“Vergilər" mövzusunda tələbə və magistrantlar arasında 10-cu olimpiada keçirilib
Dekabr ayının 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkəmizin 15 ali məktəbinin 300-dək tələbə və magistrantının iştirak etdiyi, "Vergilər” mövzusunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş 10-cu olimpiada keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Universitetin foyesindəki büstü önünə gül dəstələri qoyaraq Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri olan ulu öndərin əziz xatirəsini yad ediblər.
Tədbiri giriş sözü ilə açan, UNEC-in rektoru Ədalət Muradov olimpiada iştirakçılarını salamlayıb, hər il Bakıdan və digər şəhərlərdən çoxlu sayda tələbə və magistrantın bu olimpiadaya qatıldığını vurğulayıb.
Tədbirdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov Vergilər Nazirliyi ilə UNEC-in birgə təşkil etdiyi bu Olimpiadanın artıq ənənə halını aldığını qeyd edib. Nazir müavini Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən insan resurslarının inkişafına xüsusi diqqət yetirildiyi barədə danışaraq, qəbul edilən dövlət proqramlarında, milli strategiyalarda və fəaliyyət planlarında dövlət orqanlarının əməkdaşlarının potensialının inkişaf etdirilməsinin əsas məsələlərdən biri olduğunu, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatına” keçidin əsaslarından biri kimi insan kapitalının inkişafının ön plana çəkildiyini qeyd edib.
Vergilər Nazirliyinin təbliğat və maarifləndirmə sahəsində təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi yer verdiyini vurğulayan S.Ələkbərov UNEC ilə birgə on ildir ki, keçirilən Olimpiadanın tələbələr arasında vergi sahəsində maarifləndirmə işlərinə böyük töhfə verdiyini qeyd edib. Bildirilib ki, vergi biliklərinə dərindən yiyələnmiş gənclərin vergi orqanlarında işə cəlb olunmasına xüsusi önəm verilir və əvvəlki Olimpiadalarda fəal iştirak etmiş onlarla gənc hazırda vergi orqanlarında uğurla çalışırlar.
UNEC ilə Tədris Mərkəzi arasında tədris-təcrübə mübadiləsinin aparılması haqqında Memorandum imzalandığını diqqətə çatdıran Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov iki qurum arasında əməkdaşlıq prosesindən danışıb,Olimpiadanın gedişi və qaydaları barədə iştirakçıları məlumatlandırıb.
UNEC-in "Maliyyə və maliyyə institutları” kafedrasının müdiri Əvəz Ələkbərov da Olimpiada iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb, Olimpiadanın tələbə və magistrantlarının vergi sahəsində biliklərinin formalaşmasına böyük fayda verdiyini qeyd edib.
Test üsulu ilə təşkil olunmuş olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanmış sualları kompyuter vasitəsilə onlayn rejimdə cavablandırıblar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunub. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə qiymətləndirilib.
Olimpiadanın nəticələrinə yekun vuran Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəhbəri Əli Həsənov və UNEC-in rektoru, professor Ədalət Muradov bütün iştirakçılara minnətdarlıqlarını bildiriblər, ən yüksək nəticə göstərmiş tələbə və magistrantların, həmçinin onların müəllimlərinin adlarını elan edərək, qalibləri təbrik ediblər.
Tələbələr arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünüb:
I yer(2 nəfər – eyni bal topladıqlarına görə):
Mehdiyev Mahir (Naxçıvan Dövlət Universiteti)
III yer Cəfərov Zeynalabdin (Naxçıvan Dövlət Universiteti)
Magistrantlararasında mükafata layiq yerlər aşağıdakı kimi bölünüb:
I yer Allahverdiyeva Mehri (UNEC)
II yer Əhmədov Vüsal (UNEC)
III yer Məmmədli Qənbər (Naxçıvan Dövlət Universiteti)
1-ci yeri tutmuş tələbə və magistrantların müəllimləri də xüsusi mükafata layiq görülüblər.