Əsas Səhifə / Siyasət
MSK-dan şok qərar: Çingiz Əsədullayevin mandatı alındı
18-11-2015, 05:13
90 saylı Ağdaş seçki dairəsinin nəticələri ləğv olundu; Eldar Mahmudovun qudasının rəhbərlik etdiyi “Azərqazbank”da əlindən alınır
Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 17-də keçirilən iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb və şok qərar qəbul edib.
90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyasından qeydə alınmış İlqar Vəliyev və bu dairədən deputatlığa namizədliyi qeydə alınmış Qalib Qarayev MSK-ya müraciət edərək həmin seçki dairəsində səsvermənin nəticələrinin ləğv edilməsini xahiş ediblər.
İclasda bildirilib ki, müraciət ekspert qrupu tərəfindən araşdırılıb və müraciətdə qeyd olunan şikayətlər öz əksini tapıb. Buna görə də MSK 90 saylı Ağdaş seçki dairəsində səsvermənin nəticələrini ləğv edib.
Qeyd edək ki, Ç.Əsədullayev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır. Nazirin işdən çıxarılmasından sonra Əsədullayevin mandat alması real görünmürdü. Amma onun adı noyabrın 1-dən sonra deputat seçilənlərin siyahısında vardı.
MTN şefinin vurulmasından sonra Çingiz Əsədullayevin Müşahidə Şurasının sədri olduğu “Azərqazbank”da yoxlamalar başlamışdı. Bildirilirdi ki, bu yoxlamalar Eldar Mahmudovun məsələsi ilə bilavasitə bağlıdır. Belə ki, bankda şübhəli hesabların olması barədə rəsmi qurumlarda məlumatlar olub. Məlumatda o da iddia olunurdu ki, əgər araşdırmalar hər hansı bir neqativ hal aşkar edərsə, “Azərqazbank”ın Müşahidə Şurasının sədri olan Çingiz Əsədullayevi heç də yaxşı perspektiv gözləməyəcək. O, mandatını itirməklə yanaşı, bankdan uzaqlaşdırılacaq, hətta istintaqa cəlb olunacaq.
Çingiz Əsədullayevin rəhbərlik etdiyi “Azəriqazbank” 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biri kimi tanınır. Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu. Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC “Azəriqazbank” ın 17.5% həcmində səhmlər paketinin sahibidir. “Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu 2008-ci ildən etibarən bankın 10% səhmlər paketinə malikdir. Hazırda bankın çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir.
“Yeni Müsavat”