Siyasət

Nazir Azad Rəhimova ağır ittihamlara YAP-dan reaksiya

18-08-2016, 22:58

Akif Nağı "məhkəməyə versə, sözümün arxasındayam” dedi; erməniyə uduzan idmançımız və olimpiada çıxışımız barədə ikili fikirlər var; Siyavuş Novruzov: "Söyüş-təhqirlə məsələ həll olunmur” 

 

Rio-2016-da azərbaycanlı idmançıların uğursuz çıxışı gündəmin əsas mövzularından birinə çevrilib. İndiyə qədər bir qızıl belə qazanılmaması, xüsusilə yunan-Roma güləşçimiz Rəsul Çunayevin yarımfinalda erməni rəqibinə məğlub olması sosial şəbəkələr və mətbuatda ciddi müzakirələrə səbəb olub. 

Əsas tənqidi fikirlər isə gənclər və idman naziri Azad Rəhimovun ünvanınadır. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı öz feysbuq səhifəsində Çunayevin məğlubiyyətinin ardından A.Rəhimovu sərt tənqid edən status paylaşıb. Statusda bu fikirlər yer alır: "Bir neçə gün əvvəl yazmışdım ki, Azad Rəhimovu işdən azad edib, məsuliyyətə cəlb etmək lazımdır. Bu gün Çunayev  erməniyə uduzandan sonra fikrimi dəyişdim. Azad Rəhimovun dərisini soyub, cəmdəyini sabun bişirməyə göndərmək lazımdı. Mən olimpiada, dünya və Avropa çempionatlarında bizimkilərin erməni itlərinə uduzduqlarını görməmişdim. Hər halda, xatırlamıram. İndiki məğlubiyyət Azad Rəhimyanın xidmətidir”.


QAT sədrinin bu fikirləri sensasiya doğurub. Nazir barədəki sözlərinə görə onun məhkəməyə verilə biləcəyi barədə fikirlər dolaşır. A.Nağı "Yeni Müsavat”a açıqlamasında paylaşdığı statusun arxasında dayandığını söylədi: "Azad Rəhimov nazir kimi öz funksiyalarını icra edə bilmir. Bu yarışmada onun nazir olduğu illərdə fəaliyyətsizliyi üzə çıxdı. Olimpiada 4 ildən bir olur. Buna ciddi şəkildə hazırlaşmaq lazım idi. Bu, xalqın, dövlətin ciddi göstəricisidir. Orada bütün millətlər təmsil olunur. Qazaxların, özbəklərin necə uğurlu çıxışlarının şahidi oluruq. Əvvəldən ciddi hazırlığımız olmayıb. Əvvəlki olimpiada da nailiyyət qazanan idmançıların arxayınlaşdıqları göründü. Ölkədə idmançı yetişdirmək əvəzinə xaricdən idmançı gətirib milliləşdirirlər. Başqa ölkələrdə də bu tipli idmançılar olur. Amma onlar həmin ölkələrdə yaşayırlar, orada doğulublar. Tələm-tələsik birini gətirib Azərbaycan vətəndaşı edərək, idman yarışlarına çıxarmaq çıxış yolu deyil. Bu nöqsanlara öz reaksiyamı bildirdim. Düzdür, idmançıların da günahları var. Amma nəzərə almaq lazımdır ki, seçim nazirlik tərəfindən aparılır. Onlara nəzarəti nazirlik etməlidir. Erməni ilə Çunayev yarışmırdı. Sanki ona tapşırıq verilmişdi ki uduzmalısan. Bürünc medal üçün Rəsul koreyalı ilə görüşdü. Bir fəndlə təmiz qələbə qazandı. Elə bir erməni ilə görüşən Çunayev deyildi. O, ermənidən zəif deyildi, əksinə, daha güclü idi. Qəribə suallar meydana çıxır. Təşkilat rəhbəri, ictimaiyyət nümayəndəsi olaraq, öz narahatlığımı bildirirəm. Bunu araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Azad Rəhimovun ermənilərə sevgisini görmüşəm. Bir açıqlama vermişdi ki, çox təəssüf Azərbaycanda keçirilən yarışlara ermənilər gəlmirlər. O zaman bildirdim ki, deyəsən, o çaşıb. 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Oyunlarında ermənilərin iştirak etməyəcəklərindən Azad Rəhimov təəssüfləndiyini dilə gətirmişdi. O bilmir ki, ermənilər iştirak edə bilməzlər, ən azından müsəlman deyillər. Bu hallar rüsvayçılıqdır. Nazir bunlara cavab verməlidir. Onu məhkəməyə vermək fikrim yoxdur. Amma o məni məhkəməyə verərsə, o zaman fikirlərimi məhkəmədə əsaslandırmağa, müdafiə etməyə hazıram”.


YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov naziri tənqid edənləri qınadı: "Hazırda yarışma davam edir, idmançılarımızın iştirakı bitməyib. Bu günə qədər gümüş və bürünc medallarımız var. Arzu edək ki, qızıl medalımız da olsun. İdmandan anlayışı olanlar bilməlidirlər ki, bu bir yarışmadır, xüsusilə olimpiada idmanın nüvəsidir. Hər bir idmançı çalışır ki, orada uğur qazansın. Olimpiadaya düşən idmançı zəif olmur. İdmançı neçə mərhələdən keçəndən sonra olimpiadaya vəsiqə qazanır. Keçən yarışda Azərbaycan həm idmançıların, həm də məşqçilərin sayı baxımından yarışda uğurla iştirak etdi. Ölkəmizdə cənab prezidentin rəhbərliyi altında idmana çox böyük qayğı var. Avropanın ən aparıcı yarışları ölkəmizdə keçirilib. Bu idmanımızın göstəricisidir. Orada tamam başqa mühitdir. Burada psixoloji durum, qida, digər idmançıların vəziyyəti var. İdmançının görürsən ki, əhval-ruhiyyəsi yaxşı olur, nəticədə uğurlu çıxış edir, birdən də əksi oldu. İdmanda əhval-ruhiyyə çox önəmlidir. Qabaqcadan tənqidi fikir səsləndirmək, Azərbaycan idmanına kölgə salmaq düzgün deyil. Son illərdə idmanımızın bütün sahələri inkişaf edib. Olimpiadaya uzun mərhələlərdən sonra gəlib çıxmağın özü bir qəhrəmanlıqdır. Rəsul Çunayevin məğlubiyyətini bu qədər müzakirə etməyin tərəfdarı deyiləm. Fransa bir dəfə dünya çempionu futbolda oldu. Amma sonrakı çempionatda uduzdu, geri qayıdan zaman xalq oyunçuları gül-çiçəklə qarşıladı. Bir idmançı udanda onu qəhrəman edirlər, amma sonradan uduzanda başqa cür reaksiya verirlər. İdmanda güclülər vuruşur, burada psixoloji durum, əhval-ruhiyyə bəzən həlledici olur. İdmançı düşünür ki, udsam necə olacaq, uduzsam hansı rəylər formalaşacaq. Ona görə də bu proseslərə səbirlə yanaşmaq lazımdır. Kimin-kimlə qərəzi varsa, özləri aydınlaşdırsınlar. Ümumi idmanla bağlı fikirlərimi dedim. Nazirlə bağlı məsələyə toxunmuram. Amma bir insanı təhqir etmək doğru deyil. Əgər işində nöqsan varsa, bunu arqumentli şəkildə ortaya qoymaq lazımdır. Bir şəxsin təhqir olunması ümumiyyətlə yolverilməzdir. Əgər tənqid belə etmək istəyirlərsə, yenə də arqumentli şəkildə əsaslandırılmalıdır. Söyüş-təhqirlə məsələ həll olunmur”.



Qol.az saytının baş redaktoru Aydın Bağırov hesab edir ki, olimpiadaya yanaşma tərzi qüsurludur: "İdmanda idmançının milliyyəti olmur. Həmin gün üçün bir güclü, bir də ondan zəif idmançı olur. İki idmançı meydana çıxanda biri digərinin milliyyətini düşünəcəksə, artıq peşəkar kimi deyil, hisləri ilə hərəkət edəcək. Bu da onun uğur qazanmasına mane olacaq. Peşəkar idmançı meydana çıxanda ancaq idmanı və qələbəni düşünməlidir, rəqibin milliyətini deyil. Rəsul Çunayevi qınayırlar. O həmin mərhələyə qədər rəqibindən bir döyüş artıq keçirmişdi. Özü də ağır döyüşlər olmuşdu. Olimpiya çempionunu məğlub etmişdi. Yorğunçuluqdan əlavə, o, 6 kiloqram çəki salmış və olimpiadada 66 kiloqramda yarışırdı. Erməniyə məğlub olmasında təəccüblü heç nə görmürəm. Yarışlarda hər iki tərəfin bir-birilərinin üzərində qalibiyyətləri olub. Bu məsələni şişirtmək doğru deyil. Qızıl medalımızın olmaması ilə bağlı da tənqidlər var. Amma unutmayaq ki, qızıl medal qazanmaq şansımız hələ qalır. Əminəm ki, bu olacaq. Sərbəst güləşçilərimiz mübarizəyə başlayıblar ki, onlar daim ölkəmizə medallar gətirirlər. Boks yarışında iki idmançımız yarımfinaldadır. Onlardan final oyunu gözləyirik. Ən azı bundan sonra ümumilik iki qızıl medal qazanacağımıza inanıram”.

Gənclər və İdman Nazirliyinin ittihamlarla bağlı mövqeyini almağa çalışsaq da, mümkün olmadı. 

Cavanşir ABBASLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]