən sərtinə layiqdi. Amma bu tənqidin sponsoru olmalı deyil!

Administratorla əlaqə

077 611-55-22

[email protected]